Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4818/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X5 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin baş əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 08 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs "xxxx" MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1nu və X12 xx.xx.2024-cü il tarixdən protokol tərtib olunan tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X14 inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Nümayəndə A.Ə.Məmmədov verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindəki məlumatlar əsasında tərtib edilmişdir. Belə ki, hüquqi şəxs "xxxx" MMC X1nun və X9 xx.xx.2024-cü il tarixdən protokol tərtib olunan tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olmaları üçün iş icazələri almış, lakin həmin şəxslərin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə dair məlumat yoxdur. Buna görə də ehtimal olunur ki, adları qeyd olunmuş şəxslər hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən protokol tərtib olunan tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X8 inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında bildirmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində qeydiyyatdan keçirilmiş şəxslərin hüquqi şəxslə mütləq qaydada əmək münasibətlərində olmalı olmalarına dair hər hansı bir tələb yoxdur. Sistem tərəfindən qeydiyyat zamanı əmək müqaviləsi və ya əmək müqaviləsi bildirişi tələb olunmur, qeydiyyatdan keçirilən şəxslərə hər hansı bir məhdudiyyət qoyulmamışdır. Xidmət tərəfindən qeydiyyatdan keçən şəxslərin Cəmiyyətlə məhz əmək münasibətlərində olmasına dair hər hansı qanuna və ya normativ akta istinad edilməmişdir. Bu səbəbdən, mövcud qaydalarda və qanunlarda bu barədə hər hansı tələbə və ya şərtə rast gəlinmədiyi üçün Xidmətin bu inzibati xəta barədə protokol tərtib etməsi əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, inzibati xəta dedikdə bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlik əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olub-olmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə və israrlı olaraq hər hansı bir əməlin baş verilməsi üçün daimi olaraq aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Lakin işin hallarından aydındır ki, Cəmiyyətin belə bir niyyəti, o cümlədən hərəkəti mövcud olmamışdır. X1 və X15 cəmiyyət tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görüləcək işlərə dəvət edilmişlər. Hər iki şəxs öncəliklə işlərlə yerində tanış olmaq istədiklərini, sonra razılıq verib-verməyəcəklərini bildirmişlər. Buna görə onlar cəmiyyət tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə daxil edilmişlər. Görüləcək işlərlə yerində tanış olan X6 və X15 işin ağırlığına və təklif olunan məbləğin azlığına görə işləmək istəmədiklərini deyib, geri dönmüşlər. X6 və X4 və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmiyyət tərəfindən heç bir işin yerinə yetirilməsinə cəlb edilməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Eyni Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalananlara əsasən, Xidmət tərəfindən Cəmiyyət barəsində tərtib edilmiş Protokol əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" MMC X1nun və X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olmaları üçün iş icazələri almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin elektron sistemindən çıxarışdan görünür ki, X1nun və X9 əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə dair məlumat yoxdur. MN seriyalı № ******* nömrəli 08 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin baş əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, fəhləlik etməklə ailəsini dolandırır. 2024-cü ilin iyun ayında işsiz olduğu üçün tanışı vasitəsilə "xxxx" MMC-in işğaldan azad edilmiş rayonlarda görəcəyi işlərdə işləmək istəmişdir. Bu məqsədlə cəmiyyətin işçisi ilə danışmış, razılaşmışlar ki, işə yerində baxsın, iş və qazanc onu qane edərsə işə başlayar. İyun ayının əvvəllərində işlərin görüləcəyi yerə getmiş, işə baxmış, beton tökmə işində fəhləlik işi ona təklif edilmiş, lakin görəcəyi işin müqabilində ödəniş az verildiyi üçün razılaşmayıb geri qayıtmış, orada heç bir işə qoşulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 şahid M.F.Bayramovun izahatına uyğun izahat verərək, iyun ayının əvvəllərində işlərin görüləcəyi yerə getdiyini, işə baxdığını, görəcəyi işin müqabilində ödəniş az verildiyi üçün heç bir işdə işləməyib geri qayıtdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən X1nun və X9 xx.xx.2024-cü il tarixdən protokol tərtib olunan tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə edilməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində adları qeyd olunan şəxslərlə bağlı iş icazəsinin alınmasına dair məlumatlar hüquqi şəxs "xxxx" MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas vermir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Başqa sözlə, qanunda məsuliyyət iş icazəsi alınmış şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsinə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə nəzərdə tutulmuşdur. Bu mənada X1nun və X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi sübut olunmalıdır. Belə olan halda aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan hüquqi şəxs "xxxx" MMC-in əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1nu və X12 xx.xx.2024-cü il tarixdən protokol tərtib olunan tarixədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə cəlb etdiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs "xxxx" MMC ilə bağlı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 08 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4818/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4818/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver