Məhkəmə qərarları › İş №3(001)-488/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-488/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-488/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon X11 Şöbəsinin inspektoru (YNH üzrə), polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi rayon X11 Şöbəsi tərəfindən Şəxs barəsində İXMin 332.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Binəqədi rayon DYPŞ YNH üzrə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, 26 yanvar 2023-cü il tarixdə, saat 19:00 radələrində Şəxs idarə etdiyi “X9” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi “Mercedes Benz E 200 CDİ” minik markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Hadisə araşdırılarkən məlum olmuşdur ki, hadisəni törədən şəxs Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Belə ki, ona verilmiş sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Daha sonra tərəflərin izahatı alınmış və onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Belə ki, 26 yanvar 2023-cü il tarixdə saat 19:00 radələrində idarə etdiyi “X9” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azadlıq prospekti istiqamətində hərəkət edən zaman ondan öndə, eyni zamanda onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz E 200 CDİ” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı sürət həddi aşağı olmuş, eyni zamanda yol nəqliyyat hadisəsini ayıq vəziyyətdə törətmişdir. Avtomobili sürücülük hüququ olmadan idarə etməsinə səbəb isə xx.xx.2022-ci il tarixdə əməliyyat olması və əməliyyatdan sonra evdə ambulator müalicə alması səbəb olmuşdur. Bu səbəbdən, yeni sürücülük vəsiqəsinin alınması ilə bağlı müaciət edə bilməmişdir. Törətdiyi inzibati xətadan peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Yol-Nəqliyyat hadisəsinin sxemindən görünür ki, “X9” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs qarşısındakı eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz E 200 CDİ” minik markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsini vurmuş və nəticədə həmin avtomobilin sahibinə maddi ziyan dəymişdir. AD 002736 nömrəli Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, ona xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixdək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. AC 041845 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X9” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. AB 776757 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 200 CDİ” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Mercedes Benz E 200 CDİ” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X6 tərəfindən X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər edilməsinə dair etibarnamə üzrə səlahiyyətlər verilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən həmin maddə ilə barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-in 332.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, eləcə də onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmədə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini,, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar