Məhkəmə qərarları › İş №3(001)-4924/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4924/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4924/2025 04.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PBnin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Binəqədi rayonu Ordubadi küçəsində Binəqədi RPİ-in 6-cı PB-in əməliyyat müvəkkili polis leytenantı Həvalə Əliyevin xidməti vəzifələrinin icrasına maneəçilik törətmiş, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PBnin sahə inspektoru, polis mayoru X2 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsində Ordubadi küçəsində yaşayan vətəndaşlar çoxsaylı şikayətlər edərək, narkotik vasitə alüdəçilərinin həmin küçəyə mütəmadi gəldiklərini bildirmişlər. Əməliyyat müvəkkili polis leytenantı Həvalə Əliyev həmin ərazidə narkotik vasitə alüdəçilərinə qarşı tədbir keçirərkən, bir nəfər şəxs yaxınlıqdakı həyətdən çıxaraq onun kim olduğunu və nə səbəbə orada olduğunu soruşmuş, o da vətəndaşa xidməti vəsiqəsini göstərərək polis əməkdaşı olduğunu və ona xidməti vəzifəsini icra etməyinə maneçilik törətməməsini bildirmişdir. Lakin həmin vətəndaş ictimai qaydanı pozaraq uca səslə həmin polisin ünvanına nalayiq ifadələr işlətməklə qanuni tələblərinə qəsdən tabe olmamış və mübahisə edərək şübhəli bilinən şəxsin qaçmasına bilərəkdən şərait yaratmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həyətdən səs-küy gəldiyini eşidəndə narahat olmuş, həyətə çıxmış və görmüşdür ki, tanımadığı şəxslər mübahisə edir. O, mübahisə edənləri ayırmağa çalışanda şəxslərdən biri özünü təqdim edərək, polis əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra isə o polis əməkdaşını bir dəfə itələyərək geri çəkilmişdir. Polis əməkdaşı mülki geyimdə olduğu üçün sıradan vətəndaş hesab etmişdir. Polis əməkdaşı olduğunu bilsəydi həmin mübahisəyə qarışmazdı. Əməlindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin əməliyyat müvəkkili polis leytenantı Həvalə Əliyev izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsində xidməti ərazidə olan zaman Ordubadi küçəsində yaşayan vətəndaşlar çoxsaylı şikayətlər edərək, narkotik vasitə alüdəçilərinin həmin küçəyə mütəmadi gəldiklərini bildirmişlər. O da xidməti ərazidə narkotik vasitə alüdəçilərindən konkret bir şübhəli şəxsi tutmaq istəyərkən, tutmaq istədiyi şəxs ona müqavimət göstərmiş və bu da səs küyə səbəb olmuşdur. Tutmaq istədiyi şəxslə eyni həyətdə yaşayan Şəxs yaşadığı evdən çıxaraq, onların yanına gəlmiş və mübahisəyə qarışmışdır. Nə qədər desə də ki, o, polis əməkdaşıdır, müqavimət göstərən şübhəli şəxsi tutmalıdır, Şəxs onu dinləməmiş, onun qanuni tələbinə tabe olmaq əvəzinə onu bir neçə dəfə sinəsindən itələmiş və nəticə də şübhəli bilinən şəxsin qaçmasına bilərəkdən şərait yaratmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin əməliyyat müvəkkili polis leytenantı Həvalə Əliyev tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsində xidməti ərazidə olan zaman Ordubadi küçəsində yaşayan vətəndaşlar çoxsaylı şikayətlər edərək, narkotik vasitə aludəçilərinin həmin küçəyə mütəmadi gəldiklərini bildirmişlər. Xidməti ərazidə narkotik vasitə alüdəçilərinə qarşı tədbir keçirmək istəyərkən, bir nəfər şəxs yaxınlıqdakı həyətdən çıxaraq onun kim olduğunu və nə səbəbə orada olduğunu soruşmuşdur. O da vətəndaşa xidməti vəsiqəsini göstərərək polis əməkdaşı olduğunu və ona xidməti vəzifəsini icra etməyinə maneçilik törətdiyini bildirmişdir. Lakin həmin vətəndaş ictimai qaydanı pozaraq uca səslə onun ünvanına nalayiq ifadələr işlətməklə qanuni tələblərinə qəsdən tabe olmamış və mübahisə edərək şübhəli bilinən şəxsin qaçmasına bilərəkdən şərait yaratmışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 019101 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Göründüyü kimi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, sahə inspektoru H.Əliyevin ifadəsi, xx.xx.2025-ci il tarixli Raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbehi yuxarı həddə təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə inzibati xətanın törətməsi ilə əlaqədar isə qeyd edir ki, Şəxs həmin maddə üzrə inzibati xətanı törətməsi tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Belə ki, məhkəmə iş üzrə toplanmış materialları və tərəflərin izahatlarını, şahidin ifadəsini təhlil edərək müəyyən etmişdir ki, Şəxs səs-küylü vəziyyətə görə hadisə yerinə çıxmış, orada nalayiq ifadələr işlətməmiş və ictimai asayişi pozan davranış nümayiş etdirməmişdir. O, hadisəyə müdaxilə edərkən qonşusu olan şəxsi qorumağa çalışmış, hərəkətləri ictimai qaydanı pozmağa yönəlməmişdir. Bu baxımdan, Şəxs hərəkətində xırda xuliqanlıq elementləri mövcud deyil. Məhkəmə subyektiv və obyektiv tərəfləri nəzərə alaraq, Şəxs davranışında İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığını əsaslı surətdə müəyyən edir və bu hissədə icraata xitam verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 114.1, 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi tərtib olunmuş materiala inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar