Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-486/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Oğuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 173 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 bildirmişdir ki, 28 yanvar 2023-cü il tarixdə şöbənin inzibati ərazisində xidmətdə olan polis əməkdaşları tərəfindən sonradan adını bildikləri Şəxs küçədə özünü şübhəli aparması müşahidə edilmişdir. Bu səbəblə polis əməkdaşları həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Lakin həmin şəxs heç bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları həmin şəxsin şəxsiyyətini müəyyən edə bilmədiyi üçün onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində onun narkotik vasitələrdən istifadə etməsi halı şübhə yaratdığından Şəxs müayinəyə aparılmış və müayinə zamanı onun narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Bundan sonra həmin tarixdə Şəxs izahatı alınarkən narkotik vasitə istifadə etdiyini etiraf etmiş və tərəfindən sonuncu barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs 28 yanvar 2023-cü il tarixdə inzibati qaydada tutulmuş və 29 yanvar 2023-cü il tarixdə buraxılmışdır. Bazar günü olduğundan sənədlərin tərtibində ləngimə yaranmış v şəxs məhkəməyə təqdim edilə bilmədiyindən o, 29 yanvar 2023-cü il tarixdə buraxılmış, bu gün Şəxs ilə əlaqə saxlanaraq şöbəyə dəvət edilmiş və məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında tutulduğu vaxtdan 2-3 gün əvvəl gecə saatlarında narkotik vasitə olan kokosdan istifadə etdiyini, hazırda isə törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 28 yanvar 2023-cü il axşam tərəfi Binəqədi rayonu əraizində tutulmuş və 29 yanvar 2023-cü il tarixdə polis şöbəsindən azad edilmişdir. Polis tərəfindən ona çağırılacağı bildirilmiş və evə buraxılmışdır. Bu gün isə çağırılan zaman dərhal 4-cü Polis Şöbəsinə getmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AZA 002766 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 yanvar 2023-cü il tarixdə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş və sonuncu 29 yanvar 2023-cü il tarixdə saxlanılma yerindən azad edilmişdir. xx.xx.2023-cü il tarixli, 400 nömrəli aktdan görünür ki, Şəxs tibbi müayinəsi zamanı onun bədənində narkotik tərkibli maddələr aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etməsi halı aşkar olunduğundan barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətaı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu məhkəmə iclas zalından inzibati qaydada tutulmaqla inzibati həbsin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati həbsə alınsın və həbsdə saxlama müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-486/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-486/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver