Məhkəmə qərarları › İş №3(001)-4934/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4934/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4934/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 11.764 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 02/2023 müqavilədən görünür ki, Şəxs MMC ilə “X1 Sanayi və Ticaret Limited Şirketi” arasında dəyəri 2000.000 ABŞ dolları olan alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2023-cü il tarixli köçürmə haqqında çıxarışdan görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 11.764 ABŞ dolları məbləğində pul vəsaiti ilə “X1 Sanayi və Ticaret Limited Şirketi”nin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, **********7166 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən “X1 Sanayi və Ticaret Limited Şirketi”nin hesabına köçürülmüş 11.764 ABŞ dolları məbləğində pul vəsaitinin hesabına alınmış mallar ölkəyə idxal olunmuş, bəyannamənin 20-cı qrafasında “çatdırılma şərtləri” kodu “120” olaraq göstərilmişdir. xx.xx.2023-cü il tarixli, **********7166 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən “X1 Sanayi və Ticaret Limited Şirketi”nin hesabına köçürülmüş 11.764 ABŞ dolları məbləğində pul vəsaitinin hesabına alınmış mallar ölkəyə idxal olunmuş, bəyannamənin 20-cı qrafasında “çatdırılma şərtləri” kodu “100” olaraq göstərilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 11.764 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli 02/2023 saylı müqavilə əsasında “X1 Sanayi və Ticaret Limited Şirketi”nin hesabına xx.xx.2023-cü il tarixində ödənilmiş 11764 ABŞ dollarına münasibətdə mallar ölkəyə 2 ildən az müddətə xx.xx.2023 tarixli, **********7166 nömrəli yük gömrük bəyannaməsi ilə idxal olunmuşdur. X2 Komitəsi Yük xx.xx.2023 tarixli **********7166 nömrəli yük gömrük bəyannaməsini 100 kodu altında rəsmiləşdirmək əvəzinə səhvən 120 kodu ilə rəsmiləşdirmişdir. "xxxx" ASC tərəfindən Şəxsnə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən “X1 Sanayi və Ticaret Limited Şirketi”nin hesabına avans köçürmə qalığı qalmamışdır. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan köçürülmüş 11.764 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan mallar Azərbaycan Respublikasına idxal edilmiş, həmin mallarla bağlı gömrük bəyannaməsi verilmiş, lakin bəyannamədə lakin bəyannamədə texniki səhv olaraq çatdırılma şərtinin kodu düzgün göstərilməmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 11.764 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar “X1 Sanayi və Ticaret Limited Şirketi” tərəfindən Azərbaycan Respublikasına göndərilmiş və müvafiq gömrük bəyannaməsi verilmişdir. Lakin bəyannamədə texniki səhv olaraq çatdırılma şərtinin kodu düzgün göstərilməmişdir. Bununla bağlı Şəxs tərəfindən Baş Gömrük İdarəsinə müraciət olunaraq bəyannamədə düzəliş edilmişdir. Bu isə onu göstərir ki, xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar