Məhkəmə qərarları › İş №3(001)-4793/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4793/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4793/2024 25.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qəfqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X3, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına X2 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. X4 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, o, icarəyə götürdüyü Ford Transit markalı 99OB407 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Binəqədi rayonu, Baksol yolundan Azadlıq prospektinə dönərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılaraq barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra kameraya baxılarkən yaşıl işıqda keçdiyi halda ona cərimə yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən də Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Ford Transit markalı 99OB407 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Binəqədi rayonu, Baksol yolundan Azadlıq prospektinə sola dönərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış və ona cərimə yazıldığını bildirmişdir. Dönmə hərəkəti zamanı svetoforun yaşıl işığının yandığını bildirərək heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Birinci yol ayrıcını keçdikdən sonra svetoforu keçmişdir. Sveteoforda düzünə və sağa hərəkət olmasını gördüyünü, lakin sola döndüyünü qeyd etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, X1 Transit markalı 99OB407 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Binəqədi rayonu, Baksol yolundan Azadlıq prospektinə dönən zaman nizamlayıcının düzünə və sağa hərəkət barədə nişanının tələbini pozaraq sola dönmüşdür. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli 100 manat məbləğində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərarın əsaslı olduğunu qeyd edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 Transit markalı 99OB407 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün barəsində protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, X1 Transit markalı 99OB407 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən svetoforu keçdikdən sonra düzünə və sağa hərəkət edilməli olan yolda sola döndüyü görünür. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Məhkəmədə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə saat 13:23-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində idarə etdiyi Ford Transit markalı 99OB407 dövlət qeydiyyat nişanlı avtomobili ilə svetoforun sağa və düzünə hərəkət barədə işarəsi olmasına baxmayaraq sola dönməklə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal şikayət vermiş şəxsin öz izahatı, inzibati xəta haqqında protokol və videogörüntü ilə təsdiq edilmişdir. Belə ki, şikayətçi məhkəmə iclasında verilmiş suala cavab olaraq “Sveteoforda düzünə və sağa hərəkət olmasını gördüyünü, lakin sola döndüyünü” qeyd etmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də müəyyən edilir ki, X1 Transit markalı 99OB407 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən svetoforu keçdikdən sonra düzünə və sağa hərəkət edilməli olan yolda sola dönür. Azərbaycan Respublikası Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin İV hissəsinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. Həmin maddənin V hissəsinə əsasən svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə svetoforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir. Həmin maddənin Vİ-İ hissəsinə əsasən svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilmiş svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılmış 5.53 nişanı bu yolayrıcında svetoforun siqnalından asılı olmayaraq bu Qanunun 76-cı maddəsinin İİ hissəsinin tələblərinə və həmin manevrin qaydalarına riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə araşdırması zamanı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində göstərilmiş əsasların mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Binəqədi rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhəri Binəqədi rayon X11 X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon X11 X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar