Məhkəmə qərarları › İş №3(001)-4897/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4897/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4897/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 DİN-in Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi ** XM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 21:08-də Bakı şəhəri, Fətəli xan Xoyski prospekti 138 b ünvanında işıqforun qırmızı işığında dayandığı zaman X6 xidmətinin əməkdaşı onu saxlayaraq, onun avtobus zolağında olduğunu iddia edərək qanunsuz protokol tərtib etmiş və daha sonra onu təhqir etmişdir. O, həm protokoldan həm də YPX əməkdaşından e-polis tətbiqi ilə şikayət etsə də, barəsində TP ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə iclasında X1 şikayətin məzmununa uyğun çıxış edərək, idarə etdiyi avtomobildə olan video qeydiyyat cihazından əldə edilmiş video-görüntüdən də onun qayda pozuntusu törətmədiyinin göründüyünü bildirmiş və barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri və şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 21:08-də Bakı, Fətəli Xoyski pr., 138b ünvanında “Toyota Prius(hibrid)” minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı idarə edərkən İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüyə baxış keçirilmiş, inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilmə saatı olaraq qeyd olunan 21 radələrində qeydə alınmış kadrlarda “Toyota Prius(hibrid)” minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən hər hansı inzibati xətanın törədilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, X1nun məhkəməyə təqdim etdiyi video-görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin hərəkətini davam etdirdiyi zolaq avtobus zolağı hesab olunmur. Belə ki, həmin yolda avtobus zolağının bitdiyi göstərən nişan yerləşdirilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edildiyi xx.xx.2025-ci il tarixdə Bakı, Fətəli Xoyski pr., 138b ünvanında, “Toyota Prius(hibrid)” minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi hərəkət zolağında 5.9, 5.10.1— 5.10.3 nişanlarının olması və ya ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda hərəkətini davam etdirməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu bildirmişdir. İnzibati orqan xətanın mövcudluğunun videogörüntü ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən görüntüdə X1nun avtobus zolağı ilə hərəkət etməsi müəyyən edilməmişdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar