Məhkəmə qərarları › İş №3(001)-490/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-490/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-490/2024 30.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 12 yanvar 2024-cü il tarixdə, saat 00:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Ş.Məmmədova küçəsi ilə iki gediş və iki gəliş zolağından ibarət yolda hərəkətdə olmuş, "Azadlıq" metrostansiyası istiqamətində hərəkətə başlayıb 8-ci mikrorayon istiqamətində geriyə dönən zaman sol zolaqla gəlib dönmə işığını yandıraraq sola dönməyə icazə verən xəttin qırıq-qırıq hissəsindən geriyə dönən zaman arxadan hərəkətdə olan "Vaz 2106" minik markalı nəqliyyat vasitəsinin sürücüsü "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq qoşa xəttin tələbini pozmaqla əks hərəkət yoluna çıxıb hərəkətini davam etdirməklə dönmə əməliyyatını icra edərkən onun nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə ona maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar barəsində tərtib edilmiş, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən TP ******* saylı, 15 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat cərimə növündə inzibati tənbeh edilmişdir. Lakin, o özünü qeyd olunan inzibati xəta üzrə təqsirli bilmir. Belə hesab edir ki, əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Belə ki, onunla eyni zolaqda ondan arxada hərəkət edən sürücüyə dönəcəyi barədə sola dönmə işığını yandıraraq məlumat vermiş və sürücü bundan kifayət qədər məlumatlı olmuşdur. Bundan əlavə digər sürücünün sərxoş olmadığına dair heç bir sənəd, sübut yoxdur. Sürücünün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci və 51-ci maddələrinin tələblərini pozması qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsinə və istifadəsində olan nəqliyyat vasitəsinə maddi ziyan yetirilməsinə səbəb olmuşdur. Bununla da aydın olur ki, tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar polis əməkdaşlarının qərəzli münasibətinin nəticəsidir. Dəfələrlə o polis əməkdaşlarına ərazidə yerləşən və yol-nəqliyyat hadisəsinin video-müşahidəsini aparan kameranın görüntülərinə baxmaqla əmələ hüquqi qiymət verilməsinə dair şifahi vəsatətlə müraciət etsə də vəsatətlərinin heç birinə hüquqi qiymət verilməmiş və onun hüquqları kobud surətdə pozulmaqla barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı Binəqədi RPİ-nin DYPŞ-nin YNH inspektoru, polis leytenantı X4 tərəfindən tərtib olunmuş İXP ******* saylı, 15 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol da qanunun tələblərinə riayət olunmadan tərtib olunmuşdur. Göstərilənlərə əsasən barəsində tərtib olunmuş TP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 izahatında vəsatətin məzmununa uyğun çıxış edərək barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Binəqədi RPİ-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam əsaslıdır. X1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmiş və sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsi, qərarın dəyişdirilmədən və ləğv edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Binəqədi rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “CD” diskə baxış zamanı müəyyən edilmişdir ki, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin (Opel markalı) sürücüsü eyni istiqamətli iki hərəkət zolağından ibarət yolda sağ zolaqda hərəkətdə olan zaman sol hərəkət zolağına keçmədən və arxadan gələn və sol zolaqda hərəkət edən Vaz 2106 markalı 77XZ817 nəqliyyat vasitəsinə yol vermədən anidən sola manevr etmək istəyərkən yol nəqliyyat hadisəsinin yaranmasına səbəb olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin Vİ bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Məhkəmə hesab edir ki, X3 idarə etdiyi nəqliyyat vasitəsi ilə sola dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində, yəni sol hərəkət zolağında müvafiq kənar vəziyyət tutmamış, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin Vİ bəndinin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin xx.xx.2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar