Məhkəmə qərarları › İş №3(001)-4805/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4805/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4805/2025 23.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1977-ci il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında bildirmişdir ki, 22 iyun 2025ci il tarixdə, gecə saat 03:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin post patrul xidməti əməkdaşları xidməti ərazidə olarkən avtovağzalın qarşısında bir nəfər avtomobil sürücüsü işarə edərək polis əməkdaşlarını çağırmışdır. Ərazidə xidmət aparan polis əməkdaşları sürücünün işarə etdiyi yerə gedən zaman mübahisə olduğunu görmüşlər. Belə ki, taksi sürücüsü Gəncə şəhərindən Bakı şəhərinə Şəxs sərnişin kimi gətirmiş, Şəxsla sürücü Gəncədən gələrkən 60 manata razılaşsalar da, Eqşin Rəhimov Bakıda sürücüyə 45 manat ödəniş etmiş, nəticədə onların arasında mübahisə yaranmışdır. Polis əməkdaşları Şəxs təhqiredici ifadələr işlətdiyini gördükdə sonuncunu sakitləşdirməyə çalışmışlar, lakin Şəxs sakitləşməmiş, nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, həmçinin qanunsuz hərəkətlərini dayandırması barədə ona yönələn qanuni tələbə tabe olmamışdır. Odur ki, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, bacısı və bacısı oğlu ilə birlikdə Gəncədən Bakıya gəlmək üçün avtovağzalda bacısı oğlu taksi ilə danışmış, onlar Bakıya çatdıqda, hər adama 15 manat olmaqla, taksiyə 45 manat pul vermiş, lakin taksi sürücüsü 60 manat veriləcəyini bildirmişdir. O, bacısı oğluna anası ilə getməyi tapşırmış və özünün bir şey fikriləşəcəyini bildirmişdir. Sonra sürücünün avtomobilinə əyləşmış, üzərində pul olmadığını, gecə pul tapmağının mümkünsüz olduğunu, sonra karta ata biləcəyini bildirmişdir. Gəncədə taksi sürücüsü ilə onun özü yox bacısı oğlu danışmışdır. O, girov kimi sürücüyə eynəyini və üzüyünü verməyi təklif etmişdir. Həmçinin pulu kartına atacağını bildirmiş, nömrəsini götürməyini xahiş etmiş və növbəti gün görüşərək pulu verəcəyini söyləmişdir. Sürücü onunla razılaşmamış və oradan keçən polis avtomobilinə işarə vermiş, polislər yaxınlaşmış və ona düşüb polis avtomobilinə minməyini bildirmişlər. O da heç bir etiraz etmədən polis maşınına minmişdir. O, təhqiredici ifadələr işlətməmiş, polisə müqavimət göstərməmişdir. Bölmədə izahat verməkdən imtina etmiş, məhkəmədə ifadə verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X3 bildirmişdir ki, 22 iyun 2025-ci il tarixdə təxminən gecə saat 03:00 radələrində xidmətdə olarkən taksi sürücüsü ilə sərnişin Şəxs arasında mübahisə olduğu üçün taksi sürücüsü işarə etdiyi üçün həmin yerə yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşarkən onlara məlum olmuişdur ki, Şəxs taksi sürücüsünə Gəncə şəhərindən Bakı şəhərinə gətirmək üçün razılaşdıqları yol pulun tam ödəmir və buna görə də onlar arasında mübahisə yaranmış, həmin zaman Şəxs təhqiredici ifadələr işlətmişdir. Şəxs sakitləşdirməyə çalışsalar da, bu mümkün olmamış, şəxs onların tələbinə məhəl qoymayaraq hərəkətlərin və nalayiq ifadələr işlətməyini davam etdirmişdir. Şəxs ictimai yerdə kənarda şəxslərin olmasına baxmayaraq nalayiq ifadələr işlətməsini davam etdirdiyindən onu bölməyə dəvət etsələr də, sonuncu 15 manata görə onu heç yerə heç kimi apara bilməyəcəyini bildirərək bölməyə gəlməkdən imtina etmişdir. Sonda Şəxs bölməyə aparılması təmin edilmiş və bu barədə raport tərtib olunmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs faktiki olaraq təqribən gecə 03:00 radələrində saxlayaraq bölməyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri, polis kiçik serjantı X5 izahatında bildirmişdir ki, 22 iyun 2025-ci il tarixdə gecə radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında ximətdə olarkən, bir vətəndaş yolun digər hissəsində hərəkət etdiyini və onlara “saxlayın, sizə yaxınlaşıram” demişdir. Onlar avtomobili saxladıqdan sonra vətəndaş yaxınlaşmış və bildirmişdir ki, Gəncədən gətirdiyi sərnişin razılaşdığı yol pulunu ödəmir və buna görə aralarında mübahisə yaranmış həmin şəxs onun ünvanına qeyri-etik ifadələr işlədir. Onlar həmin həmin şəxslərə yaxınlaşan zaman Şəxs sürcü ilə həqiqətən mübhisə edərək qeyri-etik ifadələrdən işləydiyini görmüşlər. Onlar şəxsə özlərini təqdim etdikdən sonra sonuncudan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etsələr də Şəxs üzərində vəsiqə olmadığını, həmçinin polislərin əlindən bezdiyi bildirmiş və qeyri-etik ifadəlr işlətməyə davam etmişdir. Onlar Şəxs nalayiq ifadələr işlətməyini dayandırması barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq Şəxs sakitləşməmiş və qeyri-etik ifadələr işlətməyinə davam etmişdir. Onun həmin hərəkətləri kənarda olan insanlara da narahatçılıq yaratdığından onu 6467 çağırışlı avtopatrulla ərazi üzrə 40-cı polis bölməsinə təmin etmişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs təqribən gecə 03:00 radələrində saxlayaraq bölməyə təmin etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 05:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə dair izahatını işin faktiki hallarına uyğun olmayan hesab etməməklə özünü müdafiə xarakterli verilmiş izahat kimi qiymətləndirir. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Bakı Beynəlxalq Avtovağzalında Gəncə şəhərindən onu Bakı şəhərinə gətirmiş taksi sürücüsünə 60 manat ödəniş olunacağı barədə razılıq olduğu halda 45 manat ödəniş etmiş, taksi sürücüsü razılaşdırılmış məbləği tam olaraq ödəməsini tələb etdiyi zaman sürücü ilə mübahisə edərək nalayiq ifadələr işlətmiş, həmçinin polis əməkdaşları ondan qeyri-etik ifadələr işlətməsini dayandırmasını tələb etdiyi halda buna məhəl qoymamışdır. Qeyd edilənlərə əsasən də məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, Şəxs nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşları ondan hərəkətlərini dayandırmasını tələb etmişlər. Belə olan halda, Şəxs ictimai qaydanı pozan hərəkətləri dayandırmasına dair yönələn tələb qanuni olmuş, Şəxs isə qeyd olunan tələbə tabe olmayıb, hərəkətlərini davam etdirməklə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs taksi sürücüsünün pulunu tam ödəməyib sonuncuya nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçisi vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, həmin tarixli raport, şahid izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs protokolda xx.xx.2025-ci il tarixdə saat 05:30-da inzibati qaydada tutulması qeyd edilsə də, məhkəmə iclasında şahidlərin izahatına əsasən onun azadlığının faktiki olaraq 22 iyun 2025-ci il tarixdən, saat 03:00-dan məhdudlaşdırıldığı müəyyən edilmişdir. Buna görə də, inzibati həbs müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Rəhimov X6 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 22 iyun 2025-ci il tarixdən, saat 03:00-dan hesablanmalıdır.TT Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 22 iyun 2025-ci il tarixdən, saat 03:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar