Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4971/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X8 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X8 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X8 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsilə 5000 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya o, vəzifəli şəxs olaraq xx.xx.2024-cü ildə ünvan 1 ünvanda yerləşən “F Studio” adlı obyektdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji) məşğul olmuşdur. Bir neçə səbəbə görə hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, o vəzifəli şəxs deyil, lakin inzibati məsuliyyətə vəzifəli şəxs olaraq cəlb olunmuşdur. Bundan başqa kosmetoloji fəaliyyət tibbi xidmət deyil, qanunda inzibati məsuliyyət tibbi xidmətə görə nəzərdə tutulmuşdur. Bundan əlavə Səhiyyə Nazirliyinə ondan heç kim sikayət etməmişdir. Belə olan halda yoxlamanın keçirilməsi səbəbi qanunsuzdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X8 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********** nömrəli VÖEN ona aiddir, tibbi fəaliyyətlə məşğul olmadığı üçün lisenziya almamışdır, şikayətin fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi hissəsini müdafiə etmir, belə ki, şikayət hüquq fəaliyyətilə məşğul olan şəxs tərəfindən tərtib edilmiş və məzmununu oxumadan onu imzalamışdır, halbuki inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini istəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X7 təkrarən bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X8 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X8 plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-28-1/3-2-923/2024 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ünvan 1 ünvanda yerləşən “F Studio” adlı obyektdə xx.xx.2024 – xx.xx.2024 tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 tərəfindən plandankənar yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-28-1/3-2- 923/2024 saylı Qərar əsasında ünvan 1 ünvanda yerləşən “F Studio” adlı obyektdə aparılacaq plandankənar yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Plandankənar yoxlamanın təyin edilməsi üçün əsas - insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayılması olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X8 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 210.1-ci maddəsilə 5000 manat cərimə edilmişdir ondan ötrü ki, vəzifəli şəxs olaraq xx.xx.2024-cü ildə ünvan 1 ünvanda yerləşən “F Studio” adlı obyektdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji) məşğul olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-ci bəndinə görə plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 16.1-ci maddəsinə görə bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. 16.4-cü bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. 16.7-ci bəndinə görə bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Göründüyü kimi qanunverici insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində belə məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılmasını nəzərdə tutsa da, bunu müəyyən şərt daxilində mümkün hesab etmişdir. Həmin şərt isə sözügedən qanunun 16.1.3-cü bəndində təsbit edilmiş insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətləri və ya kütləvi informasiya vasitələrində yayılan konkret məlumatlardır. Şikayət verən F.Cabbarova məhkəmədə bildirmişdir ki, onun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X7 hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciət edilməmiş, kütləvi informasiya vasitələrində yayılmış konkret məlumatlar olmamışdır. Şikayət verən F.Cabbarovanın müdafiəsi üçün gətirdiyi dəlilin yoxlanılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X7 xx.xx.2024-cü il tarixli sorğu ilə müraciət edilərək, xx.xx.2024-cü il tarixli 3-28-1/3-2-923/2024 saylı Qərar əsasında ünvan 1 ünvanda yerləşən “F Studio” adlı obyektdə yoxlamanın təyin edilməsi üçün əsas kimi çıxış etmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində göstərilmiş halların baş verməsini təsdiq edən sübutun məhkəməyə təqdim edilməsi istənilsə də, həmin sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 müdafiəsi üçün gətirdiyi dəlil əsaslıdır və o, tibbi fəaliyyət növü hesab olunan kosmetoloji fəaliyyətlə lisenziya olmadan məşğul olmaqla qanun pozuntusuna yol versə də, yoxlama qanunun tələblərinin pozulması ilə aparıldığından həmin yoxlamanın hüquqi nəticəsi yoxdur, bu cür yoxlamanın gedişində aşkar edilmiş qanun pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X2 lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji) məşğul olmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X8 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X5» X8 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4971/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4971/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver