Məhkəmə qərarları › İş №3(001)-4787/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4787/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4787/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 avqust 2024-cü il tarixdə “Hundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə hərəkət etdikdən bir müddət sonra guya İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan xəta törətməyi barədə mobil telefona məlumat daxil olmuşdur. Elektron kabinet vasitəsi ilə daha geniş məlumat əldə edərkən orada avtomobilin digər avtomobillər arasında ümumi görüntüsü barədə foto və avtomobilin ön görüntüsü fotosu yerləşdirilmişdir. Həmin fotolarda ərazidə surət limitinin 50 olmasını sübut edən (təsdiq edən) 3.24 nişan mövcud deyil, surət limitini bildirən həmin nişanın yolun hansı hissəsində yerləşməsi, haradan qüvvəyə minməsi, avtomobilinin bu nişanın təsiri hissəsi zonasında hərəkət etməsi, DYP avtomobilinin 3.24 nişanına münasibətdə hansı məsafədə dayanıb xüsusi texniki vasitə olan smart radardan istifadə etməsi sübut edilmir, əlavə olaraq yerləşdirilmiş fotoşəkillərdə avtomobilin qeydiyyat nömrəsində ziddiyyət və uyğunsuzluq olaraq 10N898 motosiklet nömrəsi (!) kimi sənədləşdirilmişdir. Fotoşəkildə eyni zamanda 10-dan çox avtomobilin hərəkət etdiyi görünür, həmin ərazidən hər gün bir neçə dəfə keçdiyindən və surət limiti nişanları barədə məlumatlı olduğundan buna həmişə nəzarət etmişdir. Odur ki, hərəkət zamanı surət limitinə əməl edərək avtomobilini saatda 50 km surətlə idarə etmişdir. 10-dan çox avtomobilin hərəkəti zamanı smart radar vasitəsi ilə əks yol ilə hərəkət edən məhz ona məxsus avtomobili ilə surət limitinin aşması inandırıcı olmamaqla həqiqəti əks etdirmir. Belə olan halda fotoşəkildə qeyd edildiyi kimi, eyni zamanda əlavə edilmiş videogörüntüyə görə guya surət limiti saatda 50 km olduğu ərazidə saatda 69 km surətlə hərəkət etməklə İXM-nin 328.1-ci maddəsi ilə xəta törətməyi barədə əlavə edilən foto-video material şübhəli və ziddiyyətli olmaqla mötəbər sübutlara təsdiq edilmir. Ona görə də barəsində çıxarılmış qeyd edilən elektron qərar qanuni və əsaslı sayıla bilməz. Şəxs inzibati xəta törətməsi ilə razılaşmadıqda barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib- törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə inzibati xətanın tərəfindən törədilməsində şübhələr yaranır. Şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol və qərar tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bu, İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir: belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bundan başqa, qəbul ediləcək qərarın qanuni və ədalətli olmasına əsas yaradan və iş üçün əhəmiyyətli olan aşağıdakı hallar da araşdırılmalı və BDYPİ tərəfindən sübuta yetirilməsi (smart radarla bağlı sübut əhəmiyyətli sənədlər təqdim edilməlidir) zəruridir. İnzibati işdən görünür ki, BDYPİ tərəfindən inzibati icraat aparılarkən qanunun tələblərinə tam əməl edilməmişdir. Qeyd edilənlərə əsasən ziddiyyətli və şübhəli məqamları aradan qaldırmaq üçün yuxarıda göstərilən Qanunlar, tələblər və normativ sənədlər təqdim edilməli, ölçmə vasitəsi olan mobil radar qurğu ilə bağlı şəhadətnamənin qanunamüvafıq verilib-verilməməsi, onun "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 8.10-cu bəndində qeyd edilən inzibati prosedurlara riayət edilməklə verilməsinə və Sertifikat blankının nömrəsi "Ölçmə vasitələrinin dövlət reyestrinin qeydiyyat kitabı"na qeyd edilməsinə dair müvafiq sənədlər BDYPİ tərəfindən sübut kimi məhkəməyə təqdim edilməlidir. Ərazidə surət limitinə əməl etdiyi halda smart radar vasitəsi ilə texniki səhv və ya texniki xəta olaraq barəsində İXM-nin 328.1-ci maddəsi ilə əsassız cərimə tətbiq edilmişdir. Odur ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən İXMnin 328.1-ci maddəsi ilə cərimə edilməyi barədə EQ 22948122 saylı, 13 avqust 2024-cü il tarixli inzibati elektron qərar ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edib məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Fətəlixan Xoyski prospektind “Hyundai Sonata minik” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 19 km\saat həddində aşmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, X3 müraciətində barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotolarda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın səhv qeyd ediliyini, fotolarda ərazidə sürət həddinin saat 50 km. olmasını göstərən nişanın görünməməsini, texniki səhv və ya texniki xəta olaraq barəsində əsassız yerə cərimə tətbiq edildiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X2 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir. Digər tərəfdən səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22948122 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar