Məhkəmə qərarları › İş №3(001)-4772/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4772/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4772/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Xocavənd rayonu, Xocavənd qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Vətən firmasında sürücü işləyən, Ağdam rayonu, Muradbəyli sahəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru polis kapitanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024–cü il tarixində saat 01:00 radələrində DİN-nin 102 xidmətinə daxil olmuş şikayət əsasında müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində X2 ilə mübahisə etmişdir. X1 şikayəti əsasında Şəxs polis bölməsinə dəvət edilmiş və müvafiq araşdırma nəticəsində onun barəsində İXM 510-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024–cü il tarixində saat 00:30 radələrində Cəfər Xəndan küçəsində maşınında yatarkən əvvəllər qeyri rəsmi yaşadığı X2 maşınına yaxınlaşıb onu oyadaraq söyüb təhqir etmiş və bunun nəticəsində onlar arasında mübahisə baş vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə ancaq sözlə baş vermiş, Gülbənizə qarşı hər hası zor tətbiq etməmişdir. Mübahisə zamanı ətrafda heç kim olmamışdır. Özünü təqsirli bilmədiyini, heç bir xırda xuliqanlıq hərəkətinə yol vermədiyini qeyd edərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, Şəxs ilə 10 il qeyri rəsmi birlikdə yaşamışlar. Uşaqlarını saxlamaqda çətinlik çəkir. 5 il əvvəl Şəxs onu tərk etməsinə və münasibətləri bitməsinə baxmayaraq o evdə olmadığı vaxt yaşadığı mənzilə gəldiyi üçün qonşular ona irad bildirmişlər. Buna görə də 11 avqust 2024-cü il tarixdə Mübarizi maşında yatdığı yerdə gördüyü üçün özünü saxlaya bilməmiş və onu çağıraraq onun evinə niyə gəldiyini, orda maşının içində niyə yatdığını soruşmuş və bunun nəticəsində də mübahisə baş vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə zamanı ətrafda heç kim olmamış, sadəcə 102-yə zəng edib Şəxs onun evinə gəlməsi ilə bağlı şikayət etmiş, mübahisəni isə bilavasitə özü başlatmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə əsassız inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd olunan hadisə zamanı zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maşında yatdığı vaxt ona yaxınlaşaraq onu söyüb-təhqir etməklə mübahisə yaratmış və bunun nəticəsində onlar arasında sözlü mübahisə davam etmişdir. Daha sonra zərərçəkmiş şəxsin onun Mübariz Əəliyevin onun evinə gəlməsi ilə əlaqədar polisə şikayəti nəticəsində Şəxs polsi bölməsinə dəvət edilmiş və onun barəsində xırda xuliqanlıq törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində isə ictimai qaydanın pozulması ifadə olunmur. Şəxs tərəfindən hadisə zamanı qeyri-etik söz işlədilməsi ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksinin pozulmasına yönələr hərəkət kimi qiymətləndirilə bilməz. Nəzərə alındıqda sonuncu maşında yatarkən zərərçəkmiş şəxs gələrək onun ünvanına nalayiq ifadələr işlətmiş və buna görə də onlar arasında sözlü mübahisə baş vermişdir. Məhkəmə hesab edir ki, Şəxs X2 ilə ailə-məişət məsələsi üstündə sözlü mübahisə etməsi xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsiri müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar