Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4897/2023 12.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış fiziki şəxs Şəxs iştirakı ilə, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən fiziki şəxs Şəxs barəsində qəbul edilmiş 16 noyabr 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, Şəxs 25 və 26 oktyabr 2023-cü il tarixlərdə Bakı şəhəri Binəqədi rayonu X1 küçəsi 59K saylı yaşayış binasının avtodayacağında quraşdırılmış dəmir konstruksiyanı sökərək həmin binanın məxsus olduğu "xxxx" MMC-yə 200 manat maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon prokuroru (və ya nümayəndəsi), habelə zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi iştirak etməmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində özünü təqsirsiz hesab edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X1 küçəsi 59K saylı yaşayış binasında ailəsi ilə birlikdə yaşayır. Həmin binanın məxsus olduğu "xxxx" MMC-dən icarə müqaviləsi əsasında özünün və arvadının avtomobillərini park etmək üçün qaraj götürmüşdür. 25 oktyabr 2023-cü ildə axşam saat 23 radələrındə həmin qaraja daxil olmaq istəyərkən avtodayanacağın giriş qapısından təxminən 30 metr məsafədə divara kustar üsulla dəmir parçası bağlandığını görmüşdür. Avtomobil yolu ensiz olduğundan iri ölçülü öz avtomobili, eləcə də sürücülük vərdişləri kifayət qədər yüksək olmayan arvadının avtomobilinin yolun hərəkət hissəsinə uzanmış elektron təchizatla təmin olunmamış həmin dəmir parçasına dəyərək zədələnməməsi üçün avtomobildən düşərək əli ilə həmin dəmiri silkələyərək yerindən çıxarmışdır. Dəmir parçası divara adi boltlarla zəif bağlandığından onu rahat çıxara bilmişdir. Dəmiri çıxardıqdan sonra onu Məhəmməd adlı mühafizəçiyə təhvil vermiş və iradlarını bildirmişdir. Bundan başqa 26 oktyabr 2023-cü ildə qaraja piyada avtomobilinə doğru gələrkən bu dəfə yerə bərkidilmiş yerdən təxminən 1 metr hündürlüyündə dəmir parçasının basdırıldığını görmüşdür. Park üçün yeri avtodayanacağın girişində olduğundan və avtodayanacağın sütunu park yerində olduğu uçun dayanacaqdan birbaşa çıxa bilmir, yalnız sağa dönərək qarşıdan dönməklə çıxa bilir. Yerə basdırılmış dəmir parçası isə avtomobilini saga döndərməyə mane yaratdığından dəmir parçasını yerindən çıxararaq mühafizəçiyə təhvil vermişdir. Həmin dəmir parçası da yerə dəmir boltla bərkidilmiş, kustar usulla bərkidildiyi üçün asanlıqla çıxmışdır. Hər iki dəmir parçasını yerindən çıxararkən onlara zərər vurmamışdır. İstəsə də bu mümkün deyil, çünki dəmir parçasını əl ilə əyib məhv etmək və ya zədələmək mümkün deyil. Belə olan halda hansı əsasla barəsində inzibati xəta haqqında icraat başlanması anlaşılan deyil. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətmədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş bir ədəd yaddaş kartındakı videofayldan görünür ki, Şəxs idarə etdiyi avtomobillə avtodayanacağa daxil olarkən girişdən təxminən 30 metr məsafədə divara bağlanmış dəmir parçasının yanında idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşür. Avtomobil yolunun solunda divarda yerdən təxminən 1 metr hündürlükdə yolun hərəkət hissəsinə doğru uzanmış dəmir parçası görünür. Həmin dəmir parçası kənardan elektron idarəetmə sistemi ilə təmin edilməmişdir, kustar üsulla divara bərkidildiyini müəyyənləşdirmək olur. Şəxs əli ilə həmin dəmir parçasını sola-sağa doğru tərpədərək yerindən çıxarır, daha sonra isə mühafizəçiyə verir. Görüntüyə əsasən dəmir parçası məhv edilmiş və ya zədələnmiş halda deyil, üzərindəki boltlar da aydın şəkildə görünür. Digər videogörüntüyə görə Şəxs avtodayacaqda piyada avtomobilinə doğru gələrkən yerə bərkidilmiş yerdən təxminən 1 metr hündürlüyündə dəmir parçasının basdırıldığını aşkar edir. Həmin dəmir parçası avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş iki dayanacaq yerinin ortasında sütundan irəlidə (yolun hərəkət hissəsinə doğru) yerə basdırılmışdır. Şəxs həmin dəmir parçasını əli ilə sola-sağa doğru tərpədərək yerindən çıxarır, daha sonra isə həmin yerə gəlmiş mühafizəçiyə verir. Görüntüyə əsasən dəmir parçası məhv edilmiş və ya zədələnmiş halda deyil, üzərindəki boltlar da görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. (Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.) Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmədən ibarət əməldə ifadə olunur. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə tam yararsız vəziyyətə salınır və həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Zədələmə dedikdə isə əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir, təsərrüfat və ya başqa məqsədlə istifadəyə qismən yararsız olur. Şəxs tərəfindən qəsdən məhv edildiyi və ya zədələndiyi bildirilən əmlak adi dəmir parçasıdır. Həmin dəmir parça həm divara, həm də yerə boltlarla bərkidilmişdir. Yaşayış binasının avtodayanacağına kənar avtomobillərin daxil olmasının qarşısını almaq üçün quraşdırılan giriş-çıxış sistemi deyil, avtomatik və ya kart sistemi ilə işləmir. Videofayldanda göründüyü kimi Şəxs dəmir parçasını yerindən çıxararkən onlar və üzərindəki boltlar təsərrüfat dəyərini itirməmişdir, tam və ya qismən yararsız vəziyyətə salınmamışdır, qalınlığı isə insan əlləri ilə əyilməsinin mümkünsüzlüyünü göstərir. İşin müəyyən edilmiş qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs Şəxs tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından fiziki şəxs Şəxs barəsində 16 noyabr 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4897/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4897/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver