Məhkəmə qərarları › İş №3(001)-4744/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4744/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4744/2024 23.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırılmışdır ki, 03 avqust 2024-cü il tarixdə saat 15 radələrində inzibati xəta ilə bağlı telefonuna SMS gəlmişdir. Elektron kabinetə daxil olub bunun nə ilə bağlı olmasını öyrənərkən məlum olmuşdur ki, bir gün əvvəl saat 19 radələrində “Hundai Sonata” markalı, **-MN-*** d.q.n. avtomobil tərəfindən 3 mikr. dairəsi adlanan ərazi yaxmlığnda İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati xəta törədilməsi ilə bağlı olduğunu görüb xəta saatına diqqət etdikdə məlum olmuşdur ki, 02 avqust 2024-cü il tarixdə saat 19-da həmin avtomobil onun tərəfindən idarə edilməmişdir. Belə ki, həmin vaxtdan bir saat əvvəl dostuyla birgə iaşə obyektində spirtli içki (pivə) qəbul etdiyindən obyektin müştərilərə xidmət edən işçisi tərəfindən “ayıq sürücü” çağırılmış, onun sürücülük vəsiqəsinin üzərində olmasını yoxlayıb, dostuyla sağollaşdıqdan sonra “ayıq sürücü” sükan arxasında, özü isə avtomobilin arxa oturacağına əyləşdikdən sonra “ayıq sürücü” avtomobili izah etdiyi istiqamətdə hərəkət etdirmişdir. Ona görə də, avtomobilin sükanı arxasında olmadığından tərəfindən inzibati xəta törədilməmişdir. Bu səbəbdən BDYPİ-nin həmin qərarı əsassız olduğundan, inzibati xəta törətmiş şəxsin kimliyi ilə bağlı şübhələr yarandığından məhkəməyə müraciət etmək üçün elektron qərarı və ona əlavə edilmiş fotoşəkilləri əldə etmişdir. BDYPİ-nin 03 avqust 2024-cü il tarixli, EQ22751777 saylı inzibati qərarına əlavə edilmiş fotoşəkillərə diqqət yetirdikdə xətanın qeydə alınması zamanı uyğunsuzluq, ziddiyyət (şübhələr) müəyyən edilmişdir. Belə ki, elektron qərara əlavə edilmiş 3 ədəd fotoşəkillərin birində avtobus zolağını bildirən nişan və zolağa daxil olmanı qadağan edən vaxt, digər şəkildə avtomobilin ümumi görüntüsü və üçüncü şəkildə avtomobilin arxa görüntüsü çəkilsə də, həmin fotoşəkillərlə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı göstərən nişanın yolun harasında quraşdırıldığı və hansı hissəsindən qüvvəyə mindiyi məlum deyil (görünmür). Avtomobilin ümumi görünüşü olan fotoda avtobus zolağı nişanı və ya həmin zolaqda asfalt üzərində “BUS” yazısı mövcud deyil, eləcə də bütöv düz xəttə paralel çəkilən qırıq-qırıq nişanlanma xətti avtomobillərin sağ zolağa daxil olmasını (manevr etməsini) qadağan etmir. Belə olan halda avtobus xəttini bildirən nişan yalnız avtomobil ilə birlikdə çəkildikdə nişanın qüvvəyə mindiyi yol hissəsini haradan başlandığını müəyyən etmək olardı. Ona görə də əlavə edilmiş fotoşəkillərlə nişanın qüvvəyə mindiyi yer bəlli olmadığında inzibati xəta ilə bağlı şübhələr yaranır. 02 iyul 2024-cü il tarixdə inzibati xəta törətmədiyindən barəsində əsassız olaraq elektron cərimə qərarı çıxarılmışdır. İnzibati xəta törədilməsi anında çəkilmiş fotoşəkillərdə “Hundai Sonata” markalı, **-MN-*** d.q.n. avtomobilin konkret kim tərəfindən idarə olunması məlum olmadığından xətanı və buna görə cərimə edilən şəxsin kimliyi ilə bağlı şübhələr yaranır. Qeyd etdiyi halların, yəni sürücünün kimliyi və avtobus zolağını bildirən nişanın yerləşməsi, fotoşəkillərə görə avtomobilin həmin nişanın qüvvəyə mindiyi sahəyə daxil olması ilə bağlı şübhələrin aradan qaldırılması və sübutun təqdim edilməsi vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşür. Bundan başqa müəyyən olunmuşdur ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilərkən inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulduğu da aşkar edilmişdir. Belə ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bir sıra kobud prosessual pozuntulara da yol verilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitənin (XTV) tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstərilməmişdir. Göründüyü kimi BDYPİ-nin elektron protokolu əsasında çıxarılmış elektron qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Ona görə də, barəsində BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 saylı inzibati tənbeh vermə haqqında elektron qərar xətanın kim tərəfindən törədilməsi ilə bağlı sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədən şəxsin kimliyi araşdırılmamış (sübut edilməmiş), qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Avtomobili ilə qeyd edilən xətanı “ayıq sürücü” qismində çağırılmış tanımadığı şəxsin törətdiyi ehtimal edilir, ona görə də barəsində İXMnin 327.1-1-ci maddəsi ilə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın düzgünlüyü ilə bağlı kifayət qədər şübhələr olduğundan BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 22751777 saylı elektron qərarı ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Odur ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətində göstərilənləri müdafiə edərək bildirmişdir ki, onun barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli qərar şübhələr əsasında qəbul edildiyini, heç bir sübuta istinad edilmədiyini, qeyd edilən vaxtda nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilmədiyini qeyd etmişdir. Bundan başqa qərara əlavə edilmiş şəkillərdə maşının kimin tərəfindən idarə edilməsinin görünmədiyini, eləcə də həmin fotoşəkil çəkilərkən nişanla birlikdə nəqliyyat vasitəsinin çəkilmədiyini qeyd edərək qanun pozuntuları ilə qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində “Hyundai Sonata” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, X3 şikayətində qeyd etmişdir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən nəqliyyat vasitəsi onun tərəfindən idarə edilməmişdir. Bununla da şübhələr əsasında qərar qəbul edilərək qanunvericiliyin bir sıra tələbləri pozulmuşdur. Bunlardan biri kimi inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitənin (XTV) tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstərilməmişdir. X1 şikayətində göstərdiyi xüsusatlarla məhkəmə razılaşaraq qeyd edir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22751777 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar