Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4821/2024 17.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 bildirmişdir ki, X7 Xidmətinə Daxili İşlər Nazirliyinin təqdim etdiyi siyahı üzrə Qarabağ və X11 zonalarında işləyən şəxslər üçün portala daxil edilmiş icazə ilə bağlı siyahı təqdim edilmişdir. Həmin siyahıda əmək müqaviləsi bağlanmamış şəxslər qeyd edilmişdir. Belə ki, bəzi şəxslər barəsində işçi kimi şirkətlər tərəfindən icazə alınsa da, həmin şəxslərlə əmək müqaviləsi bağlanmamışdır. Şəxs tərəfindən iki nəfər şəxs – X9 və X10 ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra da onlar işlərə cəlb olunmuşlar. Həmin şəxslər əmək müqaviləsi olmadan Şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilmişlər. Bununla əlaqədar olaraq protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ona görə də, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı konkret sübut olmasa da, elektron informasiya sistemindən əldə edilmiş məlumatlar sübut hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X4 izahat verərək bildirmişdir ki, ona inzibati icraatla bağlı heç bir məlumat göndərilməmişdir. X9 və X10 şirkətlə əmək müqaviləsi bağlayaraq işləsə də sonradan əmək müqavilələrinə xitam verilmiş və Şəxs MMC-nin işçisi kimi işləməmişlər. Şəxs MMC-nin əsas fəaliyyəti Ağdam rayonunda tikinti işlərinin aparılmasından ibarətdir. Həmin ərazilər nəzarətdə olduğu üçün orada kiminsə əmək müqaviləsi olmadan işləməsi mümkün deyil. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, X9 və X10 ilə əmək müqaviləsi bağlandıqdan sonra onlar üçün icazə alınmış, adları portala daxil edilmişdir. Portala işçilərin adlarının salınıb, çıxarılması MMC-nin səlahiyyətinə aid deyil. MMC ilə əmək müqaviləsi bağlanmış işçilərin adları "xxxx" ASC-yə göndərilmiş, bundan sonra adları icazə portalına daxil edilmişdir. İşçilərlə əmək müqaviləsinə xitam verildikdən sonra bu barədə "xxxx" ASC-yə məlumat verilmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X9 xx.xx.2024cü il tarixdə Şəxs tərəfindən işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X1 Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2024cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X9 və X10 ilə bağlanmış əmək müqavilələrinə xitam verilsə də, həmin şəxslərin adları portalda qaldığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan Şəxs barəsində əsassız halda İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta maddi tərkiblidir, yəni inzibati xəta tərkibinin yaranması üçün şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş qurum tərəfindən X9 və X5 işəgötürən tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin məhkəmə iclasında sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4821/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4821/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver