Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4789/2024 22.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Xəqani Əliyevin, zərər çəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Qusar rayonu, Xurəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, Xəqani Əliyev izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1793/2005 saylı icra sənədinə əsasən Şəxs əmək haqqı və bütün gəlirlərinin 1/3 hissəsi xx.xx.1992-ci il təvəllüdlü Səidənin, xx.xx.2001-ci ildə anadan olan Ayselin saxlanılması üçün xx.xx.2005ci ildən başlayaraq uşqalar həddi-buluğa çatanadək ailment olaraq X2 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Hal-hazırda icra sənədi üzrə Şəxs heç bir ödəniş etməmişdir. Onun barəsində axtarış verildiyini və polis əməkdaşları tərəfindən tutularaq şöbəyə gətirildiyini qeyd etmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında qeyd etmişdir ki, Şəxs tərəfindən X2 aliment borcundan 1000 manat ödənilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasının zəruriliyini dərk edir. Hazırki aliment borcunu ödəməkdən yayınmır, işləmədiyi üçün alimenti ödəyə bilmir, ona vaxt verilərsə ödənişlər edəcəyini qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında qeyd etmişdir ki, zərərçəkmiş şəxsə aliment borcundan 1000 manat ödəniş etmiş və qalan borcu da 2-3 ay ərzində tam ödəyəcəyinə söz vermişdir. Uzun illər ərzində X3 ilə əlaqəsi olmamış, bu müddət ərzində də ondan heç kimin aliment tələb etmədiyini bildirmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında zərər çəkən şəxs X3 izahatında bildirmişdir ki, icra sənədi üzrə Şəxs ona 16000 manatdan çox borcu var, lakin aliment biorcundan 7000 manat aliment ödəniş etsə digər borcu tələb etməyəcəkdir. Şəxs aliment borcundan ödəniş etməyə söz verməsini nəzərə alaraq ona vaxt verilməsini və məhkəmə iclasının bununla bağlı təxirə salınmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Şəxs 7000 manat borcu tam ödəyəcəyinə söz verdiyini, lakin onun tərəfindən aliment borcundan 1000 AZN ödənildiyini qeyd etmişdir. İllərlə Şəxs aliment borcu ilə bağlı müraciət etmiş, lakin o, heç bir ödəniş etməmişdir. İllərlə aliment borcunun ödənilməsini gözləmək fikri olmadığını, 1 ay ərizndə ödəniş olacağı təqdirdə razılaşa biləcəyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1793/2005 saylı icra sənədinə əsasən Şəxs əmək haqqı və bütün gəlirlərinin 1/3 hissəsi xx.xx.1992-ci il təvəllüdlü Səidənin, xx.xx.2001-ci ildə anadan olan Ayselin saxlanılması üçün xx.xx.2005ci ildən başlayaraq uşqalar həddi-buluğa çatanadək ailment olaraq X2 ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1793/2005 saylı icra sənədinə əsasən icraata başlanmış, həmin qərar xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli zərər çəkən şəxs X3 tərəfindən yazılmış qəbzdən görünür ki, Şəxs tərəfindən aliment borcundan 1000 AZN ödənilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1793/2005 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, 2005-ci ilə aid icra sənədi üzrə icraata xx.xx.2024-cü ildə başlanmılmış, həmin icra sənədi barədə tələbin könüllü icrası barədə məlumat Şəxs xx.xx.2024-cü il tarixdə verilmiş və ondan bu müddət ərzində olan, ödənilməmiş alimentin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, tələbin könüllü icrası barədə məlumat aldıqdan 3 ay keçməmiş, həmçinin zəruri icra hərəkətləri həyata keçirilməmiş Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla yanaşı, məhkəmə iclasında zərər çəkmiş şəxsə aliment borcundan Şəxs tərəfindən 1000 Azn ödəniş etmiş, bununla bağlı zərərçəkmiş şəxs məhkəməyə qəbz təqdim etmişdir. Eyni zamanda aliment borcunun məbləği səlahiyyətli orqan tərəfindən dəqiq müəyyən edilməmiş, tələbkar şəxs şifahi qaydada 16000 manatdan çox aliment borcunun olduğunu və həmin borcdan 7000 manat ödənildiyi halda qalan borcu tələb etrməyəcəyini bildirmişdir. Bundan başqa tələbkar aliment borcunu indiyədək dəfələrlə tələb etməsini bildirsə də iş materiallarında bununla bağlı hər hansı sübut mövcud deyildir. 2005-ci ildən aylıq ödənişlər şəkilində tutulmalı olan aliment borcunu 9 ildən sonra birdəfəyə ödəniş şəkilində tələb edilməsinə görə həmin vəsaiti maddi imkansızlıq səbəbindən ödənilməməsi həmin icra sənədinin icrasından qərəzli şəkildə yayınma kimi qiymətləndirilə bilməz. Eyni zamanda barəsində icraat aparılan Şəxs həmin aliment borcundan 1000 manat ödəniş etməsi onun icra sənədini üzrsüz səbəbdən icra etməməsini istisna edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4789/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4789/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver