Məhkəmə qərarları › İş №3(001)-4962/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4962/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4962/2024 27.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Binəqədi RPİ-nin DYPŞ-nin etibarnamə nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, 26 avqust 2024-cü il tarixdə Məsimov X3 RPİ-nin DYPŞ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərdiyindən o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gətirilmişdir. Binəqədi RPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşlarının raportuna əsasən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında tərəfindən protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun inzibati məuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. YPX-nin əməkdaşları ondan sənədlərinin qaydasında olubolmamasını soruşduğuna görə sənədlərin qaydasında olduğunu bildirmiş, daha sonra YPX-nin sualına cavab olaraq maşını etibarnamə əsasında idarə etdiyini bildirmişdir. YPXnin əməkdaşı ona etibarnamənin olmadığı üçün maşının cərimə meydançasına aparılacağını ona bildirmiş, bu zaman yanında olan şəxsə maşının sənədlərini gətirməsini xahiş etmiş, bu müddətdə də maşını cərimə meydançasına aparılmışdır. Polis əməkdaşından protokol tərtib etməsini tələb etmiş, daha sonra DİN-nin 102 xidmətinə şikayət etmişdir. Şikayət etdiyi üçün YPX-nin əməkdaşı aqressiv danışaraq, ona “səni içəri saldıracam” demişdir. Həmin YPX-nin əməkdaşı ondan 150 manat verməsini tələb etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat nişanı qəza nəticəsində yararsız hala düşmüşdür. Maşının vurulması ilə bağlı aktı olduğunu, maşının həm arxa tərəfdən, həm də qabaq tərəfdən vurulduğunu bildirmişdir. Etibarnaməni sonradan şəxsən təqdim etdiyini qeyd etmişdir. Evli olduğunu, həyat yoldaşının miqren xəstəsi olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi RPİ-nin DYPŞ-nin etibarnamə nümayəndəsi X4 tərtib edilmiş protokolun əsaslı olduğunu qeyd edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Qazel markalı 90XC646 dövlət qeydiyyat nişanlı avomobilin qeydiyyat nişanı standartlara uyğun olmadığı üçün tərəfindən saxlanılmış, daha sonra nəqliyyat vasitəsinin Şəxs tərəfindən etibarnamə olmadan idarə edilməsi müəyyən edildiyi üçün nəqliyyat vasitəsinin duracağa aparılması təmin edilmişdir. Duracağın qarşısında sürücü Şəxs nəqliyyat vasitəsinin duracağa salınmasına etiraz etmiş, daha sonra maşında olan benzini götürüb onların ünvanına nalayiq ifadələr işlədərək benzinlə onları yandıracağını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə səbəb qeydiyyat nişanının standartlara uyğun olmaması və etibarnamə olmadan idarə etməsi olmuşdur. Məhkəmə iclasında Binəqədi RPİ-nin DYPŞ-nin etibarnamə nümayəndəsi X4 tərtib edilmiş protokolun əsaslı olduğunu qeyd edərək Şəxs barəsində tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 000086 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:25-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırova ünvanlanan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində Qazel markalı 90XC646 dövlət qeydiyyat nişanlı avomobilin qeydiyyat nişanı standartlara uyğun olmadığı üçün YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, daha sonra nəqliyyat vasitəsinin Şəxs tərəfindən etibarnamə olmadan idarə edilməsi müəyyən edildiyi üçün nəqliyyat vasitəsinin duracağa aparılması təmin edilmişdir. Duracağın qarşısında sürücü Şəxs nəqliyyat vasitəsinin duracağa salınmasına etiraz etmiş, daha sonra maşında olan benzini götürüb özünü yandıracağını bildirmiş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq sürücü polisin ünvanına nalayiq ifadələr işlədərək maşını duracağa sürməyi ilə bağlı polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Qazel markalı **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanı nəqliyyat vasitəsinin üzərində qeyri-standart vəziyyətdədir. Elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il təvəllüdlü Nuray Məsimova adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat nişanının standartlara uyğun olmadığı eləcə də etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün ondan nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi tələb edilmiş, lakin o, nəqliyyat vasitəsinə duracağa yerləşdirməkdən imtina edərək səsküy salmaqla polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yol patrul xidmətinin əməkdaşları tərəfindən yönələn tələbin qanuni olubolmamasına münasibətdə qeyd edir ki, İXM-nin 96.1-ci maddəsində fiziki şəxslərin hansı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması konkret olaraq göstərilmişdir. Dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda (İXM 96.1.1.) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyristandart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə (İXM 96.1.2), Məhkəməyə verilən ifadələrdən müəyyən edilmişdir ki, Şəxs saxlama əmrinin verilməsi səbəbi onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının qeyri-standart olmaqla idarə etməsi olmuşdur. Saxlanıldıqdan sonra şəxsdən etibarnaməsinin olub-olmaması soruşulduqdan sonra onun etibarnamə olmadan nəqliyyat vasitəsini darə etməsi bəlli olmuşdur. Lakin, buna baxmayaraq o, nəqliyyat vasitəsini duracağa sürməkdən imtina etmiş, polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla səs-küy salmışdır. Göstərilənlərə əsasən yol-patrul xidmətinin əməkdaşları tərəfindən Şəxs nəqliyyat vasitəsinin saxlanması ilə bağlı yönələn tələb tam qanuni olmuşdur. Şəxs yol-patrul xidmətinin əməkdaşlarının saxlama əmrindən sonra səs-küy salması, bununla da polis əməkdaşlarının xidməti vəzifələrinin icrasına mane olması ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahidin izahatları həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs evli olması və himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:25-də inzibati qaydada tutulması və daha sonra inzibati qaydada tutmadan azad edilmədən polis əməkdaşlarının müşayiəti ilə məhkəmə iclasına gətirildiyi müəyyən edilmişdir. Odur ki, Şəxs barəsində tətbiq ediləcək inzibati həbs tənbeh tədbirinin əvvəli xx.xx.2024-cü il tarixdə, saat 19:25-dən hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 26 avqust 2024-cü il tarixdən saat 19:25-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar