Məhkəmə qərarları › İş №3(001)-4807/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4807/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4807/2025 11.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-38543 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-38543 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(001)-86/2025 nömrəli qərarı ilə BDYPİ-nin EQ24425067 nömrəli qərarı ləğv edilərək yenidən araşdırılmaya göndərilmişdir. Lakin DİN BDYPİ İnzibati Xətalar Məcəlləsinin müddəalarını pozaraq, iş üzrə eyni sübutlarla, şikayət vermiş şəxsə məlumat vermədən, inzibati xəta hadisəsi üzrə yeni sübutları ona təqdim etmədən protokulu qüvvədə saxlamış və bu barədə də şikayətçiyə məlumat verməmişdir. Bu isə öz növbəsində şikayət vermiş şəxsin hüquqlarını məhdudlaşdırdığı kimi həmçinin məhkəmə qərarlarının preyudisyanallığını pozmuşdur. DİN BDYP-nin iş üzrə eyni sübutlar əsasında inzibati protokolu tərtib edilmiş şəxsə məlumat vermədən, onun iştirakını təmin etmək üçün zəruri tədbirləri görmədən qeyri iş günü hesab edilən xx.xx.2025-ci il tarixində yenidən həmin qərarı qüvvədə saxlanılması əsassızdır. Həmçinin qərar tərtib edildikdən sonra 2 gün ərzində barəsində protokol tərtib edilmiş şəxsə qərar təqdim edilməli olduğu halda, şikayətçiyə heç bir məlmat verilməmişdir. Yalnız 16 iyun 2025-ci il saat 02:50-də Asanpay məlumat sistemindən avtomobilin üzərinə 2 ay müddətinə cərimənin ödənilməməsinə görə həbs qoyulması ilə bağlı SMS bildiriş gəldikdən sonar hazırkı qərardan xəbəri olmuşdur.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə və qərarından şikayət verilən orqana məlumat verilsə də, proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, şikayət vermiş şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-86/2025 saylı qərardan görünür ki, şikayət qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli, EQ 24425067 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinə göndərilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-38543 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən aparılan araşdırmanın nəticəsinə uyğun qəbul edilmiş qərarla bağlı şikayətçi X2 ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-xx-xx/3325/2025 nömrəli məktub

7. Xüsusi texniki vasitə ilə aşkar edilən hadisənin görüntüsü Məhkəmənin əsaslandırması və mövqeyi:

8. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

9. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X1 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-86/2025 nömrəli qərarı ilə X1 vermiş olduğu şikayət əsasında barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli, EQ 24425067 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işin faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinə göndərilmişdir. Səlahiyyətli orqan tərəfindən sözügedən məhkəmə qərarı əsasında müvafiq araşdırma aparılmış və X1 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirildiyindən barəsində həmin maddə ilə yenidən tənbeh tətbiq edilmişdir. Məhkəmə bildirir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirsə də, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair səlahiyyətli orqan tərəfindən məhkəməyə xüsusi texniki vasitənin köməyi ilə çəkilmiş fotoşəkil ünvanlanmış və həmin fotoşəkillə sonuncunun qeyd olunan inzibati xətanı törətməsinə dair şübhə aradan qalxmışdır. Məhkəməyə həmçinin o da bildirilmişdir ki, inzibati xəta ilə bağlı əlavə araşdırma inzibati xəta törədən şəxsin iştirakı ilə o vaxt aparılır ki, inzibati xəta vizual aşkarlansın və tərəflər arasında bunun mövcudluğuna dair şübhə və mübahisə yaransın. Hazırki vəziyyətdə isə inzibati xəta texniki vasitənin köməkliyi ilə aşkar edilmiş və məhkəməyə təqdim edilən foto şəkildən də göründüyü kimi ümumi istifadədə olan və hərəkəti saat 07:00-21:00 arası digər nəqliyyat vasitələrinə qadağan edilən yolda qərardan şikayət verən şəxsin istifadəsində olan 99 HP959 nömrəli Nissan Pathfinder minik maşının hərəkət etməsi aşikar görünür.

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.

11. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, 16/1-20505 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

18. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-38543 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməməlidir.

19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-38543 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar