Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4969/2024 11.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail rayon DYPŞ-in yol patrul xidməti inspektoru polis baş serjantı X4 iştirakı ilə, X1 Bakı şəhəri Səbail rayon DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X5 məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 01 radələrində Səbail rayonunda yerləşən “Bir Haİİ” restoranının qarşısında ayıq sürücü gözləyən zaman **-YP-*** dövlət nömrə nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşı ona yaxınlaşmış, içkili halda avtomobili idarə etdiyini bildirmişdir. İçkili olsa da, avtomobili idarə etmədiyini, ayıq sürücü gözlədiyini inspektora söyləmişdir. Belə ki, *5050 şirkətindən iki ayıq sürücü sifariş verilmiş, sürücünün bir daha tez gəlmiş və dostunun avtomobilini aparmış, ona təyin edilən sürücü (telefon: 070 838-84-02) gec gəlmiş, sürücünü gözləyərkən **-NN-*** dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobilindən siqaret götürmək üçün əyləşib qapını açıb düşdüyündə yol patrul xidməti əməkdaşının kamera görüntüsündə avtomobildən düşməsi görünmüşdür. Halbuki şəhərin mərkəzində yerləşən Təhlükəsiz Şəhər kameralarına baxanda avtomobilin hərəkət etməsi kimi bir sübut yoxdur və ola da bilməz. Çünki, avtomobil həmin restoranın qarşısında dayanmışdır. Yol patrul xidməti əməkdaşı ilə mübahisə yaranmış və bu zaman təyin edilən ayıq sürücü də yaxınlaşmış və ona ödəniş də edilmişdir. Sonra ünvana onun guya tabesizlik etdiyi görüntüsü yaratmaq üçün post patrul xidməti əməkdaşları dəvət edilmişdir. Sonra ondan heç bir sənəd alınmadan avtomobili duracağa yerləşdirilmiş və ona xx.xx.2024-cü il tarixdə Səbail rayon DYPŞ-yə yaxınlaşması bildirilmişdir. Həmin tarixdə orada olarkən sənədlərini məhkəməyə göndərmələrini və avtomobilinin qaytarılmasını tələb etdikdə avtomobilini qaytarmaqdan imtina edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli İXM-in 329.1-ci və 333.1-cü maddələri ilə protokol tərtib edildiyini və həmin protokolun elektron sistemə xx.xx.2024-cü ildə yükləndiyini görmüşdür. Səbail rayon DYPŞ əməkdaşları onu qanunsuz və əsassız inzibati məsuliyyətə cəlb etməklə özbaşınalıq etmiş və vəzifə səaliyyətlərindən sui-istifadə edərək onu böyük məhrumiyyətlərə düçar etmişlər. Daha sonra həmin qanunsuz protokol əsasında Səbail rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarı xx.xx.2024-cü il tarixdə Səbail rayon DYPŞ-dən götürmüşdür. Qərardan verdiyi şikayət Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmiş, Səbail rayon X10 Şöbəsinin 07 may 2024-cü il tarixli TP6486815 saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş və yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon X10 Şöbəsinə göndərilmişdir. Lakin, Səbail rayon X10 Şöbəsi yenidən özbaşınalıq edərək əvvəlki protokol əsasında yenidən xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar qəbul edərək onu İXM-in 329.1-ci və 333.1-ci maddəsi ilə 400 manat cərimə etmişdir. Məhkəmə əvvəlki qərarı ləğv etdiyi halda Səbail DYPŞ yeni qəbul etdiyi qərarda heç bir əsaslandırma aparmamış və yenidən şablon qərar qəbul etmiş, qanunları kənara qoyaraq öz şəxsi maraqları və prinsipləri naminə növbəti dəfə qanunsuz qərar qəbul etmişdir. Heç bir qayda pozuntusuna yol vermədiyini nəzərə alıb, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X2 bildiriş göndərilsə də, məhkəmə iclaslarına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail rayon DYPŞ-in yol patrul xidməti inspektoru polis baş serjantı X6 bildirmişdir ki, 05 may 2024-cü ildə gecə saatlarında xidmət aparmışdır. Səbail rayonu Neftçi Qurban küçəsi ilə hərəkət edərkən **-NN-*** dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobilinin sürücüsünün patrul avtomobilini görən kimi dərhal avtomobili dayandırdığını, həm də sürücünün təhlikəsizlik kəmərindən istifadə etmədiyini vizual olaraq görüb ona yaxınlaşmışdır. Həmin avtomobili idarə edən şəxs X5 olmuşdur. Samir Hüseynovun içkili olması hiss olunduğundan o, sərxoşluq yoxlamasından keçirilmiş, nəticədə qəbul etdiyi alkoqolun miqdarı 1.4 promil olmuşdur. Buna görə onun nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək barədə protokol tərtib olunmuş, avtomobil duracağa təmin edilmişdir. X1 barəsində isə Azərbaycan Respublikası İXM-in 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib etmişdir. Samir Hüseynov içkili halda **-NN-*** dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobili idarə etmədiyini bildirsə də, bu doğru deyil, onun həmin avtomobili sərxoş halda idarə etməsi patrul avtomobilində olan kamera vasitəsilə qeydə alınmışdır. Göstərilənləri nəzərə alıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, sürücü X5 həmin tarixdə sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 1.426 promil olmuşdur. Sabail rayon DYPŞ-in yol patrul xidməti inspektoru polis baş serjantı X4 tərtib etdiyi İXP seriyalı ******* nömrəli 05 may 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, **-NN-*** dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobilinin sürücüsü X5 barəsində Azərbaycan Respublikası İXM-in 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Səbail rayon DYPŞ-in rəisi polis mayoru X3 qəbul etdiyi TP seriyalı ******* nömrəli 13 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir ondan ötrü ki, 05 may 2024-cü ildə gecə saatlarında Səbail rayonu Neftçi Qurban küçəsində **-NN-*** dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobili təhlükəsizlik kəmərini bağlamadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İşin hallarının tam və hərtərəfli araşdırılması üçün Səbail rayon DYPŞ-yə sorğu verilmiş, sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutlar tələb edilmişdir. Səbail rayon X10 Şöbəsindən məhkəməyə təqdim edilmiş videofayldan görünür ki, X5 xx.xx.2024-cü ildə gecə saatlarında Səbail rayonu Neftçi Qurban küçəsində **-NN-*** dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobilin sükanı arxasındadır, üzbəüz gələn yol patrul xidməti avtomobilini görüb sükanı arxasında olduğu nəqliyyat vasitəsinin idarə edilməsini dayandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, 05 may 2024-cü ildə gecə saatlarında **-NN-*** dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobili Səbail rayonu Neftçi Qurban küçəsi ilə idarə edən Samir Hüseynovun sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduğundan onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilmiş, bundan sonra onun nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək barədə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, X5 “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə sürücülərin üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarına əlavə edilmiş alkotesterin nəticəsi, Səbail rayon X10 Şöbəsindən məhkəməyə təqdim edilmiş videofayldakı görüntülərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X2 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayətedici olmuşdur. Odur ki, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayon DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Bakı şəhəri Səbail rayon DYPŞ-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4969/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4969/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver