Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4951/2025 22.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Şikayət verən X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024 və xx.xx.2025-ci il tarixli qərarlarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 şikayətlə məhkəməyə müraciət edərək, onun inzibati məsuliyyətə cəlb olunması barədə X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmiş MN ******* saylı və xx.xx.2025-ci il tarixli 3-17-5/2-H-57063/2025 nömrəli qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Daha sonra isə həmin qanunsuz və əsassız protokollar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakı səbəblərdən dolayı hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-ci il tarixində qəbul edilmiş MN ******* nömrəli qərarı qanunsuzdur və yuxarı səlahiyyətli orqan tərəfindən ləğv edilməlidir. İlkin olaraq bildirir ki, direktoru olduğu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-29-59/3-1-1431K/2023 nömrəli əmr verilmişdir. Sözügedən əmrin 2-ci hissəsinə əsasən əmrin icrasından irəli gələn zəruri tədbirlərin görülməsinin təmin edilməsi elə həmin gün İdarənin Maliyyə-Mühasibatlıq sektoruna həvalə edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunvericiliyin tələbinə uyğun olaraq onun tərəfindən deyil, işəgötürən Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş və həmin əmrin icrası ilə bağlı məktəb direktoru olaraq ona hər hansı bir göstəriş verilməmişdir. Bu hal isə onu təsdiq edir ki, X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona ödənməli olan əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuş olsa belə həmin pozuntu onun tərəfindən törədilməmişdir. Göründüyü kimi sözügedən inzibati xətanın törədilməsində təqsiri və hər hansı formada iştirakı olmamışdır. Onu da əlavə edir ki, sözügedən qərar qanunla nəzərdə tutulan müddətdə şəxsinə göndərilməmiş, bu haqda ona məlumat belə verilməmişdir. Bunu nəzərə alaraq xx.xx.2025-ci il tarixdə qərarın rəsmi şəkildə şəxsinə göndərilməsi üçün X8 Xidmətinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 192 nömrəli əmrdən görünür ki, X4 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Bakı şəhəri Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1-1431K/2023 saylı əmrindən görünür ki, X4 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilməsi, Maliyyə-mühasibatlıq sektoru (Elmira Mehdiyeva) bu əmrin icrasından irəli gələn zəruri tədbirlərin görülməsinin təmin edilməsi əmr edilmişdir. Bakı şəhəri Təhsil İdarəsi tərəfindən (mailto:hicran.memmedova@baku.edu.gov.azElektron ünvan 1) xx.xx.2023-cü il tarixdə 1431 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmr Bakı şəhəri 3 nömrəli tam orta məktəbə (mailto:3mekteb@baku.edu.gov.azElektron ünvan 2 ) e-poçt vasitəsilə göndərilmişdir. Bakı şəhəri 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 192 A nömrəli əmrdən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə üzürsüz səbəbdən işə gəlmədiyi üçün ondan 1 iş günü tutulmuşdur. Müəllimlərə veriləcək əmək haqqı cədvəlindən görünür ki, Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimlərinin xx.xx.2023-xx.xx.2023-cü il tarixi üçün əmək haqqı siyahısı tərtib olunaraq direktoru Almaz Həsrət tərəfindən imzalanaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında işçilərin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi faktı aşkar edilmiş və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Almaz Həsrət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Almaz Həsrət inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin, şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin X7 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri 3 nömrəli tam orta məktəbin direktoru X5 ünvanladığı xx.xx.2025ci il tarixli 3-17-5/2-H-57063/2025 nömrəli məktubdan görünür ki, sonuncunun müraciətinə baxılmış və müraciəti təmin edilərək, inzibati tənbeh vermə haqqında qərarın icrası dayandırıldığı bildirilmişdir. Məhkəmə xüsüsilə qeyd etməyi zəruri hesab edir ki, əmək münasibətlərində məsuliyyət subyektin funksional və hüquqi statusuna uyğun müəyyən edilməlidir. Hüquqi məsuliyyət yalnız o şəxsə tətbiq edilə bilər ki, onun üzərində konkret öhdəlik olsun və həmin öhdəliyi yerinə yetirmək imkanı faktiki və hüquqi baxımdan mövcud olsun. Bu aspektdən yanaşdıqda ilk növbədə məktəb direktorunun mübahisəli məsələ ilə bağlı hansı səlahiyyətlərinin olması aydınlaşdırılmalıdır. Diqqətdə saxlanılmalıdır ki, X4 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. Ona görə də hazırki işin obyektiv, tam və hərtərəfli həlli üçün həmin tarixdə qüvvədə olan normativ hüquqi bazaya istinad edilməlidir. xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin: 5.4-cü maddəsinə əsasən ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir: 5.4.1 konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir; 5.4.2. ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır; 5.4.3. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir; 5.4.4. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır; 5.4.5. məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir; 5.4.6 şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır; 5.4.7. məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, madditədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir; 5.4.8. qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir; 5.4.9. bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır; 5.4.10. məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin 5.4-cü maddəsinə əsasən, məktəb direktorunun əsas funksiyaları tədris prosesinin təşkili, pedaqoji kollektivə rəhbərlik, məktəbin təmsil olunması, maddi-texniki bazanın möhkəmləndirilməsi və ümumi fəaliyyətin planlaşdırılması ilə məhdudlaşır. Nizamnamədə əməkhaqqının, o cümlədən son haqq-hesab ödənişinin birbaşa həyata keçirilməsi və ya maliyyə vəsaitlərinin köçürülməsi funksiyası direktorun səlahiyyətlərinə aid edilməmişdir. Bu vəzifələr Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında əsasnaməyə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin funksional səlahiyyətinə daxildir. Belə olan halda, direktorun son haqq-hesabın verilməməsinə görə məsuliyyətə cəlb olunması hüquqi cəhətdən əsaslı olmamışdır. Bakı şəhəri Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-59/3-1-1431K/2023 saylı əmrindən də açıq şəkildə aydın olur ki, məktəb direktoru yalnız təşkilati və inzibati qərarverici subyektdir, lakin maliyyə vəsaitlərinin ayrılması, köçürülməsi və son haqqhesabın icrası məsələləri üzrə icraedici mexanizmlərə bilavasitə malik deyil. Bu səbəbdən, son haqq-hesabın gecikməsi halında məktəb direktoru məsuliyyətə cəlb oluna bilməzdi. Ona görə də məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmiş ******* saylı qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə şikayətin xx.xx.2025-ci il tarixli 3-17-5/2-H-57063/2025 nömrəli qərarının ləğv edilməsi hissəsi ilə əlaqədar isə qeyd etməyi zəruri hesab edir ki, direktor tərəfindən mübahisələndirilən sözügedən qərarın hüquqi varlığı təsdiqlənməmişdir. Yəni qeyd olunan tarix və nömrə ilə rəsmi qərar deyil, sadəcə məktub mövcuddur ki, həmin məktubda da direktorun müraciətinin təmin edildiyi açıq şəkildə göstərilmişdir. Belə şəraitdə hüquqi mübahisə yalnız hüquqi qüvvəyə malik, konkret hüquqi nəticələr doğuran sənədlər əsasında aparıla bilər ki, bu halda belə bir sənəd (qərar) mövcud deyil. Ona görə də şikayət bu hissədə əsassız hesab edilərək, təmin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X7 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4951/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4951/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver