Məhkəmə qərarları › İş №3(001)-4938/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4938/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4938/2023 28.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:20-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrahiyə, stasionar ginekologiya) aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Şəxs MMC-yə məxsus “Elmed” Tibb Mərkəzində aparılan yoxlama X4 şikayəti əsasında başlanılmışdır. Həmin mərkəzdə həkim ginekoloq X6 tərəfindən X4 üzərində vaginaplastika və və əlavə piy toxumasının çıxarılması əməliyyatı icra edilmişdir. Həmin əməliyyatı həyata keçirən həkimin xidmət müqaviləsi xx.xx.2023-cü il tarixdə açılaraq, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Əməliyyat da həkimin müqaviləsi qüvvədə olduğu zaman icra edilmişdir. X6 ilə 1 aylıq sınaq müddəti olaraq müqavilə bağlanmış, daha sonra müqavilə uzadılmamışdır. Yoxlamanı həyata keçirən səlahiyyətli orqanın nümayəndələrinə zəruri sənədlər təqdim olunmuşdur. Nöqsanların aradan qaldırılması üçün cəmiyyət müvafiq orqanlara əlavə lisenziyaların alınması ilə bağlı müraciət edəcəkdir. Ona verilmiş suallara cavab olaraq Şəxs MMC-də plastik cərrahiyyə əməliyyatının həyata keçirilməsini təsdiq etmişdir. Məhkəmə iclasında X2 izahatında bildirmişdir ki, Şəxs MMC-yə məxsus “Elmed” Tibb Mərkəzinin baş həkimi vəzifəsində çalışır. Şəxs MMC-yə məxsus X15 həmin dövrdə həkim ginikoloq kimi işləmiş X6 tərəfindən X4 üzərində vaginoplastika və abdominoplastika əməliyyatları icra olunmuşdur. Bununla bağlı stasionar ginekolojiya və plastik cərrahiyə əməliyyatlarının həyata keçirilməsi üçün lisenziya almamışlar. Almamalarının səbəbi isə plastik cərrahiyənin lisenziya əsasında keçirilməsi ilə bağlı məlumatları olmamışdır. Həkim tərəfindən icra edilmiş vaginoplastika və abdominoplastika əməliyyatları plastik əməliyyat hesab edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X9 oğlu izahatında bildirmişdir ki, tərtib edilmiş protokolla razıdır, lakin aşağı həddə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:20-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət aşkar edilmişdir. Odur ki, cəmiyyət barəsində İXM-nin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5nin 15 noyabr 2023-cü il tarixli, 785 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, Şəxs MMC-yə (ELMED) məxsus klinikada plandankənar yoxlama aparılmışdır. Yoxlama sualları 3 sualdan ibarət olmuşdur: 1. “Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)inin sertifikasiyaya cəlb edirmi?” 2. “Özəl tibb fəaliyyəti subyekti tibbi qeydiyyatların aparılmasını təmin edirmi?” 3. “ Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi?” Aktın qeyd hissəsindən görünür ki, yoxlamanın birinci sualı üzrə nöqsan aşkar edilməmişdir. Yoxlamanın ikinci sualı üzrə qeyd edilmişdir ki, tibbi qeydiyyat sənədləri natamam olmuşdur. Əməliyyat jurnalı baxışa təqdim olunmamışdır. Həkim ginekoloq X1 xidməti müqaviləsi xx.xx.2023-cü il tarixdə açılaraq, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi haqqında sənəd təqdim olunmamışdır. Yoxlamanın üçüncü sualı üzrə lisenziyadan kənar iş və fəaliyyət aşkar edilmişdir. Fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə edilmiş, bu barədə protokol tərtib olunmuşdur. Həmçinin aktın qeyd hissəsində baş həkim X2 bildirmişdir ki, X6 xx.xx.2023-cü il tarixdən X15 fəaliyyət göstərmir. Etdiyi əməliyyatın, yəni vaginoplastika və abdominoplastikanın aparılması üçün stasionar ginekolojiya və plastik cərrahiyə ixtisasının lisenyiza əlavəsində olmasının vacibliyi haqqında məlumatsız olmuşlar. Qeyd olunan nöqsanları aradan qaldıracaqlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 1349 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “X20”-də AEMnin Tibbi Nəzarət şöbəsinin müdiri X8, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X10, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X11 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. AR İqtisadiyyat Nazirliyindən “X5” PHŞ-yə daxil olmuş Şəxs MMC (ELMED) barədə məlumatdan görünür ki, Şəxs MMC-yə İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə İSN/L-173/2016 lisenziya qeydiyyat nömrəli lisensiya verilmişdir. Tibbi fəaliyyət ambulator tibbi xidmət və stasionar tibbi xidmətdən ibarət olmuşdur. Stasionar tibbi xidmət üzrə görülən işlər: “ümumi cərrahi” və “anestezioloji-reanimatoloji”-dən ibarət olmuşdur. xx.xx.2016-cı il tarixdə İSN/L-173/2016 qeydiyyat nömrəsi ilə verilmiş 088197 nömrənin lisenziyanın əlavəsindən görünür ki, stasionar tibbi xidməti üzrə yalnız “ümumi cərrahi” və “anestezioloji-reanimatoloji” tibb xidmətlərinin göstərilməsinə dair Şəxs MMCyə icazə verilmişdir. X7 “X15” açılmış xəstəlik tarixinə əlavə olumuş həkimin gündəlik müayinələrindən görünür ki, “xəstə vaginaplastika istəyi ilə müraciət etmişdir. Xəstəyə vaginaplastika və totsetka əməliyyatı icra olunmuşdur. Ümumi cərrah dəvət edilərək əməliyyat bərabər icra edilmiş, dərialtı piy kəsilərək götürülmüşdür.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na 1 nömrəli əlavənin 2.18-ci bəndində plastik cərrahiyə: 2.18.1. plastik cərrahi daxil edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5nin 15 noyabr 2023-cü il tarixli, 785 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar – plastik cərrahiyə – ilə məşğul olunması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş AR SN Xəstəlik Tarixinə, əlavə olunmuş sənədlərdən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və baş həkimin izahatlarından məlum olur ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada plastik cərrahiyə həyata keçirilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar