Məhkəmə qərarları › İş №3(001)-4954/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4954/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4954/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “xx.xx.2025-ci il tarixdə, gecə saat 14:02 radələrində ** PL *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə hərəkət edərkən İXM-nin 327.2-ci maddəsinin tələblərini ( yol ayrıcını keçmə qaydalarının pozulması) pozmağı əsası ilə barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokoldan qəti şəkildə narazıdır. Belə ki, “4-ün kruqu” adlanan əraziyə üzü Zərifə Əliyeva adına göz klinikasına doğru yolu dönəndə heç bir qəza şəraiti yaratmadan və sağdan gələn nəqliyyat vasitələrini buraxaraq ( bəlkə 30 nəqliyyat vasitəsini buraxmışdır) heç bir maşın gəlməyən anda dönmə əməliyyatı icra etmişdir. Bu əməliyyatı icra edən kimi kapitan rütbəli yol polisi əməkdaşı onu saxlamış və bildirmişdir ki, İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. O, heç bir qayda pozuntusu etmədiyini, dairəvi yola girəndə orada “gözləmə” işarəsi olduğunu, “STOP” işarəsi olduğunu bildirmişdir. Bunlara baxmayaraq inspektor barəsində 100 AZN və 3 bal cərimə yazmışdır. Bundan sonra dərhal DİN 102 xidmətinə zəng edib şikayətini bildirmiş, şikayətindən 1 həftə keçəndən sonra onu Daxili İşlər Nazirliyinə dəvət etmişlər və videogörüntülərə biryerdə baxmışlar. Kompüter qarşısında oturan əməkdaş ona videogörüntülərə baxdıqdan sonra cərimənin silinməsi ilə bağlı get 202-ci otaqda ərizə yazmasını bildirmişdir. O, da cərimənin qanunsuz yazılması ilə bağlı ərizə yazaraq birinci mərtəbədəki poçt qutusuna atmışdır. Bir həftə sonra qeyri-rəsmi şəkildə telefon vasitəsi ilə öyrənmişdir ki, barəsində cərimə yazılıb, özü də “qərarlı” edilibdir. Buna görə bir daha Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə getmişdir. Orada ona bir həftə sonra yenidən onunla əlaqə saxlanılacağı bildirilmiş, bundan sonra qərarı tələb edərək məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. Ona 202-ci otaqda deyilmişdir ki, hələ şikayət etmə, əgər qanunsuz cərimə yazıblarsa, araşdırıb, siləcəklər. O, 20 ildən çoxdur maşın sürür, təcrübəli sürücüdür. 20 ildir onda yol vərəqəsi var. Nəqliyyat vasitəsini necə idarə etmək lazım olduğunu çox yaxşı bilir. Heç bir qayda pozuntusu etməməyinə baxmayaraq ona haqsız yerə 100 AZN, 3 bal cərimə yazılmışdır. Ona görə də haqqını tələb edir. Günə 30-40 manata taksi xidmətində işləyir. Səhər saat 7dən 1-ə qədər. Nəyə görə 100 manat haqsız yerə cərimə ödəməlidir? Polis əməkdaşı ona deyir ki, get ürəyin hara istəyir, şikayət elə. Hətta kompüterdə oturan polis əməkdaşı ona demişdir ki “niyə, hansı hərəkətivə görə sənə cərimə yazıb, o da şok oldu ki, axı burada qayda pozuntusu yoxdur.” İnzibati tənbeh barədə qərarın ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Qayda pozmadığını sübut edən videogörüntülər var; Yolun girişində “STOP” yox, “Gözləmə” nişanı var idi və sağdan gələnlərə yol vermişdir; Qəza şəraiti yaratmamışdır; Polis əməkdaşı hadisə yerində konkret izahat verərək qayda pozuntusunun nədən ibarət olduğunu əsaslandıra bilməyib; Şikayətlərinə qeyri-rəsmi və qeyri-müəyyən cavablar verilib; Əgər videogörüntülərə baxış keçirilsə, onun 100-ə 100 haqlı olduğu üzə çıxacaqdır. Ona görə də hesab edir ki, məhkəmə həmin videogörüntülərə baxış keçirməlidir. Haqlı olduqlarını bildikləri üçün heç SMS radara qayda pozuntusu ilə bağlı şəkil və video əlavə edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.” Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X3 AR İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, daha sonra xx.xx.2025-ci il tarixə təxirə salınmış hər iki məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, o cümlədən şikayətçinin ona göstərildiyini bildirdiyi video-görüntülərin məhkəməyə təqdim edilməsi barədə rəsmi bildiriş də göndərilmişdir. Lakin buna baxmayaraq, səlahiyyətli orqan qanunverici tərəfindən üzərinə qoyulmuş vəzifəni yerinə yetirməyərək, inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilməsi istiqamətində heç bir səy göstərməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar