Məhkəmə qərarları › İş №3(001)-4894/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4894/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4894/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, X10 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 nümayəndəsi “FORTİORİ” Vəkil Bürosunun vəkili X13 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X18 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən MN ******* nömrəli, 10 iyun 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-nin direktoru olan Şahin Əliyev tərəfindən əmək müqaviləsi bağlanılmadan işlərə cəlb edildiyi qeyd edilmişdir. Nəticədə, direktorun əməllərində İnzibati Xətalar Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanın olması barədə qərar qəbul edilmişdir. Qərarda adıçəkilən şəxs cəmiyyətə qeyd edilən tarixlərdə işçi kimi cəlb olunmamış, həmin müddət ərzində cəmiyyət üçün işlər, xidmətlər icra etməmişdir. Bununla bağlı Kəlbəcər Rayon Prokurorluğu əsaslı sübutlar olmadan, hərtərəfli araşdırma aparmadan inzibati iş üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş, X12 Xidməti isə əsassız olaraq direktor Şahin Əliyev barəsində 3000 manat həcmində cərimə tətbiq edilməsi ilə nəticələnən qərar qəbul etmişdir. Kəlbəcər Rayon Prokurorluğunun X8 təqdim etdiyi sənədlər, o cümlədən xx.xx.2025-ci il tarixli, 25-1-2-2- 436-2413-1 saylı inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar Şahin Əliyevə təqdim edilməmiş, iş materialları ilə tanış olmağına şərait yaradılmamışdır. Qərarda qeyd edilən müddət ərzində Fərhad Məmmədov adlı şəxsin əmək fəaliyyətinin qeyri-rəsmi aparıldığına dair təqdim olunan məlumatlar hüquqi cəhətdən əsaslandırılmamışdır və mötəbər sübut hesab oluna bilməz. Belə ki, hazırda Fərhad Məmmədovun Cəmiyyət ilə əmək münasibətlərini, həmin münasibətlərin şərtlərini və şəraitini sübuta yetirəcək heç bir əsaslı dəlil yoxdur. Beləliklə, müvafiq sənədlərin təqdim edilməməsi, sadəcə inzibati tənbeh vermə haqqında qərarın verilməsi ilə Fərhad Məmmədovun qərarda qeyd edilən müddətlərdə cəmiyyət üçün işlər görməsi iddiası fakt olaraq qəbul edilə bilməz. Qeyd edilənlər qərarın dəqiqliyi, həqiqiliyi və mötəbərliyi ilə bağlı da ciddi şübhələr yaratmaqdadır. Əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlik əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olub-olmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə və israrlı olaraq hər hansı bir əməlin baş verilməsi üçün daimi olaraq aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Lakin yuxarıda göstərilən işin hallarından aydındır ki, nə direktorun, nə də Cəmiyyətin belə bir niyyəti, o cümlədən hərəkəti mövcud olmamışdır. O da qeyd olunmalıdır ki, inzibati tənbehin məqsədləri şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Yuxarıda sadalananlara əsasən, X18 barəsində qəbul edilmiş MN ******* nömrəli, 10 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. X10 nümayəndəsi “FORTİORİ” Vəkil Bürosunun vəkili X13 bildirmişdir ki, X12 Xidmətinin iş materiallarına əlavə etdiyi sənədlərlə hansı əsasla araşdırma aparılmasını, Şahin Əliyevin hansı əsasla cərimə olunduğunu müəyyən etmək mümkün olmur. İnzibati tənbeh vermə haqqında qərarda adı qeyd edilmiş şəxslə əmək münasibətləri qısa müddətli olmuşdur. Həmin şəxs qanunsuz əsasla fəaliyyət göstərməmişdir. X18 heç bir əsas olmadan inzibati qaydada cərimə olunmuşdur. X12 Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Fərhad Məmmədovun, Rafel Yusifovun və Musa İsmayılovun prokurorluq tərəfindən alınmış izahatlarında “AZR Business” şirkətinin adı qeyd edilmişdir. Həmin hüquqi şəxsin direktoru isə başqa şəxsdir. Qarabağ zonasında işləyən şəxslərin həmin ərazidə iş yerlərini dəyişməsi tez-tez rast gəlinən praktikadır. Təqdim edilmiş tabellərdə imzaların kimə məxsus olduğu bəlli deyil. Şahin Əliyevin həmin tabeldə ümumiyyətlə imzası, şirkətin möhürü yoxdur. Hesab edir ki, həmin sübutlar mötəbər sayıla bilməz. Odur ki, X18 barəsində qəbul edilmiş 10 iyun 2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin nümayəndəsi X11 bildirmişdir ki, Laçın rayon prokuroru tərəfindən xx.xx.2025ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-nin istifadəsində olan daş karxanasında qaynaqçı kimi işlərin görülməsinə cəlb edilmişdir. Qeyd edilən fakt prokurorluqda aparılmış araşdırma zamanı alınmış izahatlarla öz təsdiqini tapmışdır. X6 əvvəllər "xxxx" MMC əmək müqaviləsi əsasında işləsə də, əmək müqaviləsinin müddəti bitdikdən sonra da işlərin görülməsinə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin nümayəndəsi X15 bildirmişdir ki, X18 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* qərar tam əsaslıdır. Odur ki, X10 nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X18 əmək müqaviləsi bağlamadan X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3.000 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4033/2025 nömrəli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1982/2025 nömrəli qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4033/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X10 nümayəndəsi “FORTİORİ” Vəkil Bürosunun vəkili X13 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, X18 tərəfindən X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da X18 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X18 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əsaslı olaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə X10 nümayəndəsi “FORTİORİ” Vəkil Bürosunun vəkili X13 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Bundan əlavə X10 nümayəndəsi “FORTİORİ” Vəkil Bürosunun vəkili X7 məhkəmədə verdiyi izahatında Fərhad Məmmədovun, Rafel Yusifovun və Musa İsmayılovun prokurorluq tərəfindən alınmış izahatlarında “AZR Business” şirkətinin adının qeyd edilməsi ilə bağlı göstərdiklərinə dair məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 3(001)-4033/2025 nömrəli iş üzrə X3 və X5 "xxxx" MMCdə işləmələri toplanmış sübutlarla öz təsdiqini tapmış, X10 direktoru olduğu "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4033/2025 nömrəli qərarından "xxxx" MMC tərəfindən apelyasiya şikayəti verilmiş, şikayət təmin edilməmiş, qərar şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən X10 nümayəndəsi “FORTİORİ” Vəkil Bürosunun vəkili X7 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 nümayəndəsi “FORTİORİ” Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X12 Xidmətinin Şərqi Zəngəzur regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar