Məhkəmə qərarları › İş №3(001)-4914/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4914/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4914/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23069113 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23069113 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 avqust 2024-cü il tarixdə saat 09 radələrində inzibati xəta ilə bağlı telefonuna “sms” gəlmişdir. Elektron kabinetə daxil olub bunun nə ilə bağlı olmasını öyrənərkən məlum olmuşdur ki, həmin gün saat 08:50-də radələrində “Hyundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Alı Mustafayev küçəsində guya İXM-nin 327.1-1-ci maddəsi ilə “inzibati xəta” törədilməsi ilə qeyd edilmişdir. Lakin, elektron qərarın çıxarılması ilə bağlı məlumatdan başqa xətanı sübut edən hər hansı digər sənəd əlavə edilməmişdir. Eyni zamanda guya “xəta”nın xüsusi texniki vasitə ilə qeydə alındığı qeyd edilsə də, həmin xüsusi texniki vasitə Qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verməsi ilə bağlı hər hansı məlumat mövcud deyil. Halbuki, İXM-də bununla bağlı xüsusi məlumatların qeyd edilməsini mütləq olduğu göstərilmişdir. Bu səbəbdən BDYPİ-nin həmin qərarı sübutsuz, əsassız, şübhəli olduğundan, həmçinin İXM-nin tələblərinə uyğun çıxarılmadığından məhkəməyə müraciət etmək üçün elektron qərarı əldə etmişdir. 19 avqust 2024-cü il tarixdə yuxarıda qeyd edilən yerdə hər hansı inzibati xəta törətmədiyindən barəsində əsassız və qanunsuz olaraq elektron cərimə qərarı çıxarılmışdır. Qeyd etdiyi halların, yəni elektron qərarda göstərilən “xəta”nın törədilməsi ilə bağlı şübhələrin aradan qaldırılması və sübutun təqdim edilməsi vəzifəsi dövlət qurumunun üzərinə düşür. Bundan başqa müəyyən olunmuşdur ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilərkən inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulduğu da aşkar edilmişdir. Belə ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bir sıra kobud prosessual pozuntulara da yol verilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstəriməmişdir. Göründüyü kimi BDYPİ-nin elektron protokolu əsasında çıxarılmış elektron qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Ona görə də, çıxarılmış elektron qərarın düzgünlüyü ilə bağlı kifayət qədər şübhələr olduğundan həmin elektron qərar ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edib məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23069113 nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, EQ 23069113 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Alı Mustafayev küçəsində “Hyundai Sonata minik” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23069113 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 müraciətində inzibati xətanın xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edildiyini, lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozularaq elektron kabinetinə inzibati xəta ilə bağlı foto və ya video görüntü əlavə edilmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X2 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir. Digər tərəfdən səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23069113 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23069113 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar