Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-491/2023 08.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4cü Polis şöbəsinin polis sahə rəisi X3 tərəfindən xx.xx.2021-ci il tarixdə barəsində İXM-nin 211.3-cü maddəsinə əsasən ******* nömrəli protokol tərtib edilmişdir. Lakin həmin protokol, nə də protokol əsasında eyni vəzifəli şəxs tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərar inzibati xətalara dair qanunvericiliyin tələblərinə zidd olaraq ona rəsmi olaraq çatdırılmamışdır. Nəhayət o ,öz təşəbbüsü ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki cənab Musa Musayevə müraciət edərək barəsində aparılmış inzibati icraat haqqında işə dair sənədlərin ona göndərilməsini xahiş etmişdir. Lakin bu günə qədər ona cavab verilməmi. və sənədlər ona rəsmi çatdırılmamışdır. O, internet resurslarından əldə olunan protokolla və qərarla tanış olmuşdur. Hər iki sənəd qanunsuz və əsassız tərtib olunmuş, işin faktiki hallarını qəti surətdə düzgün əks etdirməmişdir. İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə barəsində qərar tərtib edilməsi əsassız və qanunsuz olmuşdur. Ona görə ki, daha əvvəllər Nizami RPİ-nin 23- cü Polis Bölməsi tərəfindən İXMnin 211-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020ci il tarixli, ******* saylı protokol əsassız olduğu üçün onu tərtib etmiş orqan tərəfindən ləğv edilmiş, bu barədə ona xx.xx.2021-ci il tarixli, 0875631B saylı məktub ünvanlanmışdır. Protokolun ləğv edilməsinə səbəb burnunda keçirilən cərrahi əməliyyat və allergik reaksiyanın olması ilə bağlı üzrlü səbəbdən maskadan istifadə edə bilməməyi olmuşdur. Lakin buna baxmayaraq inzibati orqan ləğv edilmiş inzibati protokola qanunsuz olaraq bir daha istinad etmiş, bununla da "İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi" tələbini yanlış tətbiq etmişdir, həmçinin də xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokolla xx.xx.2021-ci il ərzində tərtib edilmiş protokol bir il ərzində deyil, bir il 2 ay 05 gün sonra tərtib edilmişdir. Həmçinin protokol tərtib edilən tarixdə İXM-nin 211.3-cü maddəsində protokolda qeyd edilimiş sanksiya (dörd yüz manat məbləğində cərimə növü) nə fiziki şəxslər, nə vəzifəli şəxslər, nə də ki, hüquqi şəxslər üçün) mövcud olmamışdır. Onun əməlində inzibati xətanın subyektiv cəhəti olmadığı üçün inzibati xətanın tərkibi də mövcud olmamışdır. O, xx.xx.2021-ci il tarixdə iş yeri "Azəriqaz" İB-nin Binəqədi rayonu üzrə xidmət sahəsində iş otağında əmək xidməti vəzifəsini yerinə yetirən zaman özlərini Binəqədi RPİ-nin əməkdaşları kimi təqdim edən polis əməkdaşları içəri daxil olmuşlar. Onun üzərində olan maska sifətini tam bağlamadığı üçün ona inzibati tənbeh veriləcəyini, barəsində protokol tərtib olunacağını bildirmişlər. Lakin o, burnundan əməliyyat olunduğunu, allergik reaksiyasının olduğunu, buna görə də maska ilə sifətini tam qapadıqda nəfəs almaqda çətinlik çəkdiyini, bu əsasla da Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən İXM-nin 211-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı protokola xitam verildiyini, əməliyyat barədə tibb müəssisəsinin sənədlərini də təqdim edə biləcəyini bildirmişdir. Lakin, ona dəqiq bir mövqe bildirməmişlər. Daha sonra isə ona nə protokol, nə də qərar rəsmi surətdə təqdim olunmamışdır.Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib məhkəmədən şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 məhkəmə iclasında verdiyi izahatında heç bir inzibati xəta törətmədiyini, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ əməkdaşının barəsində əsassız olaraq inzibati xəta haqqında qərar qəbul etdiyini bildirmişdir. Qeyd olunmalıdır ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı X2 izahatında göstərdikləri barəsində aparılmış inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir və bu məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı, qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-491/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-491/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver