Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4895/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXMin 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-01742/25) nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 bildirmişdir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********9244 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 10364.68 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən “Nado LTD” şirkətinə ixrac etmiş, lakin 435.68 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Bu səbəbdən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra daxil olmuş məlumat əsasında araşdırma aparılmış və konsiqnasiya nəzarətinə dair portala baxış keçirilən zaman Şəxs tərəfindən 435.68 ABŞ dolları məbləğində pul vəsaitinin xx.xx.2024-cü il tarixdə müvəkkil banka təqdim edilməsi müəyyən edilmişdir. Hazırda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair etirazları yoxdur.
3. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, tərəflərindən ixracla bağlı bütün ödənişlər edilmişdir. Hətta məhkəmə iclasından əvvəl də bankla əlaqə saxlanılmış və bankdan onlara hüquqlarını təmsil etdiyi şirkətin bankla bağlı açıq hesabatının olmadığı, pulların hamısının ödənildiyi bildirilmişdir. Sadəcə olaraq şirkətin əməkdaşı ölkəyə daxil olan malları bəyan edən zaman invoys dəyərini 435 dollar əksik qeyd etmiş, daha sonra isə səhvini düzəltmişdir. Bununla bağlı gömrük bəyannaməsi mövcuddur. Ona görə də, məhkəmədən cəmiyyət barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Gürcüstan Respublikasında fəaliyyət göstərən “Nado LTD” şirkəti ilə bağlanmış 04 nömrəli xx.xx.2023-cü tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********9244 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 10364.68 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən “Nado LTD” şirkətinə ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 435.68 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir.
5. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-01742/25) nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaiti (180 gün ərzində) xaricdən qaytarılmamışdır.
6. Gömrük xidmətinin X1 Sisteminin “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinin portal çıxarışından görünür ki, Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli **********9244 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli məbləğin qalığı olan 435.68 ABŞ dolları məbləğində pul xx.xx.2024-cü il tarixdə "xxxx" QSC-nin hesabına köçürülmüşdür.
7. xx.xx.2024-cü il tarixli **********9244 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən 10364.68 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən “Nado LTD” şirkətinə ixrac etmiş və həmin məbləğ "xxxx" QSC-nin hesabına tam şəkildə köçürülmüşdür. Məhkəmənin əsaslandırması və mövqeyi:
8. Məhkəmə, proses iştirakçısı dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki Şəxs barəsində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasında müvəkkil banka əvvəlcə ünvanladıqları xx.xx.2024-cü il tarixli **********9244 sorğu nömrəli gömrük bəyannaməsi ilə 9929.00 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən “Nado LTD” şirkətinə ixrac etmələri ilə bağlı texniki səhvə yol verdikləri bəyannamə təqdim edilmiş, daha sonra həmin bəyannamə təkrar göndərilərək məbləğ 10364.68 ABŞ dollar olaraq göstərilmişdir. Həmçinin Gömrük xidmətinin X1 Sisteminin “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinin portal çıxarışında da müəyyən edilir ki, Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli **********9244 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli məbləğin qalığı olan 435.68 ABŞ dolları məbləğində pul "xxxx" QSC-nin hesabına köçürülmüş və bəyannamə üzrə qalıq borc müəyyən edilmir.
10. Qeyd edilməlidir ki, İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə müəyyən edilmişdir.
11. Göründüyü kimi, Şəxs Gürcüstan Respublikasında fəaliyyət göstərən “Nado LTD” şirkəti ilə bağlanmış 04 nömrəli xx.xx.2023-cü tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********9244 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 10364.68 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən “Nado LTD” şirkətinə ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş pul vəsaiti "xxxx" QSC-nin hesabına tam şəkildə köçürülmüşdür. Həmin hal, məhkəmə iclasında toplanmış sübutlarla öz təsdiqini tapmaqla, Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən də təsdiq edilmiş və Şəxs hərəkətlərində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı sübuta yetirilmişdir.
12. Məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
13. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
14. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
15. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
16. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
17. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
18. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
19. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
20. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
21. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-01742/25) nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
22. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* (00100-01742/25) inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova