Məhkəmə qərarları › İş №3(001)-4970/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4970/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4970/2025 23.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 mart 2025-ci il tarixdə mobil nömrəsinə cərimə ilə bağlı “sms” gəlmişdir. Bununla bağlı ətraflı məlumat əldə etmək üçün “sms radar” tətbiqinə daxil olmuş və məlum olmuşdur ki, 24 mart 2025-ci il tarixdə saat 22:21-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, E.Əhmədov küçəsində “Hyundai Accent” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı. avtomobil ilə svetoforla nizamlanan yolayrıcında digər avtomobillərin sırasında hərəkətdə olarkən guya İXM-nin 327.2-ci (yolayrıcını keçmə qaydasının pozulması) maddəsini pozduğuna görə 3 bal və 100 manat cərimə edilməyi barədə elektron qərar çıxarılmışdır. Sistemə əlavə edilmiş fotoşəkillərdən görünür ki, svetoforla nizamlanan yolayrıcında digər avtomobillərlə birgə sıx hərəkətdə olmuş və İXM-nin 327.2-ci maddəsini (yolayrıcını keçmə qaydasını) pozmamışdır. Ümumiyyətlə hansı əsasla barəsində İXM-nin 327.2 (yolayrıcını keçmə qaydasının pozulması) maddəsi ilə cərimə edilməyi məlum deyil və bunun daha çox texniki xəta (səhv) kimi qəbul edilməsi məqsədəmüvafiqdir. Araşdırmalar göstərir ki, kütləvi informasiya vasitələrində, internet resurslarında, sosial şəbəkələrdə və televiziya kanallarında radar və kameralar vasitəsi ilə çəkilmiş xətaların xeyli hissəsi texniki səhvlər nəticəsində qeydə alınması təsdiq edilir və bununla bağlı çoxsaylı nümunələr vardır. Bundan başqa şikayət edilən elektron qərarı sübhə altına salan məqamlardan biri onun nömrəsiz olması., yəni elektron protokol olmadan birbaşa sistemə yerləşdirilməsi, digəri isə ondan ibarətdir ki, iddia edilən “xəta” ilə bağlı fotoşəkillər günün işıqlı vaxtı, saatı məlum olmadan çəkilmiş, elektron qərar isə saat 22:21-də sistemə yerləşdirilmişdir. Hesab edir ki, İXM-nin 327.2-ci maddəsi ilə barəsində sübutsuz, şübhəli, əsassız və qanunsuz 24 mart 2025-ci il tarixli nömrəsiz elektron qərar çıxarılmışdır. Ona görə də həmin elektron qərarı əldə edib qanunsuzluğu aradan qaldırmaq üçün məhkəməyə şikayətlə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2223/2025 saylı, 23 aprel 2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək BDYPİ-nin 24 mart 2025-ci il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş, İXM-nin 327.2-ci maddəsi ilə xəta sübut edilmədiyindən və yuxarıda qeyd edilən digər şübhəli məqamlarla bağlı araşdırma aparılıb onların aradan qaldırılması əsasları ilə iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. BDYPİ tərəfindən 2 aya yaxın vaxtda inzibati işə yenidən baxılaraq heç bir araşdırma aparılmadan və sübut təqdim edilmədən, şikayətdə və ilk dəfə qəbul edilmiş məhkəmə qərarında qeyd edilən şübhəli məqamları aradan qaldırmadan barəsində yenidən İXM-nin 327.2-ci maddəsi ilə 07 iyul 2025-ci il tarixli, EQ/26884478 saylı qərar çıxarılmışdır. O, həmin qərarı əldə edib hazırkı şikayətlə yenidən məhkəməyə müraciət etməli olmuşdur. BDYPİ tərəfindən inzibati işə yenidən baxılsa da, məhkəmənin qərarında qeyd etdiyi məsələlərə əhəmiyyət verilməmiş, qanunvericiliyin tələblərinə əməl edilməyərək, “xəta” ilə bağlı yeni mötəbər və təkzibedilməz sübut təqdim etməməklə növbəti dəfə əsassız, şübhəli və sübutsuz elektron qərar çıxarılmışdır. Ona görə də barəsində çıxarılmış qeyd edilən elektron qərar qanuni və əsaslı sayıla bilməz. Belə ki, barəsində protokol tərtib edilmiş və qərar çıxarılmış şəxs sübut etməli deyildir ki, inzibati xəta törətməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol və qərar tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bundan başqa BDYPİ tərəfindən haqqımda inzibati icraatın aparılması və elektron qərarın tərtib edilməsi zamanı İXM-nin tələbləri də pozulmuşdur. Xüsusi texniki vasitənin məlumatları hazırkı elektron qərarda göstərilməmiş, elektron qərar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib edilməmiş, informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmiş, xüsusi texniki vasitələrin məlumatlar elektron qərara əlavə edilməmişdir. Göründüyü kimi BDYPİ tərəfindən inzibati icraat zamanı bu kimi kobud Qanun pozuntularına yol verilmişdir. Nəzərə alsaq ki, artıq bundan öncə bu iş üzrə elektron qərar məhkəmə tərəfindən ləğv edilib araşdırmaya göndərilsə də. hazırda da xətanın törədilməsi sübut edilmədiyindən, eyni zamanda guya “xəta” törədildiyi vaxtla fotoşəkil arasında olan ziddiyyət aradan qaldırılmadığından bu dəfə təkrar çıxarılmış 07 iyul 2025-ci il tarixli, EQ/ 26884478 saylı elektron qərar İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından ləğv edilməli, barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Odur ki, BDYPİ tərəfindən barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş 07 iyul 2025-ci il tarixli, EQ/26884478 saylı elektron qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə mobil telefonuna barəsində elektron qərar əsasında cərimə olunması barədə məlumat daxil olmuşdur. O, həmin qərara baxdıqda qərarın nömrəsiz olduğunu görmüşdür. Onun barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə tətbiq olunmuşdur. Elektron qərara da əlavə edilmiş fotoşəkildən görünür ki, yolda sıxlıq tıxac yaranmışdır. Lakin həmin vaxt o, avtomobillə hərəkətdə olmuşdur. O, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd edilən qayda pozuntusunu törətməmişdir. Şəkildən də görünür ki, avtomobilinin “stop” işığı yanmır, sıxlıqda hərəkətini davam etdirir. O, yolayrıcını svetoforun qadağan edici işığında keçməmişdir. Bundan əlavə elektron qərarda xətanın törədilmə vaxtı kimi saat 22:21 göstərilmiş, lakin fotoşəkillər gündüz vaxtı qeydə alınmışdır. BDYPİ tərəfindən barəsində qəbul edilmiş qərardan məhkəməyə şikayət vermiş, həmin qərar məhkəmə tərəfindən ləğv edildikdən sonra yenidən araşdırma üçün BDYPİ-yə göndərilmişdir. Lakin heç bir araşdırma aparılmadan yenidən həmin qərar sistemə vurulmuşdur. Elektron qərarın qəbul edilməsi zamanı texniki səhv olmuşdur. O, heç bir qayda pozuntusu etməmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-2223/2025 nömrəli qərarından görünür ki, X1 barəsində Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2025-ci il tarixli, EQ 26884478 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayəti qismən təmin edilsin, həmin qərar ləğv edilərək iş yenidən baxılması üçün Baş X5 İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan və qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 22:21-də idarə etdiyi “X4” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Binəqədi rayonu, E.Əhmədov küçəsində yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin 6-cı bəndinin 25-ci hissəsinə əsasən “1.25” üfüqi nişanlanma xətti yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “X4” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, E.Əhmədov küçəsində hərəkətdə olarkən yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranmasına baxmayaraq “1.25” nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olmuş, bununla da yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26884478 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar