Məhkəmə qərarları › İş №3(001)-4884/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4884/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4884/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, müdafiəçi “Sirius” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş və sonuncunun tabesizlik göstərməsi ilə bağlı raport tərtib edilmişdir. Daxil olmuş həmin raport barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmış və sonuncunun əməlində inzibati xəta tərkibi müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. İlkin danışıq zamanı Şəxs avtomobili duracağa təmin etməkdən imtina etməsini, eyni zamanda avtomobilini heç kimin duracağa apara bilməcəyini bildirmişdir. Vəkil gəldikdən sonra isə qanunsuz olaraq avtomobilinin duracağa təmin edilə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə özünü təqsirli hesab etmir. “Hyundai Sonata” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı nəqliyyat vasitəsini idarə edən zaman ona polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, o nəqliyyat vasitəsini saxlayaraq polis əməkdaşlarından saxlanılma səbəbini soruşmuşdur. Polis əməkdşaları ona avtomobilin asqı sistemi və səs boğucu sisteminə müdaxilə olunduğu bildirilmişdir. O, avtomobilin asqı sistemini və səs boğucuları dəyişmiş, lakin rəsmi servisdə dəyişməmişdir. Bundan sonra o avtomobildə edilmiş dəyişikliklərin şəkillərini və hansı firmadan olması ilə bağlı sənədləri göstərmişdir. Səs boğucu sistemlərini 2 il əvvəl xarici şirkətdən alaraq usta yanında dəyişiklik etmişdir. 1 il müddətdir xaricdən sifariş etdiyi asqı sistemini quraşdırmış, həmçinin sport yayları da quraşdırmışdır. Polis əməkdaşları avtomobilin duracağa təmin olunmalı olduğunu bildirmiş, o isə müvafiq protokol tərtib edildikdən sonra avtomobilin duracağa aparılmasını tələb etmiş, polis əməkdaşları ona duracağın qarşısına gedildikdən sonra orada protokol yazılacağaını bildirmişlər, o da polislərlə razılaşaraq birlikdə duracağın qarşısına getmişlər. Duracağa çatdıqdan sonra bildirilmişdir ki, protokol tərtib edilərək aktlaşdırma aparılsın və o, avtomobili duracağa təhvil versin. Lakin, polis əməkdaşları razı olmayaraq onunla kobud danışmış, hədə-qorxu gəlmişlər. Ona verilmiş suallara cavab olaraq o sadəcə avtomobilinin qanunsuz olaraq duracağa aparıla bilməyəcəyini dediyini bildirmişdir. O, avtomobili protokol ona təqdim edilmədiyi üçün duracağa təmin etməmiş, polis əməkdaşı ona protokolun təqdim ediləcəyini bildirsə də, ona heç bir sənəd göstərilməmişdir. Avtomobili hazırda da duracağın qarşısındadır, çünki elə orada saxlamışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin polis nəfəri, polis serjantı X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə radələrində xidmətdə olarkən “Hyundai Sonata” minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin səsinin yüksəkdən çıxdığını görüb, avtomobilin arxasınca dönmüşlər. Nəqliyyat vasitəsinin arxa yayları aşağı olduğundan saxla işarəsi vermiş və daha sonra avtomobildən düşərək sürcüyə yaxınlaşmışlar. Sürücü də avtomobildən düşüb onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra sürücüdən niyə nəqliyyat vasitəsinin həmin vəziyyətdə olduğunu soruşduqları zaman sürücü onlara nəqliyyat vasitəsinin yaylarının sport yaylarla əvəz olunduğunu bildirmiş, sürücüdən sport yayların sənədinin olub-olmamasını soruşmuşlar. Sürücü isə sənədinin olmadığını bildirmiş, nəqliyyat vasitəsində olan dəyişiklər zavoddan gəlmə dəyişiklər olmamışdır. Onlar Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3cü maddələri ilə protokol tərtib ediləcəyini və ona məxsus nəqliyyat vasitəsinin duracağa təmin olunacağını, nəqliyyat vasitəsində olan dəyişiklər aradan qaldırılandan sonra Binəqədi Rayon DYPŞ-nə yaxınlaşıb, protokol ilə tanış olduqdan sonra qol çəkib, duracaq aktı ilə tanış olduqdan sonra nəqliyyat vasitəsinin sərbəst buraxılacağı bildirilmişdir. Şəxs isə “nəqliyat vasitəsi heç bir yana aparıla bilməz” ifadə işlətmişdir. Onlar sonuncu ilə səbr və təmkinlə, hər şeyi izah edərək danışmış, hər hansı bir kobudluq etməmişlər. Sonrasında sürücü avtomobilini duracağın yanına qədər sürmüş, lakin orada saxlayaraq avtomobili duracağa təmin etməmiş, protokolu tərtib olunmalı olduğunu, gedib özünün nəqliyyat vasitəsini düzəldəcəyini bildirmişdir. Protokol 00:44-də tərtib olunmuş, sürücü isə həmin vaxtı Kənan adlı şəxsə zəng etmiş, Kənan adlı şəxs telefonda narahat olmamağı, protokol yazılmağını və avtomobili duracağa təmin etməməyi, vəkil çağıracaqlarını bildirmişdir. Bundan sonra Şəxs avtomobilini duracağa təmin etməmiş, nəticədə onlar post patrul əməkdaşları çağırmaq məcburiyyətində qalmışlar. Şəxs avtomobilin qapılarını bağlayaraq açarı özü ilə götürmüş və avtomobilini duracağa yerləşdirməkdən imtina etmişdir. Məhkəmə iclasında “Sirius” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, 25 iyun 2025-ci il tarixdə gecə saat 01:00 radələrində hüquqlarını müdafiə etdiyi şəxsin avtomobili saxlanılmışdır və əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta tərkibinin olması bildirilmişdir. Şəxs da polis əməkdaşlarına inzibati xəta haqqında protokolunun tərtib olunmasını bildirmişdir. Göründüyü kimi Şəxs əməlində polisin qanuni tələbinə tabe olmama ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin istinad edilən əməli törətməsini təsdiq edən heç bir sübut da mövcud deyildir. Şəxs duracağa gələrək qanuni tələbləri yerinə yetirmişdir. Bundan başqa bildirməlidir ki, hüquqlarını müdafiə etdiyi şəxs tələbədir, həm də ilk dəfədir ki belə bir işlə bağlı saxlanılır. Növbəti gün də imtahanda iştirak etməlidir, həmçinin 28 iyun 2025-ci il tarixdə məzun günündə iştirak etməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:55-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol xx.xx.2025-ci il tarixdə, saat 00:44-də tərtib edilmişdir. Protokola əsasən Şəxs İXM-nin 342.2.2 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs AR İXM-nin 342.2.2, 342.2.3-cü maddələri ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Şəxs Hyundai Sonata” minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ona YPX əməkdaşları tərəfindən saxla işarə verərək nəqliyyat vasitəsini saxlaması tələb edilmişdir. Şəxs nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşüb polis əməkdaşları ilə danışmış, özü nəqliyyat vasitəsində asqı sisteminin və yayların dəyişdirildiyini, səsboğucuların quraşdırıldığını etiraf etmişdir. Bundan sonra inzibati xəta haqqında protokolun tərtib edilməsini tələb etmiş, avtomobili cərimə meydançasının yanınadək aparmış, sonda protokol tərtib edilmədiyi üçün avtomobili duracağa təmin etməmiş, sonda PPX əməkdaşları tərəfindən polis bölməsinə aparmışlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, İXM-nin 96.1-ci maddəsinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; Göründüyü kimi qeyd olunan normada göstərilən halda sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Hazırki iş üzrə Şəxs özü avtomobildə asqı sistemini dəyişdirdiyini, yayları sport yaylarla əvəz etdiyini, səsboğucular quraşdırdığını etiraf etiraf edərək həmin dəyişikliklərin normativ tələblərə uyğun olması barədə isə hər hansı sənədinin olmadığnı bildirmişdir. Başqa sözlə, Şəxs özü avtomobildə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmasını və dəyişdirilməsini qəbul etmişdir. Belə olan halda onun nəqliyyat vasitəsindən kənarlaşdırılması və nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə polis əməkdaşının tələbi qanuni olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixdə, saat 00:44-də İXM-nin 342.2.2 və 342.2.3-cü maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməməsi özlüyündə İXM-nin tələblərinə zidd ola bilər, lakin heç bir halda nəqliyyat vasitəsinin duracağa təmin olunmasından imtina edilməsinə əsas verməməklə, nəqliyyat vasitəsinin duracağa təmin olunması barədə tələbin qanuniliyini istisna etmir. Odur ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıdığı və dəyişdirildiyi halda nəqliyyat vasitəsinin duracağa təmin olunması barədə YPX əməkdaşları tərəfindən ona yönələn qanuni tələbə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport, şahid izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2025-ci il tarixdə, saat 00:55-də inzibati qaydada tutulmuş, bundan sonra azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də, məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar