Məhkəmə qərarları › İş №3(001)-4965/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4965/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4965/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X9 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, işləməyən, qeydiyyat ünvanı olmamaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 12ci küçə, 46 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(022)-1141/2014 saylı icra vərəqəsinə əsasən Şəxs 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2011ci il tarixdə anadan olmuş X8 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün iddiaçı X4 verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclunun 7250 manat məbləğində aliment borcu yaranmışdır. İcra şöbəsində borclunun izahatı alınmış, borcu ödəməsi təklif edilmiş, hazırda işləmədiyini, maddi imkanı olmadığından borcu birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. Elektron icra Sistemində borclunun adına daşınar və daşınmaz əmlak, əmək müqaviləsi, pensiya və digər ödənişlər aşkar edilməmişdir. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İcra məmuru Ə.Hüseynov verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs azadlığa çıxdığı 2021-ci ildən 2025-ci ilədək 4800 manata qarşı 4000 manat, 2025-ci ilin əvvəlindən iyul ayınadək isə 700 manata qarşı 1450 manat aliment ödəmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, onun icra sənədi üzrə cəmi 7250 manat məbləğində borcu yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, borcun bu qədər olmasına səbəb onun icra sənədinin icrasından yayınmaq olmamış, onun 2015-2021-ci illərdə cəzaçəkmə müəssisəsində cəza çəkməsi ilə əlaqədar olmuşdur. O, azadlığa çıxandan sonra 4.000 manat aliment ödənişi etmişdir. Hazırda fəhlə işləyir, alimenti ödəməyə çalışır. O, aliment ödəməkdən boyun qaçırmır, lakin əvvəlki illərə görə yığlan aliment borcunu məlum səbəblərə görə birdəfəlik ödəmə imkanına malik deyil. Daha çox qazanc əldə etməsinə qeydiyyatının olmaması da öz mənfi təsirini göstərir. Belə ki, şəxsiyyət vəsiqəsi ala bilmədiyi üçün sabit əmək haqqı olan işlərə düzələ bilmir. Lakin borcundan ödənişlər etməyə çalışır, iyul ayında tələbkara cəmi 450 manat ödəniş etmişdir. Anlayır ki, hər ay 100-150 manat artıq ödəniş etməklə yaranmış borcu bağlamaq uzun müddət tələb edir və bu həm uşaqların, həm də tələbkarın əmlak mənafelərinə uyğun deyil. Ona görə də bundan sonrakı aylarda hər ay azı 300 manat ödəniş etməyə səy göstərəcəkdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(022)-1141/2014 saylı icra vərəqəsinə əsasən Şəxs 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X4 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(022)-1141/2014 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(022)-1141/2014 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-1086/2016 saylı hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın çəkilməsi xx.xx.2015-ci il tarixdən başlanmışdır. X1 rayon icra şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatında 2015-2021-ci illərdə həbsxanada olması səbəbindən aliment ödəyə bilmədiyini, 2021-ci ildən hal-hazırki vaxta qədər 4.000 manat ödəniş etdiyini, rəsmi iş tapa bilmədiyini, borcunu tam şəkildə ödəmək imkanına malik olmadığını bildirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-157/2025 saylı qəradadından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(022)-1141/2014 saylı icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X1 rayon icra şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatında hazırda işləmədiyini, hər ay 200 manat ödəniş etdiyini, xx.xx.2025-ci il tarixdə 250 manat ödəniş etdiyini, borcunu tam şəkildə ödəmək imkanına malik olmadığını bildirmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, X5 adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmənin qənaətinə görə X5 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati xətanın törətməsi tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə məsuliyyət yalnız icra sənədindəki tələbin icra məmurunun müəyyən etdiyi müddətdə üzrsüz səbəbdən yerinə yetirilmədiyi hallarda yaranır. Hazırki halda isə şəxsin aliment borcunun əsas hissəsi 2015–2021-ci illərdə cəzaçəkmə müəssisəsində olduğu dövrdə formalaşmış və bu dövr ərzində onun ödəmə imkanı faktiki olaraq məhdudlaşdırılmışdır. O, azadlığa çıxdıqdan sonra ardıcıl şəkildə alimentin ödənilməsinə başlamış, 2021–2025-ci illər ərzində 5450 manat məbləğində ödəniş etmişdir. Bu ödənişlərin davamlı və iradəli şəkildə aparılması, habelə keçmiş borcun yaranmasının əsaslı (üzrlü) səbəblərlə bağlı olması şəxsin üzərində inzibati xətanın tərkibinin yaranmadığını göstərir. Beləliklə, şəxsin borcu mərhələli şəkildə ödəməyə davam etməsi və qanuni maneələrlə bağlı vaxtında icranın mümkün olmaması inzibati məsuliyyətə əsas vermir. Halbuki, İXM-in 528.1-ci maddəsinin tətbiqi üçün tələb olunan ən vacib hüquqi tərkib – xüsusilə qəsd və üzrsüzlük elementləridir. Bu kontekstdə iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(022)- 1141/2014 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar