Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4938/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs tərəfindən 72350.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 72350.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi və Şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.
3. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, Şəxs tərəfindən təqdim edilmiş X2 ilə müvafiq mallar ölkəyə idxal edildiyindən, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir.
4. Bundan başqa məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, müvəkkil bank “X3”ın əsas səhmdarı ABŞ olduğuna görə, onlar da İranla olan münasibətlərdə embarqoya istinad edərək o ölkədən keçən məhsulları qəbul etmirlər. Yəni ölkə ərazisində özlərinə məxsus qanunvericilik yaratmağa çalışırlar. Ölkənin bir sərhədi, gömrüyü, gömrük bəyannaməsi var, biz bütün sənədləri təqdim eləmişik. 2 il ərzində də həmin məhsullar ölkəyə daxil olunub, gömrük bəyannamələri də təqdim edilib. Buna baxmayaraq müvəkkil bank qəbul etmir. Biz qeyd edilən bəyannamələri məcbur olub Mərkəzi Banka özümüz təqdim etmişik. Onlar da bu məsələdən xəbərdardırlar. Artıq bu məsələ ilə bağlı bir sıra protokollar üzrə işlərə Binəqədi Rayon Məhkəməsində baxılaraq iş üzrə icraata xitam da verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edirik. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
5. xx.xx.2023-cü il tarixli, GM 230201 nömrəli müqavilədən görünür ki, Şəxs ilə “X1 CO.LTD” şirkəti arasında müqavilə bağlanmışdır.
6. “X3” ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs tərəfindən “X1 CO.LTD” şirkətinin bank hesabına 72350.00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür.
7. “X3” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 00101 nömrəli məktubdan görünür ki, Şəxs tərəfindən qabaqcadan ödəniş edilsə də, 72350.00 ABŞ dolları məbləğin müqabilində mallar ölkəyə daxil olunmamış, bununla bağlı bəyannamə təqdim edilməmişdir.
8. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 72350.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində, 72350.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.
9. Şəxs xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, Şəxs tərəfindən sifariş olunan mallar ölkəyə idxal olunmuşdur.
10. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən təqdim edilmiş X2 ilə müvafiq mallar ölkəyə idxal edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
11. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
12. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərinin “X3” ASC-də olan hesablarına geri qaytarılmamışdır. Lakin məhkəməyə ünvanlanan gömrük bəyannamələrindən müəyyən edilir ki, Şəxs 72350.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş həmin vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, şirkət tərəfindən ödənilən valyuta real iqtisadi əməliyyat çərçivəsində istifadə olunmuş, müvafiq mallar ölkə ərazisinə idxal edilmiş, bu da gömrük bəyannamələri ilə təsdiqlənmişdir. Qeyd edilən hal Mərkəzi Bank tərəfindən də müəyyən edilmişdir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilər ki, İXM-in 8-ci maddəsinə- təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə Şəxs nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
14. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
15. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
16. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
19. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
20. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
21. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
22. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova