Məhkəmə qərarları › İş №3(001)-4794/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4794/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4794/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə rəisi, baş leytenantı X3, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Balakən rayonu, Tülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan və Bakı şəhəri, DSK yolu, YYM ünvanında kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonu, DSK adlanan ünvanda yerləşən “Ləziz Dad” restoranında işləyən zaman X9 məxsus 400 manat dəyərində qab-qacağı oğurlamaqla xırda talamağa yol vermişdir. Bu əməli ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə rəisi, baş leytenantı X5 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonu, DSK adlanan ünvanda yerləşən “Ləziz Dad” restoranında işləyən zaman X9 məxsus 400 manat dəyərində qab-qacağı oğurlamaqla talamışdır. Belə ki, qeyd edilən faktlar Şəxs və X7 izahatı ilə təsdiq edilir. Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs barəsində İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Hal-hazırda, o, həmin protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X12 bildirdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, DSK adlanan ünvanda yerləşən “Ləziz Dad” restoranını Şəxs icarəyə vermiş, daha sonra aralarında problemlər yarandığından o, obyekti geri tələb etmişdir. Həmin obyekti təhvil alan zaman ona məlum olmuşdur ki, Şəxs ümumi məbləği 400 manat olan qab-qacağı onun icazəsi olmadan götürüb aparmaqla talamışdır. O, həmin əşyaları və ya onların dəyərini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələb edir, şikayətçidir, inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin əşyalar obyektin istifadəsi zamanı israf olunmuş, yəni sınmış, qırılmışdır. Lakin o, həmin əşyaları olduğu kimi qaytara bilməsə də, onun dəyərini bir ay müddətində qaytaracağına söz verir, dərhal qaytarmağa hazırda imkanı yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində etdiyi əməli etiraf etməsini, vurulmuş ziyanı qaytarmağa söz verməsini, səmimi peşmançılığını və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, onun müdafiəçisinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Ramil Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X7 müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olması, qadın olması və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyəti ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, ziyan ödənilmədiyindən, barəsində inzibati ictimai iş növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu və 227-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 160 (bir yüz altmış) saat ictimai işlər cəzası təyin olunsun. Təyin edilmiş ictimai işlər cəzasının əvvəli Şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi tapşırılsın. Şəxs təyin edilmiş ictimai işlər cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X1 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar