Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4878/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin Protokola əsasən borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən 5093 manat, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən isə 624 manat aliment borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Nəcibə adlı uşağının saxlanması üçün Şəxs hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment alınıb X4 verilməlidir. Daha sonra həmin məhkəmənin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Nəcibə adlı uşağının saxlanması üçün Şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra vərəqələri icraata qəbul edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər rəsmi qaydada verilmişdir. Borclu Şəxs icra sənədlərini lazımınca icra etməmiş, hər iki icra sənədi üzrə aliment borcu yığılmışdır. xx.xx.2024-cü il tarixdə borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsini icra etmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş, məhkəmənin həmin tarixli qərarı əsasında Şəxs 08 gün həbs edilmişdir. Lakin borclu Şəxs bundan lazımı nəticə çıxarmamış, icra sənədini yenidən lazımınca icra etməyə davam etməklə, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən aliment borcu 5093 manata, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən isə aliment borcu 624 manata çatmışdır. Borcluya Bakı Regional Məşğulluq İdarəsi tərəfindən aylıq əmək haqqı 800 manatadək olan satış təmsilçisi işi təklif edilsə də, həmin işdə işləməkdən imtina etmişdir. Borcluya barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə yeni protokol tərtib olunacağı barədə xəbərdarlıq edildikdən sonra təkrar izahatı alınmış, borcu ödəyə bilməyəcəyini bildirdiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs üzürsüz səbəbdən və qərəzli olaraq icra sənədini icra etmədiyini nəzərə alıb onun inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, Şəmkir Rayon Məhkəməsinin hər iki icra sənədi üzrə aliment borcu vardır. Hazırda işsiz olduğu üçün aliment borcunu birdəfəlik ödəyə bilmir. İş tapan kimi aliment borclarını ödəyəcəkdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon icra şöbəsinin icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-1683/2016 saylı icra sənədindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Nəcibə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə hər ay aylıq qazancının və ya başqa gəlirlərinin % hissəsi məbləğində aliment tutulmalıdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(076)-174/2020 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)-1683/2016 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya icra sənədini təmin etməsi bildirilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(073)-290/2021 saylı qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə Şəxs X4 xx.xx.2024-cü il tarixədək aliment üzrə borc məbləği 4056 manat olaraq müəyyən edilmişdir. xx.xx.2022, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs icra sənədinin icrasını təmin etməsi ilə bağlı xəbərdar olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Orucov X5 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-1683/2016 saylı icra sənədi üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2007/2025 saylı icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Nəcibə adlı uşağının saxlanması üçün Şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)1683/2016 nömrəli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2007/2025 nömrəli icra sənədləri birləşdirilməsi, ümumi icraatda birləşdirilmiş icra vərəqələrinə əsasən tələbkarın tələbləri üzrə icra hərəkətləri tələblər tam təmin edilib icraata xitam verilənədək bir icraatda davam etdirilməsi qərara alınmışdır. Şəxsn Binəqədi rayon İcra şöbəsində verdiyi izahatlardan görünür ki, o, işsiz olması səbəbi ilə icra sənədini tam icra edə bilməmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə müəyyən edir ki, Şəxs barəsində iki ayrı icra sənədi mövcuddur:
1. Birinci icra sənədi – Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-1683/2016 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə həmin icra sənədi üzrə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məhkəmə qərarı çıxarılmış və qanuni qüvvəyə minmişdir.
2. İkinci icra sənədi – Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixlidir. Bu sənəd üzrə icra öhdəliyi və ya icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyinə baxmayaraq, bu məsələ üzrə 528.1-ci maddəyə əsaslanan protokol tərtib edilməmiş və məhkəməyə göndərilməmişdir. Nəzərə alınmalıdır ki, AR İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tətbiqi üçün aşağıdakı birgə şərtlər mütləq şəkildə mövcud olmalıdır:
1. Şəxs əvvəllər 528.1-ci maddə ilə inzibati məsuliyyətə cəlb olunmuş və bu barədə qərar qanuni qüvvəyə minmiş olmalıdır;
2. Şəxs bu qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən bir il ərzində eyni icra sənədi üzrə təkrar həmin xətanı törətmiş olmalıdır;
3. Təkrar pozuntu eyni icra sənədinə münasibətdə baş verməlidir (qanun bu şərti açıq şəkildə müəyyən edir). Qanunun mənasına görə əgər şəxs artıq 528.1-ci maddə üzrə inzibati tənbeh alıbsa və bir il ərzində eyni icra sənədinə təkrarən əməl etmirsə – bu zaman ağırlaşdırılmış məsuliyyət yaranır. Bu norma təkrarçılığı və icra intizamsızlığını cəzalandırmaq məqsədi daşıyır. Əgər şəxs bir dəfə cəzalanıbsa və yenə eyni sənəd üzrə icranı təmin etmirsə, daha ciddi cəza ilə qarşılaşır. Göstərilənlərə baxmayaraq icra məmuru hər iki icra sənədini birlikdə dəyərləndirərək Şəxs barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edib və məhkəməyə göndərmişdir. Məhkəmə isə protokolu qismən əsaslı hesab edir və qeyd edir ki, 528.1-1-ci maddənin tətbiq şərtlərinə görə, təkrar pozuntu eyni icra sənədinə münasibətdə və öncə 528.1 maddəsi ilə cəzalandırma baş vermiş olduqdan sonra, həmin sənəd üzrə bir il ərzində baş verməlidir. Qanunun açıq mətni bu maddənin yalnız eyni sənəd üzrə təkrar xətaya görə tətbiqini mümkün sayır. Müxtəlif icra sənədləri arasında ümumi davranış oxşarlığı əsasında 528.1-1-in tətbiqi, qanunun məzmununu süni şəkildə genişləndirmək, sanksiyanın sərtləşdirilməsi üçün hüquqi əsas olmadan analoji yanaşma tətbiq etmək deməkdir ki, bu da qanunun məhdud yozulması deməkdir. Hazırkı halda Şəxs 2016-cı il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə və qaydada icra etmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 08 gün müddətə həbs edilmiş, bundan sonra ona rəsmi qaydada xəbərdarlıq edilməklə yeni müddət təyin edilmiş, lakin borclu Şəxs yenə də tələbi icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun barəsində daha ciddi təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-1683/2016 saylı icra sənədi üzrə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-1ci maddəsi ilə tövsif edilmişdir. Digər - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2007/2025 saylı icra vərəqəsi üzrə isə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materialları ilə öz təsdiqini tapmamışdır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın və uşaqların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 25 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən ELÇİN AĞAYEV