Məhkəmə qərarları › İş №3(001)-4783/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4783/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4783/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Türkmənistan Respublikası, Aşqabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4698/2022 qətnaməsinə əsasən Zərərçəkmiş şəxs uşağı, 13 noyabr 2018ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olma hüququ təmin edilmiş, X3 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-dək, Yeni il və Novruz bayramlarının birinci günü saat 10:00-dan saat 18:00-dək müəyyən edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4698/2022 icra sənədi üzrə Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmidir. İlk 6 ayda uşaq anasının iştirakı ilə icra şöbəsində atası ilə görüşdürülmüşdür. Sonradan isə Şəxs hər dəfə müxtəlif bəhanələrlə uşağın atası ilə görüşünə şərait yaratmamış, görüşlərin uşağa psixoloji təsir etdiyi bildirmiş, onun qanuni tələblərini icra etməmişdir. Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 10 həftədir ki, görüş baş tutmur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən oğlu X3 ilə Zərərçəkmiş şəxs ünsiyyət hüquq təmin edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra o, uşağı atası ilə icra şöbəsində görüşdürmüşdür. Lakin uşağı atası ilə tək görüşüb qayıtdıqdan sonra, ona bildirmişdir ki, atası onun təbii ehtiyaclarının qarşılanması ilə maraqlanmır. Həmçinin atası uşağın qidalanmasını da düzgün təşkil etməmişdir. Uşağın bağırsağında problemi var, düzgün qidalanmayanda ağrıları olur. Zərərçəkmiş şəxs ondan qəyyumluq komissiyasına şikayət edərək guya onun uşağa təsir göstərdiyini bildirmişdir. Aprel ayında uşağı artıq atası ilə görüşmək istəmədiyini, qorxduğunu bildirmişdir. O, bunun səbəbini uşaqdan soruşduqda sonuncu atasının onunla həkim oyunu oynadığını, bundan xoşu gəlmədiyini demişdir. O, icra məmuruna da bu barədə məlumat vermişdir. Atası uşağın yalan danışdığını bildirmişdir. Buna baxmayaraq o, uşağı yenə də görüşə aparmışdır. Uşaq görüşdən qayıtdıqdan sonra telefonda atasının çılpaq şəkillərini gördüyünü demişdir. O, bu barədə Zərərçəkmiş şəxs soruşduqda sonuncu telefonda şəkillərini özü üçün çəkdiyini etiraf etmişdir. Buna görə də o, ekspertiza təyin edilməsini xahiş etmişdir. Çünki qarşı tərəf uşağın yalan danışdığını deyir, o, isə uşağına inanır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, uşaq özü atası ilə görüşmək istəmədiyinə görə görüşlərə aparmamışdır. Bu barədə də telefonda icra məmuruna məlumat vermişdir. Uşağın atası ilə görüşməsi normal inkişafına mənfi təsir göstərir, o, bununla bağlı ekspertiza keçirilməsini icra məmurundan xahiş etmişdir. O, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 2024-cü ilin aprel ayının 13dən hazırki vaxtadək uşağını görə bilmir. Fevral ayında onun tərəfindən qəyyumluq komissiyasına müraciət olunmuşdur. Uşaq anasının təsirlərinə görə sosiallaşa bilmir. O, uşağı şəhərində müxtəlif yerlərində olan parklara, əyləncə mərkəzlərinə aparmışdır. O, heç vaxt uşağı ac saxlamamışdır. O, uşağın bütün təbii ehtiyaclarını qarşılamışdır. O, qəyyumluğa müraciət etməmişdən əvvəl 3 həftə anası uşağı görüşlərə gətirməmişdir. Bu hərəkətləri Şəxs qərəzli olaraq edir, çünki uşağın onunla yaxşı vaxt keçirməsini istəmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4698/2022 nömrəli icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs uşağı, 13 noyabr 2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olma hüququ təmin edilmiş, X3 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-dək, Yeni il və Novruz bayramlarının birinci günü saat 10:00-dan saat 18:00-dək müəyyən edilmişdir. \ xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(001)-4698/2022 icra sənədi icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4698/2022 icra sənədi üzrə Şəxs icra məmurunun tələbini səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs icra sənədinə əsasən uşağın atası ilə görüşməməsinin uşağın görüşdən imtina etməsinə görə baş tutmadığını, uşağı görüşə məcburi qaydada aparmaq istmədiyini bildirmişdir. Bundan əlavə Şəxs uşağın atası ilə görüşməsinin uşağın normal inkişafına mənfi təsir göstərdiyini, bununla bağlı ekspertiza keçirilməsini istədiyini qeyd etmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar