Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4967/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X4 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, idarə etdiyi avtomobil ilə xx.xx.2025 tarixdə axşam saatlarında Binəqədi Rayon Məhkəməsindən evə geri qayıdarkən,(GPS:40.4199071,49.8551354 “Elit” ticarət və əyləncə mərkəzinin düz qarşısında), yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşı ona guya qırmızı işıqda keçdiyini bildirmişdir. O, isə həmin vaxt qırmızı işıqda keçmədiyini izah etmişdir. Buna baxmayaraq, yol polisi əməkdaşı ona “yerində cəriməni ödə, yoxsa 100 manat cərimə və 3 cərimə balı tətbiq olunacaq” ifadəsini işlətmişdir. O, isə heç bir halda nağd şəkildə ödəniş etməyəcəyini bildirmişdir. Bu cavabından sonra əməkdaş “onda görərsən” deyərək hadisə yerindən uzaqlaşmışdır. Bir müddət sonra ona gələn SMS-dən məlum olmuşdur ki, guya qırmızı işıqda keçdiyi üçün 100 manat və 3 bal cərimə olunmuşdur. Lakin, "Asan ödəniş" səhifəsində nə foto, nə də video görüntü mövcud deyil. Bununla belə, “mygov.az” tətbiqində kabinetinə daxil olduqda barəsində inzibati protokol tərtib edildiyini görmüşdür. O, yol hərəkəti qaydalarına uyğun olaraq avtomobili idarə etmiş, qeyd olunan protokol, ona təqdim olunmamışdır. Məsələni aydınlaşdırmaq və protokolu əldə etmək üçün 102 xidmətinə zəng etmiş, həmin xidmətdən məsələ ilə əlaqədar maraqlanacaqlarını və protokolun təqdim olunacağını bildirmişlər. Bir müddət sonra ona telefon vasitəsi ilə zəng gəlmiş, özünü Bakı Şəhəri Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs ona idarəyə gəlməsini, səhv olduğunu sübut edəcəyini demişdir. O, isə mübahisə etmək istəmədiyini söyləmiş, haqqında tərtib olunan protokolun sürətini təqdim edilməsini xahiş etmişdir. Yalnız bundan sonra 15 mart 2025-ci il tarixində İXP ******* saylı protokol və TP ******* saylı qərar ona e-mail yolu ilə göndərilmişdir. Barəsində tərtib edilmiş inzibati protokolun heç bir əsası yoxdur. Qırmızı işıqda keçdiyini göstərən heç bir videogörüntü və heç bir sübut da yoxdur, çünki, pozuntu etmədiyindən bu barədə heç bir sübut da ola bilməz. Nəticə etibarilə mübahisəli protokol tam olaraq qanunsuz və əsası olmadan tərtib olunmuş və inzibati qərar qəbul edilmişdir. O, barəsində Bakı Şəhər X11 İdarəsi Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermişdir. Tərtib olunmuş TP ******* nömrəli protokolda, inzibati xəta haqqında iş üzrə qərarda guya inzibati xətanı törətdiyi yerin koordinatları GPS:40.4199071,49.8551354 kimi göstərilmişdir. Həmin koordinatları “Google map” programına daxil etdikdə “Elit” ticarət və əyləncə mərkəzinin düz qarşısı olduğu görsənir. Bunu proqramdan əldə etdiyi və ərizəsinə əlavə etdiyi çıxarışlardan da görmək mümkündür. Halbuki, həmin yerdə ümumiyyətlə işiqfor mövcud deyildir. Odur ki, məhz qərarda göstərilən koordinatlar üzrə hadisənin baş verməsi mümkün deyildir. Bundan başqa, həmin ərazidə işıqfor S.S.Axundov küçəsi ilə C.Xəndan küçələrinin kəsişməsində mövcuddur. DYP inspektoru da onu məhz orada saxlamışdır. Həmin yer isə Binəqədi rayonunun ərazisinə aiddir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-1139/2025 nömrəli qərarı ilə TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Lakin aidiyyəti qurum tərəfindən yenidən TP ******* saylı qərar çıxarılaraq barəsində yenidən 3 bal və 100 manat məbləğində cərimə yazılmışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq, həmin sənədi ala bilməmişdir. E-polis elektron sistemində qərarın nömrəsi və qəbul edilmə tarixi qeyd olunmuşdur. Yeni yazılmış qərar tam qanunsuz və qərəzlidir. Çünki heç bir sübut və dəlil olmadan yenidən cərimə yazılmışdır. Odur ki, barəsində tərtib edilmiş İXP ******* saylı protokolun və TP ******* saylı qərarın ləğv edilməsi və müvafiq inzibati xəta üzrə işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, YPX inspektoru onu “Elit” ticarət və əyləncə mərkəzinin yaxınlığında saxlamış, ona svetoforunu qırmızı işığında keçməsi ilə bağlı heç bir görüntü, sübut təqdim edilməmişdir. YPX inspektoru ona cəriməni yerində ödəməsini təklif etmiş, o, isə bundan imtina etmişdir. Məhkəmə iclasında şahid, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru, polis leytenantı X6 izahatında göstərmişdir ki, X3 onun tərəfindən Əhməd Rəcəbli küçəsində “Elit” Ticarət və Əyləncə mərkəzinin yaxınlığında saxlanılmışdır. X8 yol ayrıcını svetoforun qırmızı işığı yanarkən keçmişdir. O, sürücünü saxlayıb yaxınlaşmış, özünü təqdim edib, qayda pozuntusunu izah etmişdir. Sürücü etirazını yol ayrıcına svetoforun yaşıl işığı yanıb-söndüyü vaxt daxil olduğunu, ortada svetoforun sarı işığının yandığını bildirmişdir. O, sürücüyə svetoforun sarı işığı yanarkən yol ayrıcına daxil olduğunu demiş, ortada olarkən svetoforun qırmızı işığının yandığını bildirmişdir. O, sürücüyə qayda pozuntusu ilə bağlı görüntünü də təqdim etmişdir. O, sürücüyə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini, 100 manat cərimə olunacağını demiş və cəriməni ödəyə biləcəyini soruşmuşdur. X8 cərimə ödəyəcəyini demişdir. Sürücü protokolla bağlı narazılığını bildirmədiyi üçün inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, X3 tərəfindən törədilmiş qayda pozuntusu YPX inspektoru tərəfindən vizual olaraq aşkar edilmişdir. Bununla bağlı sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin 3-cü bəndində qeyd edilmişdir ki, svetoforun qırmızı və sarı işığı hərəkəti qağadan edir. Hal-hazırda YPX inspektoru ilə sürücü arasında aparılmış dialoqun videogörüntüsü mövcuddur. Həmin videogörüntüdən də görünür ki inspektor sürücüyə qayda pozuntusunu nümayiş etdirdikdən sonra sürücü pozuntu ilə razılaşmış, etiraz bildirməmişdir. Odur ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 18:37-də Bakı şəhəri, Ziya Bünyadov prospekti 30/68 ünvanında “Changan CS 35 plus” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 18:37-də Bakı şəhəri, Ziya Bünyadov prospekti 30/68 ünvanında “Changan CS 35 plus” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağan edici işarəsi verilərkən hərəkəti davam etdirmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)- 1139/2025 nömrəli qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən görünür ki, YPX inspektoru sürücü X2 yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusunu izah etmişdir. Sürücü əvvəl qayda pozuntusu ilə razılaşmasa da YPX inspektorunun təqdim etdiyi görüntülərə baxdıqdan sonra etiraz etməmişdir. Bundan əlavə X1 ərizəsində qeyd etdiyi, YPX inspektorunun ona “yerində cəriməni ödə, yoxsa 100 manat cərimə və 3 cərimə balı tətbiq olunacaq” ifadəsinin işlətməsi, həmçinin heç bir halda nağd şəkildə ödəniş etməyəcəyini dedikdən sonra inspektorun ona “onda görərsən” deyərək hadisə yerindən uzaqlaşması ilə bağlı göstərdikləri videogörüntü ilə öz təsdiqini tapmamışdır. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə svetoforun yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60 maddəsinin 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 18:37-də Bakı şəhəri, Ziya Bünyadov prospekti 30/68 ünvanında “Changan CS 35 plus” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol ayrıcına svetoforun hərəkəti qadağan edici işarəsi verilərkən daxil olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu ərazidə xidmət aparan YPX inspektoru tərəfindən aşkar edilmiş, sürücüyə qayda pozuntusu ilə bağlı yol patrul avtomobilində quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış görüntülər təqdim edilmişdir. Göründüyü kimi X3 barəsində Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP 68954236 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğundan və qayda pozuntusu təsdiqini tapdığına görə məhkəmə hazırda baxılan iş üzrə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4967/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4967/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver