Məhkəmə qərarları › İş №3(001)-4959/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4959/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4959/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2480/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla 300 manat məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək anası üçün hər ay 50 (əlli) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Alimentin hesablanması xx.xx.2021-ci il tarixdən başlanlması qərara alınmışdır. Həmin icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. Şəxs barəsində protokol tərtib edilən vaxtadək ödədiyi ödənişlər nəzərə alımaqla hal-hazırda icra sənədi üzrə onun 6165 manat aliment borcu yaranmışdır. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq Şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə 500 manat inzibati qaydada cərimə edildiyini, 30 noyabr 2022-ci il tarixdə onun tərəfindən tələbkara 4500 manat ödəniş edildiyini və 465 manat qalıq qaldığını, onun 2023-cü ilin fevral ayından həbsdə olduğunu, 2024-cü ilin may ayında həbsdən azad edildiyini, hazırda 6165 manat aliment borcunun əsas hissəsinin onun həbsdə olduğu müddətə aid olduğunu, həbsdən çıxdıqdan sonra 300 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 18 fevral 2023-cü il tarixdə həbs edilmiş, Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 13 may 2024-cü il tarixdə cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olmasalar da həbs olunanadək birlikdə yaşamışlar. Barəsində olan məhkəmə qərarının icra edilməsinin və uşaqlarına aliment ödənilməsinin zəruriliyini dərk edir və anlayır. Hazırda yaranmış aliment borcunun əsas hissəsi həbsdə olduğu dövrün aliment borcudur. 2024-cü ilin may ayında həbsdən çıxdıqdan sonra iyun ayında 200 manat, iyul ayında 70 və 30 manat olmaqla ümumilikdə 300 manat pul ödəmişdir. Aliment borcunu tam ödəməməsinin səbəbi hazırda işləməməsidir. Məhkum olunmuş şəxsin iş tapması çətin olduğundan hazırda hər hansı işə düzələ bilməmişdir. Lakin artıq kiçik bir çay evi icarəyə götürmüş, yaxın günlərdə borc taparaq 3000 manat birbaşa, bundan sonrakı 300 manat aylıq aliment, 200 manat da əvvəlki aliment borcundan olmaqla, ümumilikdə 500 manat aylıq vəsait ödəyəcəyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bügünədək ümumilikdə 7000 manatdan artıq ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alaraq əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs həbs olunmamışdan əvvəl aliment borcundan 2022-cü ilin noyabr ayında 4500 manat, 2024-cü ili may ayında həbsdən çıxdıqdan sonra isə ümumilikdə 300 manat ödəniş etmişdir. Hazırda əvvəlki ödənişləri nəzərə alındıqda onun ümumilikdə 6165 manat aliment borcu mövcuddur. Həmin borcun əsas hissəsi onun həbsdə olduğu müddətə düşsə də hazırda həmin borc tam ödənilmədiyi üçün Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2480/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla 300 manat məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək anası üçün hər ay 50 (əlli) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Alimentin hesablanması xx.xx.2021-ci il tarixdən başlanlması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2480/2021 saylı icra sənədinə əsasən icraata başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2480/2021 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2480/2021 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs barəsində 18 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Bakı Şhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-397/2023 saylı hökmü ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin cəzadan 13 may 2024-cü il tarixdə azad edilmişdir. İcra məmurunun, tələbkarın və barəsində icraat aparılan şəxsin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs əvvəllər müxtəlif vaxtlarda ödənişlər etmiş, 30 noyabr 2022-ci il tarixdə 4500 manat ödəniş etmiş, həmin tarixə 465 manat qalıq ödənişi qalmış, həbsdən çıxdıqdan sonra isə ümumilikdə 300 manat ödəniş etmişdir. Göründüyü kimi Şəxs 6165 manat aliment borcunun 4500 manat hissəsi onun həbsdə olduğu və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi dövrə təsadüf edir və o, azadlıqdan məhrum edildiyi üçün həmin dövrdə aliment ödənişi edə bilməmişdir. 10 iyun 2021-ci il tarixli icra vəqərəsindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq 350 manat, həmin tarixdən sonra isə aylıq 300 manat aliment ödənişi etməlidir. Hazırda onun ödəməli olduğu aliment borcu 6165 manatdır. Sadə riyazi hesablama aparıldıqda müəyyən edilir ki, Şəxs alimentin hesablanmağa başladığı xx.xx.2021-ci il tarixdən barəsində inzibati xəta haqqında protokol tərtib edilən tarixədək ödəməli olduğu aliment məbləği ümumilikdə 13400 manat ((xx.xx.2021-ci il tarixdən xx.xx.20212-ci il tarixədək (16x350) 5600 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (26x300) 7800 manat) olmuş, hazırda ödənilməli aliment borcunun 6165 manat olması nəzərə alındıqda bu müddət ərzində 7235 manat aliment məbləği ödənilmişdir. Göründüyü kimi, Şəxs icra sənədi üzrə icraata başlandıqdan sonra ödənişləri həyata keçirmiş, hazırda olan aliment borcunun böyük hissəsi onun həbsdə olduğu və azadlıqdan məhrumetmə cəzasını çəkdiyi dövrdə yaranmışdır. Azadlığıa buraxıldıqdan sonra da heç bir yerdə işləməməsinə və rəsmi gəlirinin olmamasına baxmayaraq onun tərəfindən az miqdarda da olsa ödənişlər həyata keçirməsi onun qərəzli olaraq icra sənədini icra etməkdən yayınmasını istisna edir. Həmçinin zəruri icra hərəkətləri həyata keçirilmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlar Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsini istisna edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar