Məhkəmə qərarları › İş №3(001)-4751/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4751/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4751/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində idarə etdiyi Tucson markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi A.Hüseynov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkət edib, Məlikov adına xəstəxananın yanındakı yol ayrıcına çatıb idarə etdiyi avtomobili sağa döndərib hərəkət edən zaman Azadlıq prospektinə paralel yerləşmiş küçədə sol tərəfdən yüksək sürətlə gələn “Ford” markalı avtomobilin sağ yan tərəfi onun avtomobilinin qabaq sol tərəfinə dəyib toqquşdu. O, hadisə barədə DİN-nin 102 xidmətinə zəng mərkəzinə zəng edib məlumat vermişdir. Az sonra Binəqədi rayon DYPŞ-nin əməkdaşı Fərid Rzayev hadisə yerinə gəlib hadisə yerini müayinə etmiş və onları, yəni yol-nəqliyyat hadisəsində iştirak edən hər iki sürücünü izahat vermək üçün Binəqədi rayon dövlət yol polisi şöbəsinə dəvət etmişdir. Ondan idarədə izahatı “Seyid” deyilən şəxs almışdır. Həmin şəxsin idarədə rəsmi vəzifəsi yoxdur, qeyri rəsmi olaraq DYP əməkdaşlarına köməklik edir. O, izahatını verdikdən sonra Seyid hadisənin törədilməsində təqsirli olduğunu, ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişdir. O isə Seyid adlı şəxsə və həmin vaxt otağa daxil olmuş Fərid Rzayevə hadisənin eyni əhəmiyyətli yolların kəsişməsində baş verdiyini, yol ayrıcını keçmə qaydalarına uyğun olaraq “Ford” markalı avtomobil ona yol verməli idi, çünki onun idarə etdiyi avtomobil yol ayrıcında həmin avtomobildən sağda yerləşirdi. Yeri gəlmişkən onu da nəzərə çatdırır ki, bu sualı o, Fərid Rzayevə hadisə yerindən izahat vermək üçün gedərkən də vermişdir. O bildirmişdi ki, həmin yolun, yəni “Ford” markalı avtomobilin hadisədən əvvəl hərəkətdə olduğu yolun girişində baş yol nişanı var. O, şöbəyə gedərkən həmin yolun baş tərəfini nəzərdən keçirmiş, lakin hər hansı baş yol nişanı görməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib ediləndə də eyni sualı Fərid Rzayev və onun köməkçisinə vermişdir. Onlar hər ikisi əminliklə bildirmişlər ki, yolun girişində baş yol nişanı var, sadəcə o, diqqətlə baxmamışdır. O, deyilənlərə inanıb protokolu imzalamışdır. Şöbədən qayıdanda yenə həmin yolu, hətta yolun birləşdiyi Azadlıq prospektinin yol ayrıcından başlanan hissələrini nəzərdən keçirmiş, lakin hər hansı baş yol nişanına rast gəlməmişdir. Bundan sonra o, yenidən Fərid Rzayevlə əlaqə saxlamağa çalışsa da o, əlaqə saxlamaqdan yayınmışdır. Onun köməkçisinin yanına gedib yolda hər hansı baş yol nişanının olmadığını bildirdikdə isə, o, başqa bir əsassız dəlil gətirib həmin yolun prospektə əlavə yol olduğundan baş yol sayıldığını bildirmişdir. Yəni, “Ford” markalı avtomobilin hərəkətdə olduğu yol Azadlıq prospektinə əlavə yoldur, Azadlıq prospektinin həmin hissəsinə aid olan yol nişanları, o cümlədən baş yol nişanı həmin yola da şamil edilir. Bu dəlilin heç bir əsası olmasa da, Azadlıq prospektinin həmin hissəsi svetoforla tənzimləndiyindən həmin yolda baş yol nişanı qoyulmamışdır. Onun iştirak etdiyi yol-nəqliyyat hadisəsi nizamlanmayan eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında baş vermişdir. Bu formada olan yolayrıcını keçmə qaydaları Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənmişdir. Həmin qanunun 77-ci maddəsinin İİİ-hissəsinə görə eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. İstinad olunan qanunun tələbinə görə yolayrıcında o, soldan gələn “Ford” markalı avtomobilə münasibətdə yolayrıcını keçməkdə üstünlüyə malik olduğundan yolayrıcını birinci keçməli idi, “Ford” markalı avtomobil isə ondan sağda yerləşdiyini nəzərə alıb ona yol verməli idi. Beləliklə də, DYPŞ-nin əməkdaşı, polis leytenantı X2 gəldiyi nəticə işin hallarına uyğun olmadığı üçün onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar məhkəmə qaydasında ləğv edilməsini və yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın məhkəmə qaydasında ləğv edilməsini və yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinə “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in ona çatdırılmasına baxmayaraq, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inizbati təbeh vermə haqqında qərardan görünür ki, X5 “HYUNDAİ TUCSON” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 327.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinin sxemindən görünür ki, Tucson markalı avtomobil A.Hüseynov küçəsi ilə hərəkətdə olarkən, yol ayırıcından avtomobili sağa döndərib hərəkət edən zaman paralel küçədən gələn “Ford” markalı avtomobillə toqquşmuşdur. Məhkəmə şikayəti ona əlavə olunmuş materiallar, hadisə yerinin sxemi və fotoşəkilləri ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli -əxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən Binəqədi RPİ DYPŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır.Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən X5 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsiri olubolmaması kifayət qədər araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar