Məhkəmə qərarları › İş №3(001)-4868/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4868/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4868/2025 07.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 28000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Şəxs MMC ilə Türkiyə Respublikasında yerləşən “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti arasında xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında bank vasitəsilə müxtəlif vaxtlarda hissə-hissə Türkiyə Respublikasında yerləşən “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına 314000 ABŞ dolları pul vəsaiti köçürülmüşdür. Həmçinin xx.xx.2023-cü il tarixli müqavilə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən 28000 ABŞ dolları məbləğində vəsait “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına köçürülmüşdür. “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti tərəfindən müqavilədə nəzərdə tutulmuş mallar hissə-hissə Azərbaycan Respublikasına Şəxs MMC-nin ünvanına göndərilmiş və gömrük bəyannamələri verilmişdir. Köçürülmüş pul vəsaitinin müqabilində 140000 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasına göndərilmişdir. “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına köçürülmüş qalan məbləğin dəyərində olan mallar Azərbaycan Respublikasına göndərilmədiyinə görə həmin şirkətdən Türkiyə Respublikasında məhkəməyə ərizə vermiş və məhkəmədə iddiaları təmin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti arasında alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2023-cü il tarixli köçürmə haqqında sənəddən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 28000 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixli müqavilə əsasında “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 28000 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində həmin vəsait hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrindən görünür ki, Şəxs tərəfindən “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına xx.xx.2023cü il tarixli müqavilə alğı-satqı müqaviləsi əsasında köçürülmüş pul vəsaitlərinin hesabına alınmış 140384,34 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. Türkiyə Respublikasının Düzce İcra Dairəsinin xx.xx.2025-ci il tarixli qeyri-məhkəmə icraatında ödəniş tapşırığından görünür ki, “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti tərəfindən Şəxsnə 190764 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməli olması ilə bağlı tapşırıq verilmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan Türkiyə Respublikasında fəaliyyət göstərən “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına köçürülmüş vəsait hesabına alınmış malların bir hissəsi Azərbaycan Respublikasına idxal edilmiş, həmin mallarla bağlı gömrük bəyannamələri verilmişdir. Lakin “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş və hesabına köçürülmüş məbləğinə hesabına alınmış malların bir hissəsini Şəxs ünvanına göndərməmişdir. Bununla bağlı Şəxs tərəfindən Türkiyə Respublikasında məhkəməyə müraciət olunmuş və Şəxsnə 190764 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməli olması ilə bağlı icra orqanı tərəfindən ödəniş tapşırığı verilmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar