Məhkəmə qərarları › İş №3(001)-4970/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4970/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4970/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsiştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala, Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs narkotik vasitədən istifadə etdiyinə görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə, MN №0772196 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs narkotik vasitədən istifadə etdiyi aşkar olunmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saat 18:00 radələrində bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim etməkdə çətinlik çəkmişdir. Onu 43-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində həmin şəxsin Şəxs oluğu məlum olmuşdur. Şəxs narkoloji testdən keçirilmiş və narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş raportdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə axşam saat 18:00 radələrində bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim etməkdə çətinlik çəkmişdir. Onu 43-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində həmin şəxsin Şəxs oluğu məlum olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2020ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən Şəxs sidiyində narkotik vasitə aşkar olunmuş və həmin tarixdə bu barədə 857 saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN №0772196 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZA №000568 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyəti, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək imkanlarının tükənmədiyini nəzərə alaraq Şəxs tənbehin, inzibati cərimə növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar