Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4920/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış fiziki şəxs Şəxs iştirakı ilə, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Şəxs barəsində qəbul edilmiş 19 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərara əsasən, Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan ünvan 1 ünvanda yerləşən mənzili kirayə müqaviləsi bağlamadan 2024-cü ilin iyun ayından avqust ayınadək olan dövr ərzində aylıq 450 manata kirayə verib sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Buna görə fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon prokuroru (və ya nümayəndəsi) iştirak etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış fiziki şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi ev 4, 80 saylı mənzil ona məxsusdur. Həmin mənzili həqiqətəndə 2024-cü ilin iyun ayından avqust ayınadək olan dövr ərzində aylıq 450 manata kirayə vermişdir. 25 iyul 2024-cü ildə həmin mənzildə intihar hadisəsi baş vermişdir. Prokurorluq hadisə ilə bağlı araşdırma aparmış, onun sözügedən mənzili vergi uçotuna alınmadan kirayə verdiyini müəyyən etmişdir. Bununla belə o, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilənlərlə razı deyil. Belə ki, o sahibkarlıq fəaliyyətilə məşğul deyil. Çoxları kimi özünə məxsus mənzili kirayə verib ailəsinin dolanışığını təmin edir. Qərar qəbul edərkən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın dəlillərini araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan ünvan 1 ünvanda yerləşən mənzili 2024-cü ilin iyun ayından avqust ayınadək olan dövr ərzində aylıq 450 manata kirayə verdiyi işin mübahisəsiz halıdır. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaga görə inzibati məsuliyyət nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə görə dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin fiziki şəxslərin gəlir vergisi qaydalarını tənzimləyən Vİİİ bölməsinin 99.3 və 99.3.3-cü maddələrinə görə əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab olunur. Başqa sözlə qanunverici əmlakın icarəyə verilməsini sahibkarlıq fəaliyyətinə deyil, qeyri-sahibkarlıq fəaliyyətinə aid etmişdir. Belə olan halda aydın olur ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaga görə inzibati məsuliyyət nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin dispozisiya şərtləri baxılan işdə ödənmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərarda Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan mənzili aylıq 450 manata kirayə verib sahibkarlıq fəaliyyətini həyata keçirməsi göstərilsə də, əmlakın kirayə verilməsi qanunda qeyrisahibkarlıq fəaliyyəti kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından fiziki şəxs Şəxs barəsində 19 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4920/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4920/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver