Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4888/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28683965 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 3889/2025 saylı qərardadı ilə X1 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28683965 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət verən X3 məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28683965 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28683965 nömrəli qərarı ilə ona AR İXM-in 327.4-cü maddəsi ilə nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 150 manat məbləğində cərimə və 3 bal tətbiq edilmişdir. Lakin, o, bu qərarla razı deyil. Çünki, hərəkət etdiyi küçədə nə yerdə üfüqi xətlər nə də ki həmin küçədə heç bir qadağanedici digər nişan olmamışdır. Belə olan halda, o, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsindəndə məlumatlı olmamış, hərəkətdə olduğu istiqamətdə də hər hansı avtomobil önünə çıxmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə AR DİN-in Baş X5 İdarəsinə məlumat verilsə də o, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə şikayətə AR DİN-in Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28683965 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Toyoto Camry” minik markalı, 77YL163 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərara əlavə edilmiş fotoşəkildən görünür ki, “Toyoto Camry” minik markalı, 77YL163 dövlət qeydiyyat nişanlı avtomobil digər nəqliyyat vasitələri ilə eyni istiqamətdə hərəkət edir. Qarşıdan gələn heç bir avtomobil görünmür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi yuxarıda qeyd olunan normanın tətbiq edilməsi üçün 2 zəruri şərt birlikdə olmalıdır.
1. birtərəfli yol olduğunu göstərən nişan və ya xətt (1.1, 1.3, 1.11) olmalıdır;
2. sürücü bu tələbləri pozaraq nəqliyyat axınına qarşı hərəkət etməlidir. Hazırki işə əlavə edilmiş fotoşəkildə göstərilən yolda 1.1, 1.3 və 1.11 üfüqi nişanlar və ya xətlər mövcud deyil, əks istiqamətdən hərəkət edən heç bir avtomobil də müşahidə edilmir, avtomobil digər avtomobillərlə eyni istiqamətdə hərəkət edir. Əgər yolda hərəkət istiqamətini müəyyən edən fiziki nişanlar və ya üfüqi nişanlanma xətləri yoxdursa, sürücünün həmin yolun əks istiqamətli olduğunu dərk etməsi və ya bunu əvvəlcədən bilməsi obyektiv olaraq mümkün deyildir. Üstəlik, əks istiqamətdən heç bir avtomobilin gəlməməsi, həmin vaxt orada intensiv hərəkət olmadığı həmin yolun faktiki olaraq birtərəfli olduğunu güman etməyə əsaslar verə bilərdi ki, şikayət verən də öz şikayətində bu halları xüsusilə vurğulamışdır. Göründüyü kimi şikayət verən şəxsə tətbiq edilən qanun norması ilə təqsirli bilinib ona cərimə tətbiq edilməsi əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28683965 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ:
Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28683965 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Elçin Ağayev