Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4917/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, həmin qərar əsasında yazılmış 150 manat cərimənin silinməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə 99YP740 nörməli avtomobil ilə xidmət aparan inspektor onun idarə etdiyi avtomobili saxlayaraq, avtomobilə əlavə işıq quraşdırdığını bildirmişdir. İnspektora bunun qanunla qadağan edilmədiyini bildirsə də, inspektor qəbul etməmiş, avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirmişdir. Daha sonra onun barəsində AR İXM-in 342.2.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xətanın mövcudluğu ilə razılaşmamasına baxmayaraq protokol qərarlı vurulmuşdur. Halbuki, qanun bunu qadağan edir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilmişdir. Şikayət verən X2 məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Nissan Armada” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bililib 150 (yüz əlli) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, o, eyni tarixdə həmin avtomobili idarə edərkən nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayan əlavə işıq cihazları quraşdırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Eyni Məcəllənin 124.4-cü maddəsinə görə İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin təsvir edilmiş hallarından göründüyü kimi X2 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, buna görə inspektor inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olsa da, xx.xx.2024-cü ildə həmin işə özü yerində baxmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbini pozmuşdur. Çünki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmasını qanun qadağan edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 135.1.5-2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında baxılmaq üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı (X1 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə 150 manat cərimə edilməsi barədə) ləğv edilsin, inzibati xəta haqqında iş baxılmaq üçün yuxarı səlahiyyətli orqana - Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4917/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4917/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver