Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4885/2025 25.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13, qərardan şikayət vermiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X14 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X14 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, müntəzəm olaraq sərnişin daşımaları sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Dostuna məxsus maşınları etibarnamə üzrə taksi fəaliyyəti üçün götürmüş, daha sonra taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri cəlb etmək üçün Tap.az saytında elan vermişdir. Bundan sonra bir nəfər X5 onun elanı ilə tanış olduqdan sonra ona müraciət etmiş, aralarında əldə edilmiş razılığa əsasən maşını taksi fəaliyyəti üçün ona etibarnamə ilə istifadəyə vermişdir. Əslində məqsədinin icarəyə götürdüyü maşını subicarəyə vermək olduğunu bildirən X14 ona verilən suala cavab verərək bildirmişdir ki, nə dostu ilə, nə də X5 ilə icarə müqaviləsi bağlamamışdır. X1 ilə aralarında şifahi razılaşma olmuşdur ki, qazandığı pullardan ona ona gəlir verəcəkdir. X5 təxminən 7-8 günə 400 manat yaxın ona gəlir vermişdir. Lakin sonradan məlum olmuşdur ki, maşının cəriməsi vardır, həm də maşın xarab olmuşdur. Aralarında bununla bağlı narazılıq olmuş, X5 isə prokurorluğa şikayət vermişdir. Prokurorluq işi araşdıraraq materiallarla birgə X12 göndərmiş, bu zaman ona xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarla 3000 manat cərimə tətbiq edilmişdir. Özünün taxi fəaliyyəti ilə bağlı VÖEN olsa da özünü vəzifəli şəxs hesab etmədiyini, bu qədər cərimənin ədalətsiz olduğunu bildirən X14 məhkəmədən barəsində qəbul edilən qərarın ləğv edilərək, inzibati xətaya dair icraata xitam verilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında qərarından şikayət verilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X16 bildirmişdir ki, tərəflərindən yekun qərar qəbul edilməsi üçün materiallar prokurorkuqdan daxil olmuşdur. Prokurorluq tərəfindən zəruri araşdırmalar aparıldığından təkrar dindirmələrə ehtiyac duyulmamış, X14 daxil olmuş materiallarla tanışlıq üçün inzibati binaya dəvət edilmişdir. X14 prokurorluqda barəsində aparılmış araşdırmadan xəbərdar olmuş, onun izahatı alınmış, barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasından da xəbərdar olmuşdur. Nümayəndə hal-hazırda verilən şikayətə isə münasibətdə bildirərək qeyd etmişdir ki, bu şikayət tam əsassızdır. Bununla bağlı Konsitutsiya Məhkəməsinin mövqeyi də vardır. Onlae bu mövqedən çıxış edərək yekun qərar qəbul etmişlər. Barəsində inzibati tənbeh tətbiq edilən X6 cərimənin yuxarı məbləğdə tətbiqinə münasibətdə isə bildirmək istəyirlər ki, İXM-in 192.1-ci maddəsinə görə vəzifəli şəxsə üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq edilə bilər ki, ona minimum yəni 3000 manat cərimə tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. X8 Bakı şəhər İdarəsi tərəfindən X9 göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 47649/2025 nömrəli bildiriş
5. X8 Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-C-47090/2025 nömrəli məktubla X9 göndərilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar
6. Binəqədi Rayon Porkurorluğu tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında üç üzrə icraatın başlanması haqqında” Qərar
7. Binəqədi Rayon Porkurorluğu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilən X14 barəsində İXM-nin 192.1-ci maddəsi ilə bağlı başlanmış 23-İX-25 nömrəli iş materialı Məhkəmənin əsaslandırması və mövqeyi:
8. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki X6 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir.
9. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
10. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
13. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
14. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında və yazdığı şikayət ərizəsində də X14 özü bildirmişdir ki, o maşınları dostundan etibarnamə üzrə taksi fəaliyyəti ilə fərdi sahibkarlıqla bağlı əldə etmişdir. Hətta bu fəaliyyətlə bağlı özünə VÖEN də açmışdır. Bundan sonra onu da bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri cəlb etmək üçün Tap.az saytında elan vermişdir. Bundan sonra bir nəfər X5 onun elanı ilə tanış olduqdan sonra ona müraciət etmiş, aralarında əldə edilmiş razılığa əsasən maşını taksi fəaliyyəti üçün ona etibarnamə ilə istifadəyə vermişdir. Məhkəmə ilk növbədə bildirmək istəyir ki, X14 məhkəmə iclas zalında dostundan maşını icarəyə götürdüyünü, daha sonra X3 da əslində subicarəyə vermək niyyətində olduğunu bildirsə də müəyyən edilmişdir ki, tərəflər arsında hər hansı bir icarə müqaviləsi bağlanmamışdır. Mülki Məcəllənin 700-cü maddəsinə müvafiq olaraq icarə müqaviləsi əmlak kirayəsi müqaviləsi olmaqla müqavilənin mühüm şərtlərindən biri onun yazılı formada bağlanmasıdır. Lakin şikayətçinin verdiyi ifadə və işin faktiki hallarından o müəyyən edilir ki, X2 Məhəmmədəli Kamil oğlunu özünün əsas fəaliyyət sahəsinə aid (taksi fəaliyyəti) işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Belə olduqda isə tərəflər arasında yaranan münasibət mülki xarakterli hesab edilə bilməz. Qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsində birabaşa olaraq göstərilmişdir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Məhz bu əsaslardan biri də ƏM-nin 7.2-3.4-cü maddəsinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı hallardır. Qeyd edilən norma ilə bağlı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh edilmişdir. Plenum məsələyə daha geniş şərh verərək göstərmişdir ki, mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Nəticə olaraq Plenum öz qərarında bildirir ki, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur və həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
15. Nəticə olaraq məhkəmə bildirmək istəyir ki,, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Hazırkı inzibati işlə də müəyyən edilir ki, X6 əsas faəliyyət sahəsi olan taksi fəaliyyətinə dair işləri mütəmadi, sistematik və davamlı xarakter daşımaqla onun nəzarəti altında və təlimatına uyğun olaraq X5 tərəfindən yerinə yetirilmişdir.
16. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs X14 tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatlar inzibati tənbehdən yaxa qurtarmaq məqsədi daşıyır və təqsirsiz olmasına dair qeyd olunan hallar məhkəmədə toplanmış sübutlarla təkzib edilmişdir. Odur ki, X6 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
25. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova