Məhkəmə qərarları › İş №3(001)-4877/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4877/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4877/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 18 Salı Bakı Peşə Liseyinin şagirdi, işləməyən, Zəngilan rayonu, Zəngilan ərazi dairəsi, Üdgün kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Protokola əsasən müəyyən edilir ki, Şəxs Bakı şəhəri 11 saylı Notariat ofisinin icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə ödəməli olduğu 3011.36 manat məbləğində pulun, 41,79 manat cərimənin ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs AL/04636/95/35 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3011,36 manat məbləğində pulun, 41,79 manat cərimənin tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 3078,15 manat pulun tutulması qeyd edilmişdir. Şəxs axtarışla Zəngilan rayonunun sahə müvəkkili tərəfindən icra şöbəsinə gətirilmişdir. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, şəxsə sms vasitəsilə məlumat verilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirmişdir ki, borc anası ilə bağlı yaranmışdır. Anasının əməliyyatına görə pul götürülmüş və həmin zaman onun iş yeri olduğundan borcu rahatlıqla qaytaracağından əmin olmuşdur. İşlədiyi zaman ödənişlər də etmiş, lakin işdən çıxdığından qalan pulu ödəyə bilməmişdir. Borcunu işləyib ödəyəcəkdir. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, bu gün ona zəng vurulmuş və o da valideyni ilə birgə icra şöbəsinə yaxınlaşmışdır. Onun barəsində olan icra işindən bugün məlumatı olmuşdur. Qətiyyən icradan qərəzli olaraq boyun qaçırmamışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. Bakı şəhəri 11 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-5477 nömrəli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Şəxs AL/04636/95/35 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3011,36 manat məbləğində pulun, 41,79 manat cərimənin tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 3078,15 manat pulun tutulması qeyd edilmişdir.

5. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-5477 nömrəli icra qeydi üzrə icraata başlanılmışdır.

6. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri 11 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-5477 nömrəli icra qeydində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilməsi qeyd edilsə də bildirişin ünvana göndərilməsinə dair iş materiallarında hər hansı bir poçt göndərişinə rast gəlinməmişdir.

7. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Şəxs barəsində barəsində axtarış elan edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

8. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

9. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

10. Məhkəmə iclasında Şəxs barəsində olan icra sənədi üzrə tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi halı müəyyən edilməmişdir. Belə ki, Şəxs məhkəmədə bildirmişdir ki, barəsində olan icra işindən məlumatlı olmamışdır. İcra məmuru tərəfindən ona rəsmi qaydada hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırarkən tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin olduğunu müəyyən etsə də, 11 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-5477 nömrəli icra qeydində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilməsinə və bildirişin ünvana göndərilməsinə dair hər hansı bir poçt göndərişinə rast gəlməmişdir. Bundan başqa məhkəmə iclas zalında icra məmuru bildirmişdir ki, borcluya bu barədə sms məlumat da göndərilmişdir, lakin sms məlumatın göndərilməsinə dair də iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. Belə olduğu halda məhkəmə bildirir ki, borclunun tələbin könüllü icrası haqqında əvvəlcədən məlumatlı olması və tələbin icrasından qərəzli boyun qaçırması halı tərəflərin verdikləri ifadələr və iş materiallarından əldə edilmiş sübutlarla təkzib edilir.

11. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Belə ki, Şəxs məhkəmədə barəsində olan icra işindən yeni məlumatının olmasını və bundan xəbər tutan kimi icra şöbəsinə yaxınlaşdığını bildirmiş, icra məmuru da bunu təsdiqləmişdir.

12. Həmçinin qeyd edilməlidir ki, İcra Haqqında Qanunun tələblərinə görə, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

13. Digər tərəfdən qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

14. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun.

15. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

16. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

20. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar