Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4879/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28712485 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28712485 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, 90OE013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsüdür. xx.xx.2025-ci il tarixində onun barəsində EQ 28712485 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 150 AZN məbləğində cərimə edilmiş, həmçinin 4 cərimə balı tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, o, 1.1, 1.3 və 1.11-ci maddələrinin tələblərini pozaraq üfüqi nişanlanma xətlərini keçmiş və əks istiqamətli hərəkət zolağına daxil olmuşdur. Qeyd olunan tarixdə və yerdə (Biləcəri qəsəbəsi, X5 küçəsində) onun tərəfindən sözügedən hərəkətlər edilməmişdir. Həmin ərazidə nə “ötmə qadağandır” yol nişanı nə də ki, üfüqi nişanlanma xətləri mövcud deyil. Həmçinin, təqdim olunan sübutlar hər hansı pozuntuya dair aydın və qəti sübut təqdim etmir. Bu səbəbdən tətbiq olunmuş inzibati cərimə qərarını əsassız hesab edir. Göstərilənlərə əsasən, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28712485 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə etdiyini bildirərək xx.xx.2025-ci il tarixli, EQ 28712485 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ötmə barədə inzibati xətanın törədildiyi qeyd edilən yol 2 tərəfli yoldur, həmin yolda gediş və gəliş vardır. O, həmin zaman uşaqlarını bağçaya apardığı və tələsdiyi üçün həmin yerdə 2 və ya 3 avtomobili ötmə əməliyyatı edib keçmiş, daha sonra öz yerinə qayıtmış, qarşıdan gələn avtomobillərə isə heç bir maneçilik törətməmişdir. Səhər və axşam saatlarında hər kəs həmin yolu həmin vəziyyətdə gedir. Şikayətinə əlavə edilmiş fotoşəkildəki 90OE013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə idarə edən şəxs özü olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Tətbiqdən olan çıxarışdan görünür ki, EQ 27432337 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla X3 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat inzibati cərimə edilmişdir. İnzibati xətanın törədilmə tarixi xx.xx.2025-ci il, saat 08:45 olaraq, törədilmə yeri isə “Biləcəri X5 küç” ünvanı olaraq göstərilmişdir. İş materiallarında olan X2 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara (protokol nömrəsi:EQ********) əlavə edilmiş foto-şəkillərdən görünür ki, iki tərəfli gediş gəliş olan yolda 90OE013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun əks hərəkət istiqamətinə hərəkətdə olmuş, həmin nəqliyyat vasitəsinin sağında olan beş nəqliyyat vasitəsini ötüb keçmiş, ondan öndə isə yolun sağ tərəfində daha 7 nəqliyyat vasitəsi hərəkətdə olmuş, onun önündə isə başqa bir nəqliyyat vasitəsi öz yolu ilə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun: - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” - 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). - 69-cu maddəsinin İ hissəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. - 69-cu maddəsinin İV hissəsinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Həmin maddəyə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. - 69-cu maddəsinin Vİ hissəsinə əsasən üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 3) 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; - 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi: İş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlar – xüsusilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ28712485 nömrəli qərara əlavə edilmiş fotoşəkillər X2 idarə etdiyi 90OE013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əks hərəkət zolağına tam şəkildə daxil olaraq digər nəqliyyat vasitələrini ötüb keçdiyini qəti və aydın şəkildə sübut edir. Fotoşəkillərdə aydın görünür ki, nəqliyyat vasitəsi yolun tam qarşı zolağına çıxaraq, ən azı beş avtomobili ötüb keçmiş, qarşıdan gələn nəqliyyat axınının hərəkət zolağına daxil olmuş və bu zaman yolun sağ tərəfində əlavə olaraq yeddidən çox digər nəqliyyat vasitəsi hərəkətdə olmuşdur. Bu hal, İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementlərini özündə ehtiva edir. X1 məhkəmədə verdiyi izahatında həmin yolda ötmə əməliyyatı həyata keçirdiyini, lakin bunu uşaqlarını bağçaya apardığı üçün tələsdiyindən etdiyini, qarşıdan gələn nəqliyyat vasitələrinə hər hansı təhlükə və ya maneə törətmədiyini, yolun iki istiqamətli hərəkətə açıq olduğunu, həmin ərazidə üfüqi nişanlanma xətlərinin və “ötmək qadağandır” yol nişanının olmadığını bildirmişdir. Lakin onun bu izahatları aşağıdakı səbəblərə görə məhkəmə tərəfindən əsaslı hesab edilmir və sübutlarla təkzib olunur: İlk olaraq, şəxsin özü tərəfindən ötmə əməliyyatını etiraf etməsi artıq inzibati xətanın törədildiyini göstərir. Ötmə zamanı yolun əks istiqamət zolağına daxil olunması faktı özü tənzimləyici nişanların mövcud olub-olmamasından asılı olmayaraq, əgər bu hərəkət yolun nişanlanması və hərəkət şəraiti ilə qadağan edilibsə, hüquq pozuntusudur. İkincisi, fotoşəkillərdə aydın görünür ki, nəqliyyat vasitəsi tam şəkildə əks istiqamətli hərəkət zolağına çıxmış, qarşıdan gələn nəqliyyatın hərəkət zolağını tutmuşdur. Bu isə yalnız ötüb keçməyə cəhd deyil, faktiki olaraq qarşı hərəkət zolağında müəyyən məsafədə hərəkət etmək deməkdir ki, bu da artıq 327.4-cü maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edir. Üçüncüsü, şikayətçinin dediyi kimi, ərazidə üfüqi nişanlanma xətləri və ya “ötmək qadağandır” nişanının olmaması barədə iddia da faktiki sübutlarla təkzib olunur. İnzibati materiallara əlavə edilmiş şəkillərdə həmin yolda 1.1 və 1.3 nişanlanma xətlərinin olduğu müəyyən edilir. Yolun bu nişanlanması artıq hərəkət istiqamətlərini və ötmə qadağasını göstərən mühüm elementlərdir. Yol hərəkəti haqqında Qanunun 69-cu maddəsinin Vİ və Vİİ hissələrinə əsasən, bu nişanlanma xətlərini keçmək qadağandır. Dördüncüsü, şikayətçinin “əks istiqamətdə hərəkət edən avtonəqliyyat vasitəsinə maneə törətmədim” kimi izahatı da hüquqi cəhətdən əsaslandırılmamış müdafiə xarakterlidir. Belə ki, inzibati xətanın mövcudluğu üçün yalnız təhlükənin və ya qəzanın baş verməsi deyil, yol hərəkəti qaydalarının pozulması kifayət edir. Başqa sözlə, nəticə yox, əməl, yəni qayda pozuntusunun özü hüquqi məsuliyyət yaradır. Beşincisi, sürücünün şəxsi motivləri (uşaqları bağçaya aparmaq, tələsmək və s.) inzibati məsuliyyəti istisna edən və ya azaldan hallar hesab edilə bilməz. Yol hərəkəti qaydalarının pozulmasına yönəlmiş hərəkətlərin fərdi ehtiyaclarla əsaslandırılması hüquqi baxımdan qəbuledilməzdir. Bütün qeyd edilənlər birlikdə onu deməyə əsas verir ki, X3 tərəfindən təqdim edilmiş dəlillər və müdafiə izahatları faktiki sübutlarla təkzib olunur və onun İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün yetərli sübut mövcuddur. İnzibati tənbeh vermə haqqında qərar hüquqi və faktiki cəhətdən əsaslandırılmış olduğundan, həmin qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X2 Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.4-cü mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28712485 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28712485 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28712485 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4879/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4879/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver