Məhkəmə qərarları › İş №3(001)-4883/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4883/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4883/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis polkovnik-leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 9 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis polkovnik-leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-in 510-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis polkovnik-leytenantı X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İdarəsinin 43-cü PB-nə ərizə ilə müraciət edərək proqram vasitəsi ilə sifariş etdiyi taksinin sürücüsünün ona qarşı əxlaqsız təkliflər etdiyini bildirmişdir. Bununla bağlı Şəxs polis bölməsinə gətirilmişdir. Şəxs izahatında özü səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Odur ki, sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu zaman verilmiş sifariş əsasında bir nəfər xanımı “Lake Hotel”-dən götürmüşdür. Yolda xanımla bəzi mövzularda danışmışlar. Lakin onun həmin xanım müştəri ilə səmimi söhbətinə sonuncunun qadının özü şərait yaratmışdır. Geyim keçimindən yüngül həyat tərzi keçirən birinə oxşamış, həmçinin danışıqları ilə də ona həmin mövzularda danışmağa şərait yaratmışdır. Daha sonra nömrəsini ona versə də, o, götürməmişdir. Ünvan başına çatdıqda maşında gözləməyi bildirmiş və pulun gətiriləcəyini söyləmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib onu saxlamışlar. Onda başa düşmüşdür ki, xanım necəsə yolda şikayət etmişdir. Onun getdiyi ünvan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin yaxınlığı idi. Polislər onu bölməyə apardıqdan sonra o hadisəni olduğu kimi danışmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, AZA 009573 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 510-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs xx.xx.2018-ci il təvəllüdlü Fərəh Məmmədli və xx.xx.2022-ci il təvəllüdlü Banu Məmmədli adlı övladları var. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizamintizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs idarə etdiyi 99UX472 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman proqram vasitəsi ilə verilmiş sifariş əsasından “Lake” oteldən sərnişin qismində götürdüyü X2 avtomobilində bir sıra nalayiq ifadələr işlətmiş, sərnişindən pul qarşılığında görüşüb-görüşməməyini soruşmuşdur. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:

1. İctimai davranış qaydalarının pozulması: Şəxs avtomobilə sərnişin qismində əyləşmiş X4 ilə taksi fəaliyyətinə aid olmayan suallar verməklə onu narahat etmiş, bununla da ictimai davranış qaydalarını pozmuşdur.

2. Əxlaq normalarına uyğunluğun pozulması: Sərnişin qismində əyləşmiş xanıma cinsi xidmət göstərməsi barədə sual verməklə əxlaq normalarını pozmuşdur. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin iş materiallarında olan izahatı, həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs iki azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, Şəxs barəsində yalnız normanın sankiyasında nəzərdə tutulmuş ağır tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunmasını mümkün edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinməli və onun məsuliyyətini yüngülləşdirən hal nəzərə alınmaqla barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, inzibati həbs müddətinin əvvəli Şəxs tutulduğu vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 4 (dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar