Məhkəmə qərarları › İş №3(001)-4869/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4869/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4869/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, müdafiəçi “UNİON” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 116\6 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X4 izahat verərək bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 nömrəli qətnaməsinə əsasən Şəxs 8153 manat və dövlət rüsumu kimi ödənilmiş 21 manat pulun alınaraq X3 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2012-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəxs 2012-ci ilin noyabr ayında Binəqədi rayon İcra şöbəsində olmuş, ona bir daha icra sənədi üzrə borcunu ödəməli olduğu bildirilmişdir. Bundan sonra Şəxs yaşayış yerini dəyişmiş, bu barədə icra şöbəsinə heç bir məlumat verməmiş, icra şöbəsinə gəlməmişdir. Yaşayış yeri məlum olmadığı üçün Şəxs barəsinə axtarış qərarı qəbul olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən ödəmədiyi və icra məmurunun qanuni tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən 8153 manat və dövlət rüsumu kimi ödənilmiş 21 manat pulun ondan alınaraq X3 ödənilməsi qət edilmişdir. Onunla zərərçəkmiş şəxs arasında maşın alğısatqısı olmuşdur. Maşın ondan alınmış, buna baxmayaraq maşının dəyərinin iki qat məbləğində borclu olması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Onun məhkəmə iclaslarından məlumatı olmadığı üçün iclaslarda iştirak etməmişdir. 2017-ci ildə səhhətində problemlər olduğuna görə başı özünə qarışmışdır. Onun məhkəmə qətnaməsinin çıxmasından həmin vaxt məlumatı olmamışdır. O, 2012-ci ildə icra şöbəsinə çağırılmış, icra şöbəsində izahat yazaraq bildirmişdir ki, maşın ona geri qaytarılarsa borcunu ödəyəcəkdir. Bundan sonra onu çağıran olmadığı üçün düşünmüşdür ki, zərərçəkmiş şəxs artıq ondan şikayətçi deyil. Buna görə də məhkəmə qətnaməsindən şikayət verməmişdir. Onun barəsində axtarış qərarı çıxarılmasından da məlumatı olmamışdır. O, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “UNİON” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hazırki vəziyyətdə Şəxs iki qat borclu vəziyyətinə düşmüşdür. Məhkəmə qətnaməsinin onlarda olmamasının səbəbi isə Şəxs məhkəmə bildirişlərini əldə etməməsi, məhkəmə iclaslarından xəbərsiz olması olmuşdur. Şəxs barəsində çıxarılmış axtarış qərarından da məlumatı olmamışdır. Məhkəmə qətnaməsində bütün məbləğ qeyd edilmiş, lakin həmin məbləğin bir hissəsi məhkəmə qətnaməsindən əvvəl Şəxs tərəfindən ödənilmişdir. Şəxs real borcu ödəməyə razıdır. Şəxs icra şöbəsində izahat verərkən düşünmüşdür ki, maşın geri qaytarılacaq və bundan sonra borcunu ödəyəcəkdir. Hal-hazırda da Şəxs maşına görə real borcu ödəyə biləcəyini bildirir. Odur ki, məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən Şəxs 8153 manat və dövlət rüsumu kimi ödənilmiş 21 manat pulun alınaraq ona ödənilməsi qət edilmişdir. 10 ildən artıq müddətdir ki, məhkəmə qətnaməsi icra olunmur. Lakin Şəxs qeyd edilən məhkəmə qətnaməsi ilə bağlı icra sənədi üzrə olan borcunu icra etməkdən hər dəfə müxtəlif bəhanələrlə yayınmışdır. O, Şəxs borcunu tələb edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 8153 manat və dövlət rüsumu kimi ödənilmiş 21 manat pulun alınaraq X3 ödənilməsi qət edilmişdir. xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 nömrəli icra sənədi üzrə olan borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və borcunu məhkəmə qətnaməsi ilə razı olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar