Məhkəmə qərarları › İş №3(001)-479/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-479/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-479/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC, Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C, VÖEN **********, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 221.1 və 452.3-cü maddələri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 baş direktor müavini X12 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 28 yanvar 2022ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın yanında yerləşən Şəxs MMC-ə məxsus pərakəndə satış obyektində 28.01.2022-ci il tarixdə dövlət qeydiyyatından keçməyən və sertfikatı olmayan dərman vasitələri aşkar olunmuşdur. Bu fakt Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 46 nömrəli 28 yanvar 2022-ci il tarixli plan üzrə (növbəti) yoxlama aktı ilə təsdiq edilmişdir. Nəticədə «Zeytun Pharmaceuticals” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 28 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Deyilənlərin nəzərə alınaraq Şəxs MMC-nin cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs-Şəxs MMC-nin nümayəndəsi X13 məhkəməyə yazılı etiraz təqdim edərək və etirazın məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Cəmiyyətin ünvan 1 ünvanında yerləşən apteki barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X5 tərəfindən aparılan yoxlama zamanı 28.01.2022-ci il tarixli, 46 saylı yoxlama aktı tərtib edilmişdir. Həmin yoxlama aktında 9 növ dərman və qeyri-dərman məhsulları qeyd edilmişdir. Həmin məhsullardan 3-ü yəni Ambroksol 30 mg N20, Aktivləşdirilmiş kömür 250 mg N10 və Natrium xlorid 200 mg məhsulları barədə AR İXM-nin 452.3-cü maddəsi, qalan 6 növ yəni Naftalan məlhəmi, Diklofenak N5, Konazol, Krestor N20 və Salbutamol (8 və 9-cu məhsullar eynidir) məhsulları barədə isə Azərbaycan Respublikasının İXM-nin 221.1-ci maddəsi üzrə inzibati tövsif edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 452.3-cü maddəsi üzrə nəzərdə tutulan Ambroksol 30 mg N20, Aktivləşdirilmiş kömür 250 mg N10 və Natrium xlorid 200 mg məhsulları barada onu qeyd edə bilərlər ki, Ambroksol 30 mg N20 barədə AR SN-nin X3 09.02.2022-ci il tarixli, 532347 saylı uyğunluq sertifikatı mövcuddur. Yoxlama aparılarkən Azərbaycan Respublikasının SN-nin X5 tərəfindən sadaladıqları bu hüquqi faktlar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 221.1-ci maddəsinin tövsifi üzrə həmin maddədə qeyd edilir ki, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obvekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Bu maddədə qeyd edilən inzibati xəta əlamətlərinin tam əksinə olaraq əminliklə məhkəməyə təqdim edəcəkləri sübutlara və faktlara əsasən cəmiyyətin keyfiyyətli, normativ-texniki sənədlərin tələblərinə cavab verən, mənşəyi məlum olan, yararlılıq müddəti bitməyən və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələb olunan dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin satışı ilə məşğuldur. Belə ki, İXM-nin 221.1-ci maddəsi üzrə nəzərdə tutulan Naftalan məlhəmi məhsulu barədə onu qeyd edə bilərlər ki, bu məhsul dərman məhsulu deyil, gigiyenik məhsulu hesab edilir və bu barədə də Azərbaycan Respublikasının SN-nin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 09.02.2021-ei il tarixli, AZ 031014 saylı gigiyenik sertifikatı mövcuddur. Yoxlama aktında digər gigiyenik məhsul kimi Konazol adlı vasitə qeyd edilir ki, bu məhsulun da də Azərbaycan Respublikasının SN-nin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 08.02.2021-ci il tarixli, AZ 031RSK0966 saylı gigiyenik sertifikatı mövcuddur. Yoxlama aktının 8 və 9- cu sırasında eyni dərman vasitəsi kimi Salbutamol qeyd edilmişdir ki, bu dərman məhsulu da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və təqdim edilmiş 21-01111 saylı qeydiyyat vəsiqəsi mövcuddur. Yerdə qalan iki dərman məhsullarından Diklofenak N5 və Kreslor N20 dərman məhsullarıdır ki, bunlar da aptekin operator vəzifəsində çalışan əməkdaşı X7 xəstəliyi ilə əlaqədar həkim resepti əsasında qəbul etdiyi dərman vasitələridir. Deyilənləri nəzərə alınaraq Şəxs MMC barəsində tərtib edilmiş inzibati protokol qismən təmin edilərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi hissəsində inzibati icraata xitam verilməsini və 452.3-cü maddələri üzrə də ən aşağı həddə inzibati tənbeh müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs-Şəxs MMC-nin nümayəndəsi X2 digər nümayəndə X13 ilə oxşar məzmunlu izahat verərək Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi hissəsində inzibati icraata xitam verilməsini və 452.3-cü maddələri üzrə də ən aşağı həddə inzibati tənbeh müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X14 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın yanında yerləşən Şəxs MMC-ə məxsus aptekdə operator işləyir. Diklofenak N5 və Kreslor N20 xəstəliyi ilə əlaqədar həkim resepti əsasında qəbul etdiyi dərman vasitələridir. Həmin dərman vasitələrindən indiyə kimi ağrısı olanda istifadə edir. O, həmin dərman vasitələrini iş yerində də saxlayır, özü ilə də gəzdirir. Həmin dərman vasitələrini başqa aptekdən əldə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 28 yanvar 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın yanında fəaliyyət göstərən aptekində Səhiyyə Nazirliyi tərəfindən plan üzrə (növbəti) yoxlama keçirilərkən dövlət qeydiyyatından keçməyən və sertfikatı olmayan dərman vasitələri aşkar olunmuşdur. 28 yanvar 2022-ci il tarixli əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) 46 nömrəli yoxlama aktından görünür ki, Şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın yanında fəaliyyət göstərən obyektin lisenziyası 02.10.2006-cı il tarixli əmri ilə alınmışdır. Dövlət qeydiyyatından keçməyən və sertfikatı olmayan dərman vasitələrinin satışı aşkar edilərək inzibati xəta haqqında cərimə protokolu tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 17.01.2022-ci il tarixli 26 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714-İVQ nömrəli qanununa əsasən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın yanında yerləşən aptektin fəaliyyətinin yoxlanılması məqsədilə, 28.01.2022-ci il tarixdə AEM-nin Əczaçılıq müfəttişliyi şöbəsinin baş müfəttişi X11 və AEM-nin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi X15 tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi əsasında Şəxs MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı evdə yerləşən aptektdə aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 Baş X1 tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 27 saylı binanın yanında yerləşən aptektdə aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmişdir. DV 21-01111 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Salbutamol-Teva dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır. 14.10.2021-ci il tarixli reseptdən görünür ki, N.Nuriyevə Diklofenak və Krestor dərman vasitələri yazılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama - risk qiymətləndirilməsi sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 17.1-ci bəndinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.2-ci bəndinə görə yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir: 17.2.1. qərarın nömrəsi və tarixi; 17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 17.2.4. yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı; 17.2.5. yoxlamanın növü; 17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi; 17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri. 17.3-cü bəndinə görə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə görə bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-ə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-ə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, yoxlama aktı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 221.1 və 452.3-cü maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, yoxlama aktında qeyd edilən dərman vasitələrindən yalnız Salbutamol-Teva adlı dərmanın qeydiyyat vəsiqəsi mövcuddur. Konazol və Naftalan yağının dərman vasitəsi olmamasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Diklofenak N5 və Krestor N20 dərman vasitələrinin isə Şəxs MMC-ə məxsus aptekdə operator işləyən X7 qəbul etdiyi dərman vasitələri olması isə iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 26.2-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMCnun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Həmçinin məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-in 26.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, qərara aldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri (Ambroksol 30 mg N20, Aktivləşdirilmiş kömür 250 mg N10, Natrium xlorid 0,9 %, 200 ml N1, Naftalan məlhəmi 15q N1, Diklofenak 75 mg, 3 ml N5, Konazol 2% 100 ml N1, Krestor 20 mg N28 və Salbutamol 200 doza, 100 mkg/doz N1) müsadirə edilməklə 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar