Məhkəmə qərarları › İş №3(001)-4814/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4814/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4814/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş 18 iyun 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 300000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 123367.52 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə inzibati xətanın bilavasitə predmeti olmuş valyuta vəsaiti hesabına alınan malların ölkəyə idxal olunması və ya həmin vəsaitin xaricdən geri qaytarılmasına dair hər hansı sənəd Şəxs tərəfindən təqdim olunmamışdır. Ona görə də, iş üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonuncu iclasda isə elektron kabinetə yerləşdirilmiş iki bəyannamə üzrə Dövlət Gömrük Komitəsinə ünvanlanan məktub Mərkəzi Bank tərəfindən dəyərləndirilərək bildirilmişdir ki, o bəyannamələr üzrə cavabın gözlənilməsi məqsədəmüvafiq deyildir, çünki hər iki bəyannamə artıq məbləğlərə bağlanılmışdır və Mərkəzi Bank tərəfindən nəzərə alınmışdır. Bundan başqa məhkəmə iclasında yeni təqdim edilən bəyannamə isə Mərkəzi Bank tərəfindən yoxlanılaraq müvəkkil bankla əlaqə saxlanılmış, həmin məbləğ açıq saxlanılmış bəyannamə kimi 123367.52 ABŞ dolları məbləğindən çıxılaraq, yekun olaraq 90424.80 ABŞ dolları qalıq qaldığını və bu məbləğə münasibətdə cərimə tətbiq olunmasını məhkəmədən xahiş etmişlər.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Şəxs tərəfindən 300000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və həmin məbləğ əsasında alınmış mallar ölkəyə idxal edilmişdir. Lakin gömrük bəyannamələri tərtib olunarkən bəyannamənin 20-ci qrafasının 3-cü bəndində 120 rəqəmi əvəzinə səhvən 100 rəqəmi qeyd edilmişdir. Həmin yalnışlığın aradan qaldırılması məqsədi ilə müvafiq orqana müraciət edilmişdir. Məhkəmədən yol verilmiş texniki səhvi nəzərə alıb, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Şəxs ilə “ZARES DANİŞMANLİK TURİZM TEKSTİL SAN.VE TİC A.S” şirkəti arasında satış müqaviləsi bağlanmışdır.

5. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində 300000.00 ABŞ dolları vəsaiti xarici köçürmüş, ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq, 123367.52 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə daxil olduğunu təstiqləyən sənədləri banka təqdim etməmişdir.

6. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 18 iyun 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 300000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 123367.52 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.

7. Məhkəməyə təqdim edilmiş Mərkəzi Bankla "xxxx" ASC arasında olan yazışmalara dair çıxarışdan, o cümlədən Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə ölkə xaricinə köçürülmüş 123367.52 ABŞ dolları vəsaitindən avans üzrə qalıq 90424.80 ABŞ dolları qalmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:

8. Məhkəmə iş materiallarını, tərtib edilmiş edilmiş protokolla birgə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol üzrə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərə tutulmuş inzibati xəta tərkibi mövcuddur.

9. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol üzrə Şəxs tərəfindən 300000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 123367.52 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmadığı göstərilsə də, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ölkə xaricinə köçürülmüş məbləğə dair avans üzrə qalıq 90424.80 ABŞ dolları təşkil edir.

10. Belə olan halda aydın olur ki, Şəxs 300000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və avans üzrə qalıq isə 90424.8 ABŞ dolları təşkil etməklə, 90424.8 ABŞ dolları məbləğində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.

11. Məhkəmə qeyd etmək istəyir ki, hüquqi şəxs Şəxs ilə bağlı inzibati iş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixində daxil olmuş, hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən dəfələrlə sənədləşmələrdə mövcud olan zəruri texniki nasazlığın aradan qaldırılması məqsədilə vaxt verilməsinə dair vəsatət məhkəmə tərəfindən təmin edilsə də, hüquqi şəxs tərəfindən qeyd edilən halları təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilə bilinməmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı hüquqi şəxsin nümayəndəsi tərəfindən banka təqdim edilmiş gömrük bəyannaməsinin 20-ci qrafasının 3-cü bəndində 120 rəqəmi əvəzinə səhvən 100 rəqəmi qeyd edilməsi, həmin yalnışlığın aradan qaldırılması məqsədi ilə müvafiq orqana müraciət etdiklərini və bunu aradan qaldırılacağı barədə fikirlər səsləndirilsə də, müəyyən edilmişdir ki, o bəyannamələr ümumi məbləğdə (300000.00 ABŞ dolları) əvvəlcədən Mərkəzi Bank tərəfindən nəzərə alınmış və ümumi məbləğdən bəyan olunmuş məbləğ kimi çıxılmışdır. Belə olan halda da məhkmənin həmin xüsusatları sübut kimi qiymətləndirməsi mümkünsüzdür. Lakin hüquqi şəxs tərəfindən məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təqdim edilmiş **********0274 nömrəli YGB üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 32942.72 ABŞ dolları vəsaitinə bağlı olan YGB hələ açıqdır, həmin bəyannamə müvəkkil banka bəyan oluna bilər və bununla bağlı məhkəmə tərəfindən Mərkəzi Bank və müvəkkil bankla da əlaqə saxlanılaraq zəruri təsdiqedici cavablar əldə edilmişdir. Beləliklə, məhkəmə təqdim edilən bütün sübutları dəyərləndirərək, sonda belə qənaətə gəlmişdir ki, Şəxs 90424.80 ABŞ dollarına münasibətdə inzibati xəta törətdiyindən onun barəsində tərtib edilmiş protokol əsaslı olmaqla, həmin məbləğə münasibətdə barəsində inzibati tənbeh tətbiq edilməlidir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İXM-in 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, vasitəçiliklə bağlı işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilənin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır.

14. İş materialları araşdırılarkən tərəflər arasında vasitəçilik münasibətlərini müəyyən etmək mümkün olmamış, tərəflər arasında ancaq malların alınması nəzərdə tutulduğu müəyyən edilmişdir. Bu vəziyyətdə məhkəmənin vəzifəsi həmin müqavilə üzrə malların ölkəyə idxal olunub-olunmamasını və ya pul vəsaitinin geri qaytarılıbqaytarılmamasını yoxlamaqdır ki, təqdim edilmiş sənədlərdən də bunu müəyyən etmək mümkün olmur.

15. Azərbaycan Respublikasının Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.

16. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

17. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir.

18. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi.

19. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

20. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

21. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

22. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

23. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

24. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır.

25. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 90424.80 (doxsan min dörd yüz iyirmi dörd dollar səksən sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 18084.96 (on səkkiz min səksən dörd dollar doxsan altı sent) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 30744.43 (otuz min yeddi yüz qırx dörd manat qırx üç qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar