Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4966/2025 08.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti düzgün göstərilməyərək “Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-613/205 saylı icra sənədi üzrə 11320 manat pulu ödəməyərək icra sənədini icra etməmişdir” göstərilmişdir. Halbuki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:... 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;... Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Bununla yanaşı, iş materialları təhlil olunarkən müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən borclu Şəxs banklarda olan pul vəsaitləri, pensiya, təqaüd və sair bu kimi gəlirlərin olması tam şəkildə öyrənilməmişdir. Bu hal isə işə baxılarkən məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılmasına ciddi maneə törədə bilər. Belə ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri həyata keçirilmiş, lakin həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Lakin icra məmuru tərəfindən borclunun əvvəlcə pul vəsaitlərinin olub-olmaması məsələsi araşdırmalı olsa da, həmin məsələ ilə bağlı aidiyyəti qurumlara sorğular verilməmiş və cavablar alınmamışdır. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. İcra məmuru isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri görmək əvəzinə natamam olaraq inzibati xəta haqqında protokol tərtib edib baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd olunan hal isə qanunvericiliyin tələblərinə ziddir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Yenə həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə olan halda, hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4966/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4966/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver