Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4972/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru X4, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayonu, Bəcirəvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru X11 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə icraatına Zərərçəkmiş şəxs şikayət ərizəsi və eyni zamanda çevik polis alayının əməkdaşları tərəfindən tərtib olunmuş raport daxil olmuşdur. Ərizəyə və raporta əsasən Naxçıvani küçəsində yerləşən təmir tikinti sexində şirkət tərəfindən söküntü işləri aparılarkən Şəxs həmin vaxtı söküntü işlərinə mane olmuşdur. Orada işçiləri təhqir etmişdir. Bu zaman hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qarşı aqressiv hərəkətlər edərək, qanunun tələblərinə tabezislik göstərmişdir. Bu səbəbdən həmin şəxs çevik polis əməkdaşları tərəfindən bölməyə təmin olunmuş, bölmədə şəxs barəsində İXMnin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hadisənin video-görüntüsü yoxdur, eyni zamanda hadisənin şahidi olmuş hər hansı şəxsin izahatı alınmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs verdiyi izahatında bildirmişdir ki, qeyd edilən yerdə o, heç nəyə müdaxilə etməmiş, polis əməkdaşlarına da müqavimət göstərməmişdir. Həmin ərazidə o, 15 ildir avtomobillərə texniki xidmət və avto ehtiyyat hissələrinin satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həmin ərazidə o əlavə 10 təmir sexi də inşa etmişdir. Lakin adını belə bilmədiyi bir şirkət orda tikinti işlərinin aparılması üçün söküntü aparmağa çalışmış, bununla bağlı traktor gətirərək qapıları bağlı olan təmir sexlərini dağıtmağa başlamışlar. Lakin onlara söküntü aparılması ilə bağlı hər hansı qərar, sənəd təqdim etməmişlər. Onun bacısı oğlu və qardaşı oğlu həmin vaxt xəsarət almışdır. Özü həmin yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və orada 15-20 nəfər işçi işləyir. Söküntü aparan şirkət onlara heç bir rəsmi sənəd təqdim etmədən, ona məxsus olan təmir sexlərinə görə heç bir kompensasiya vermədən söküntü işləri aparmaq istəmişlər. Həmin şirkətin nümayəndələrinə qeyd edilən əraz ilə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirsə də, buna heç bir əhəmiyyət vermədən söküntü işlərini aparmağa çalışmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, vergi ödəyicisi kimi qeydiyyatdadır, 27 avqust 2024-cü il tarixdə onu bölməyə apardıqdan sonra, oranı tam söküb, dağıdaraq onun bütün mallarını küçəyə atmışlar. Həmin yerin bir hissəsini 7-8 il bundan əvvəl Çiçək adlı şəxsdən müqavilə əsasında icarəyə götürmüş, bir hissəsini isə özü tikmişdir. Onun tərəfindən polis əməkdaşlarına heç bir müqavimət göstərilməmiş, həmçinin tərəfindən heç bir nalayiq ifadə işlədilməmişdir, qanunsuz söküntü aparıldığı üçün telefonla video çəkiliş aparmışdır, həmin videoda da görünür ki, o, bütün polis əməkdaşlarının onun qardaşı olduğunu söyləmişdir. Zərərçəkmiş şəxsin izahatından sonra verilmiş suala cavab olaraq bildirmişdir ki, ona heç bir sənəd göstərilməmiş, həmin yerlə bağlı hal-hazırda məhkəmədə mübahisə olduğunu şirkətin nümayəndələrinə bildirmişdir. Həmin yerdə hazırda 16 sex mövcuddur, 6 sex əvvəlcədən mövcud olmuş, 10 sex sonradan onun tərəfindən inşa edilmişdir. Həmin sexlərdə 200000 manatdan artıq dəyərdə avtomobil ehtiyyat hissələri mövcuddur. Söküntü zamanı şirkət tərəfindən həmin ərazinin satın alınması yaxud orada söküntü aparılmasına icazə verilməsi ilə bağlı ona heç bir sənəd təqdim edilməmişdir. Bütün bunları video ilə qeydə aldıqlarını, həmin video-görüntüləri məhkəməyə təqdim edərək, qeyd edilən videoda polislərin onun qardaşı olduğunu qeyd deməsinin əks olunduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı X3 izahatından sonra isə bildirmişdir ki, şahid qismində iştirak edən polis əməkdaşı X5 dünən hadisə yerində görməmiş, həmin ərazidə xidmət edən polis əməkdaşlarınının çoxunu tanıyır. Onu polis bölməsinə Xəyyam adlı polis əməkdaşı aparmış, bölməyə aparılarkən də qardaşı oğlunun xəsarət alması ilə bağlı izahat vermək üçün dəvət edildiyini bildirmişlər və o heç bir polis əməkdaşına hər hansı bir müqavimət göstərməmiş, heç kimin ünvanına nalayiq ifadələr işlətməmiş, izahat vermək üçün polis bölməsinə dəvət edilmiş o da Xəyyam adlı polis əməkdaşı ilə birlikdə bölməyə getmişdir. Lakin orda onun barəsində heç bir əsas olamadan onun xuliqanlıq etməsi və tabesizlik göstərməsi barədə barəsində protokol tərtib edilmişdir. Hazırda şahid qismində izahat vermiş Vüsal Tağızadə adlı polis işçisini isə birinci dəfə burda məhkəməyə gətirilərkən görmüşdür. Qeyd edilənləri nəzərə alaraq barəsində aparılan icraata xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, "xxxx" MTK-nın baş mühəndisi vəzifəsində işləyir. MTK tərəfindən söküntü işləri aparılan vaxtı Şəxs onlara maneçilik yaratmışdır. Söküntü işləri apardıqları ərazi onlara məxsusdur, söküntü aparılması ilə bağlı rəsmi sənədləri olsa da, həmin sənədi hazırda məhkəməyə təqdim edə bilmir. Qeyd edilən ərazi “Çiçək” adlı şəxsdən qanuni şəkildə alınmış, belə ki, 2 hektara yaxın ərazi onlara icarəyə verilmiş, oradakı mülklər isə alqı-satqı yolu ilə əldə edilmişdir. “Çiçək” adlı şəxs ilə tikililəri müqavilə ilə satın almışlar, torpağın isə özəlləşdirilməsi həyata keçirilməmişdir. Verilmiş suallara cavab olaraq “Çiçək” adlı şəxslə alqı-satqı etdiklərini, Xəyyamın isə oranı “Çiçək” adlı şəxsdən icarəyə götürüb işlətdiyini, “Çiçək” adlı şəxslə şirkət arasında alqı-satqı müqaviləsinin olduğunu, amma halhazırda həmin müqaviləni təqdim edə bilmədiyini bildirmişdir. Şəxs tərəfindən MTK-nın işçilərinin bəzilərinə nalayiq ifadələr işlədilmişdir, lakin Şəxs onu şəxsən təhqir etməmişdir. Söküntü aparılan ərazi ümumilikdə 486 m2 təşkil edir, həmin ərazinin bütün hissəsi alqısatqı yolu ilə şirkət tərəfindən alınmışdır. Hansı nalayiq ifadələr işlətməsi barədə verilmiş suala isə hazırda Şəxs işlətdiyi ifadələri xatırlamadığını, lakin onun işlətdiyi ifadələrin nalayiq ifadələr olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid Daxili İşlər Nazirliyi X15 alayının Patrul bölüyü polis nəfəri, polis baş serijantı X10 izahatında bildirmişdir ki, günorta radələrində Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsinin çağırışı ilə hadisə yerinə getmişlər. Orada söküntü işlərinin getdiyini görmüşlər, onlar vətəndaşların söküntü yerinə yaxınlaşmasınlar deyə asayişi qorumuşlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, söküntünü aparan şəxslərin həmin söküntü aparmağa səlahiyyətinin olub-olmamasını dəqiqləşdirməmişlər. Onlar növbətçi hissənin göstərişi ilə tikinti şirkəti tərəfindən söküntünün aparılmasına kömək etmək məqsədi ilə həmin əraziyə getmişlər. Orada bəzi yerlər həqiqətən sökülürdü, Şəxs isə həmin yerdə olan sexin bağlı qapısını açmayaraq tikinti şirkətinə maneəçilik edirdi. Onlar Xəyyamdan şirkət tərəfindən söküntü işlərinin aparılmasına mane olmamasını tələb etmişlər. Lakin sonuncu söküntü işlərinin həyata keçirilməsinə imkan verməyərək tabesizlik göstərdiyi üçün polis bölməsinə aparılmışdır. Xəyyamın nalayiq ifadə işlətməsi ilə bağlı ona verilmiş suala cavab olaraq bildirmişdir ki, söküntü aparan şəxslərə qarşı Xəyyam tərəfindən nalayiq ifadə işlədilsə də, o, dəqiq nə ifadə işlədilməsindən məlumatlı deyildir. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, o, hadisə baş vermiş ərazidə qonşu obyekti işlədir. Şirkət tərəfindən söküntü aparılarkən o da həmin yerdə olmuş, oradakı bir neçə obyekt Xəyyama məxsusdur, Xəyyam söküntünü aparmaq istəyən şirkət nümayəndələrinə qeyd edilən yerlə bağlı davam edən məhkəmə mübahisəsinin olduğunu bildirmişdir. Buna baxmayaraq, tikinti şirkəti Xəyyamın sözünə məhəl qoymaraq ərazidə söküntü işlərini aparmağa başlamış, söküntü başlayan zaman Xəyyamın bacısı oğlu da orada olmuş, söküntü işləri üçün ayrılmış traktor hərəkət edərək Xəyyamın bacısı oğluna xəsarət yetirmişdir. Traktorun qəsdən Xəyyamən bacısı oğlu X7 xəsarət yetirmiş, Farizi özü şəxsən xəstəxanaya aparmış, hal-hazırda da o xəstəxanadadır. Verilmiş suallara cavab olaraq söküntü aparılan vaxtı əvvəldən axıra qədər orda olduğunu, Xəyyamın orda hər hansı bir nəlayiq ifadə işlətmədiyini, daha sonra isə Xəyyamın bacısı oğlunu xəstəxanaya apardığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 çıxışında bildirmişdirki, hüquqlarını müdafiə etdiyi şəxslə bağlı məlum hadisə sözügedən mübahisəli obyektdən qaynaqlanan bir məsələdir. Şəxs əməlində AR İXM-nin 510 və 535.1-ci maddələrinin heç birinin tərkib əlamətləri mövcud deyildir. Bunlarla yanaşı tikinti şirkəti qanunsuz olaraq Şəxs məxsus əmlakları bərbad bir vəziyyətə salmış, bir sahibkar kimi sonuncunun fəaliyyətini ağır sual altında qoymuşdur, belə ki, hal-hazırda Şəxs məxsus əmlaklar dağıntılar altındadır. Qeyd olunmalıdır ki, hüquqlarını müdafiə etdiyi şəxs bacısı oğlunun xəsarət alması ilə bağlı izahat vermək bəhanəsi ilə bağlı polis bölməsinə dəvət edilmiş, bundan sonra isə heç bir səbəb olmadan sonuncu barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli AZA 019099 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:42-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:30-da azad edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmış, **********-100001 saylı “600 Avto Ehtiyyat hissələrinin satışı və cari xidmət” adlı təsərrüfat sübyekti qeydiyyata götülümüşdür və həmin təsərrüfat sübyektinin vəziyyəti aktivdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edilir ki, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən “Baş Mexanika” sahəsinin bir hissəsi, yəni obyektin 6 blokdan ibarət hissəsinə giriş-çıxışın bağlanmasına dair X8 tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. Hadisə zamanı qeydə alınmış videogörüntünü əks etdirin diskə baxış zamanı müəyyən edilmişdir ki, ərazidə söküntü işləri aparılır. Bir nəfər qara geyimli şəxs yerdə uzanaqlı vəziyyətdədir. Ətrafda gedən danışıqlardan müəyyən edilir ki, həmin yerdə uzanaqlı olan şəxs traktorun apardığı söküntü işlərindən xəsarət almışdır. Toplanmış şəxslər ona təcili tibbi yardım çağırılmasını tələb edirlər. Videoçəkiliş zamanı “bizim polislə işimiz yoxdur, bizi qıran başqalarıdır” məzmununda ifadə işlədilir. Tədqiq edilmiş video-görüntüdə Şəxs tərəfindən polisin qanuni tələbinə tabe olmama faktı müəyyən edilmir, həmçinin sonuncu tərəfindən xırda xuliqanlıq inzibati xətasının da törədilməsi öz təsdiqini tapmır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin və şahidlərin, məhkəməyə təqdim edilmiş videogörüntü və məhkəmə aktı tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs fiziki şəxs kimi vergi ödəyicisi olmaqla Binəqədi Rayonu, Ə.Naxçıvani küçəsində yerləşən avtomobil təmir sexində sahibkarlıqla fəaliyyəti ilə məşğul olur. Həmin ərazidə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs baş mühəndis vəzifəsində işlədiyi "xxxx" MTK tərəfindən söküntü işləri aparılır. Həmin söküntü işlərinin aparılmasına dair Şəxs hər hansı bir sənəd təqdim edilmədiyindən, həmçinin sonuncu ilə X8 arasında həmin ərazi ilə bağlı davam edən məhkəmə mübahisəsi olduğundan Şəxs normal olaraq mülkiyyət hüququnu müdafiəsi məqsədi ilə aparılan söküntü işlərinə etiraz etmişdir. Şəxs qanunla qorunan mülkiyyət hüquqları pozulduğu, yəni onun mülkiyyətində olan təmir sexi şirkət tərəfindən traktor vasitəsilə söküntüyə məruz qaldığı üçün söküntü işlərini həyata keçirən şəxslərə iradlarını bildirdiyi və söküntüyə etiraz etdiyi üçün söküntü işlərini həyata keçirən şirkət tərəfindən əraziyə polis əməkdaşları dəvət edilmişdir. Məhkəmə Şəxs tərəfindən törədilməsi ehtimal edilən İXM-in 510 və 535.1-ci maddələrinin hər birini ayrı-ayrılıqda təhlil etməyi və sonuncunun əməlində qeyd olunan maddələrin tərkib əlamətlərinin mövcud olub-olmamasını araşdırmağı zəruri hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Qeyd olunmalıdır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Toplanmış inzibati xəta haqqında iş üzrə materialda Şəxs inzibati xəta törətməsini təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Belə ki, məhkəməyə təqdim edilmiş raportda Şəxs özünü aqressiv aparması, söküntü işini aparan şəxsləri təhqir etməsi, daha sonru isə həmin şəxsin onu intizamlı olmağa dəvət edən polis əməkdaşları ilə mübahisə etməsi, polis əməkdaşlarının tələblərinə dəfələrlə məhəl qoymaması göstərilmişdir. Raportu imza etmiş polis əməkdaşlarından olan X10 məhkəmə iclasında şahid qismində dindirilmişdir, lakin sonuncunun ifadəsi ilə tərtib olunmuş raport arasında ziddiyyətli hallar olması aşkar edilmişdir. Belə ki, X10 məhkəmə iclasında verdiyi izahatında Şəxs söküntü işlərinin aparılmasına mane olduğunu və onların sonuncuya yönələn tələbinin söküntü işlərinə mane olmamaqdan ibarət olmasını bildirmişdir. Həmçinin o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nalayiq ifadə işlətməsini, lakin dəqiq hansı ifadəni işlətməyini xatırlamadığını bildirmişdir. Belə olan halda məhkəmə X10 tərəfindən verilmiş izahatın həqiqətə uyğun olmadığı qənaətinə gəlir, çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nalayiq ifadə işlətməyini bildirən şəxsin həmin ifadəni xatırlaması inandırıcı deyildir. Məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş izahat məhkəməyə təqdim edilmiş raportun müdafiəsi məqsədi ilə verilmişdir. Belə olan halda məhkəmə şahid X3 izahatını eyni zamanda onun tərəfindən imzalanmış raportu mötəbər sübut kimi qəbul etmir. Bundan başqa Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilib-törədilməməsinin müəyyən edilməsi baxımından digər şahid Zərərçəkmiş şəxs ifadəsinin də araşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, sonuncu tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-nin rəisinə ünvanlanmış və iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizəsində Şəxs söküntü işləri aparılan zaman onların işinə mane olduğunu, həmçinin onlar polis müraciət etdikdən sonra Şəxs polis əməkdaşlarına da qarşı kobud hərəkətlər edərək müqavimət göstərməsini qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında şahid qismində dindirilmiş və onun "xxxx" MTK-da baş mühəndis vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında polis bölməsində yazmış olduğu ərizənin tam əksinə Şəxs polis əməkdaşlarına qarşı hər hansı bir tabesizlik göstərməsi ilə bağlı hər hansı bir ifadə işlətməmişdir. Həmçinin özünün şəxsən təhqir olunmadığını, lakin şirkət digər işçilərinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təhqir olunduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MTK həmin ərazidə olan obyektlərin sökülməsində maraqlıdır və Zərərçəkmiş şəxs da həmin söküntü işlərinin aparılmasında maraqlı olan şirkətin nümayəndəsidir. Şəxs həmin ərazidə sahibkar kimi fəaliyyət göstərdiyindən ərazidə söküntü işlərinin aparılmasında maraqlı deyildir, bu səbəbdən Şəxs ilə "xxxx" MTK-nın maraqlı üst-üstə düşmür. Belə olan halda "xxxx" MTK Şəxs inzibati məsuliyyətə cəlb edilməsində maraqlıdır. Odur ki, həmin şirkətdə baş mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs da izahatı Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə verilmişdir. Bunun da məntiqi nəticəsidir ki, Zərərçəkmiş şəxs izahatında Şəxs sözügedən MTK-da çalışan hansı işçinin ünvanına, hansı məzmunda nalayiq ifadələr işlətməsini konkret olaraq bildirə bilməmiş, sadəcə ümumi ifadələrə istinad edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onların işçilərini təhqir etməsini söyləmişdir. Odur ki, məhkəmə Zərərçəkmiş şəxs maraqlı şirkətdə çalışmasını, həmçinin sonuncunun vermiş olduğu izahatda Şəxs konkret olaraq inzibati xətanı törətməsini təsdiq edən ifadələrin mövcud olmadığını nəzərə alaraq Zərərçəkmiş şəxs izahatını mötəbər sübut kimi qəbul etmir. Göründüyü kimi Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə olaraq tərtib edilmiş protokola və inzibati materiala belə bir sübut əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı tərəflərin və şahidlərin izahatları ilə də onun bu hərəkətləri törətməsi sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə Şəxs söküntü həyata keçirən şəxslərə qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı deyilmiş ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, bununla bağlı verilmiş ifadələr həqiqi olmamaqla, Şəxs şəxslərə qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı verilmiş izahatlar sırf onun məsuliyyətə cəlb edilməsi məqsədilə ilə verilmişdir. Belə ki, polis əməkdaşına və digər şahidə konkret olaraq Şəxs hansı nalayiq ifadə işlətməsi ilə bağlı verilmiş suala onun nə ifadə işlətməsini bilmədiklərini qeyd etmişlər. Həmçinin məhkəmə qeyd edir ki, Binəqədi Rayonu, Ə.Naxçıvani küçəsində yerləşən avtomobil təmir sexinin yerləşdiyi ərazidə həyata keçirilmiş söküntü ilə bağlı rəsmi sənədin mövcud olması müəyyən edilmir, söküntü həyata keçirilən yerin qanuni əsaslarla kimə məxsus olması müəyyən edilmədiyi üçün qeyd edilən məkanda mülkiyyət hüquqları olan Şəxs söküntüyə etiraz və irad bildirməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təhqir olunması bildirilən işçilər, bundan əlavə söküntü işlərinin aparılmasında maraqlı olmayan digər şahidlər müəyyən edilərək onların izahatı alınmamış, Şəxs xuliqanlıq və tabesizlik hərəkətləri törətməsini təsdiq edən hər hansı sübut (işdə marağı olmayan şəxslərin izahatları, videogörüntülər və sair) toplanmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs tərəfindən hər hansı bir işçinin təhqir olunması öz təsdiqini tapmamışdır. Bundan başqa sonuncuya məxsus olan mülkiyyətinin qanunsuz və özbaşına sökülməsinə etiraz və iradlarını bildirməsinə dair hərəkətləri isə ictimai qaydanı pozan hərəkətlər hesab edilə bilməz. Odur ki, Şəxs əməli xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı məhkəmə Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olub-olmamasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Məhkəmə qeyd edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs polis əməkdaşlarının hansı qanuni tələblərinə əməl etməməsi, onun tabesizliyinin nədə ifadə olunması göstərilməmiş, məhkəməyə bunları təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Şəxs isə həmin yerdə olan sexin bağlı qapısını açmayaraq tikinti şirkətinə maneəçilik edirdi Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı izahatında bildirmişdir ki, “Şəxs isə həmin yerdə olan sexin bağlı qapısını açmayaraq tikinti şirkətinə maneəçilik edirdi. Onlar Xəyyamdan şirkət tərəfindən söküntü işlərinin aparılmasına mane olmamasını tələb etmişlər. Lakin sonuncu söküntü işlərinin həyata keçirilməsinə imkan verməyərək tabesizlik göstərdiyi üçün polis bölməsinə aparılmışdır.” Məhkəməyə təqdim edilmiş raportda isə, Şəxs söküntüyə mane olması və işçiləri təhqir etməsi qeyd edilmiş, dəfələrlə intizamlı olmağa dəvət edilməsinə baxmayaraq sonuncu polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş, həmin səbəbdən Şəxs polis bölməsinə aparılmışdır. İstər şahid ifadəsində, istərsə də raportda Şəxs yönələn qanuni tələbin nədən ibarət olması, həmçinin sonuncunun həmin tələbə hansı şəkildə tabe olmaması konkret olaraq göstərilməmişdir. Buna baxmayaraq qeyd olunmalıdır ki, Şəxs orada çalışan işçiləri təhqir etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, bu səbəbdən polis əməkdaşları tərəfindən ondan nalayiq ifadələr işlətməmək barədə hər hansı bir tələbin edilməsi mümkünsüzdür. X3 məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yönələn tələb sonuncunun söküntü işlərinə mane olmamağı ilə bağlı olmuşdur. Lakin qeyd edilməlidir ki, söküntü işlərinin aparıldığı ərazidə sahibkar olaraq fəaliyyət göstərən, həmin ərazidə 10 sex inşa etmiş, həmin sexlərdə xeyli miqdarda sahibkarlıq fəaliyyəti ilə əlaqdar avto ehtiyyat hissələri olan şəxsin söküntü aparan şirkətdən söküntü barədə sənəd tələb etməsi onun hüququdur. Həmçinin Şəxs həmin əraziyə dair davam edən məhkəmə mübahisəsinin olduğunu bildirməsinə baxmayaraq şirkət söküntü işlərini davam etdirmişdir. Bundan sonra öz mülkiyyətini və hüquqlarını qorumaq məqsədi ilə Şəxs qapını açmayaraq söküntü işlərinə sivil şəkildə etiraz etməsi sonuncunun təbii hüququdur, şirkət hər hansı bir rəsmi sənəd təqdim etmədən söküntü işləri aparmaqla sahibkar Şəxs mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə söküntü işlərinin aparılmasına dair rəsmi sənədin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqdim edilməməsi barədə sonuncunun izahatını həqiqətəuyğun hesab edir, çünki həmin sənəd mövcud olsa idi, həmin sənədlər həm inzibati araşdırma zamanı, həmdə də məhkəmə baxışı zamanı təqdim edilərdi. X10 da məhkəmə iclasında verdiyi izahatında MTK-nın söküntü işlərini aparmaqda səlahiyyətli olub-olmaması barədə məlumatlı olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə “bizim polislə işimiz yoxdur, bizi qıran başqalarıdır” məzmununda ifadə işlədilməsi, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı iddiaları şübhə altına almışdır. Hər bir halda bu məzmunda ifadə işlətmiş şəxsin daha sonra polisə tabesizlik göstərməsi inandırıcı deyildir, bunun əksini təsdiq edən mötəbər sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi hazırki iş üzrə polis əməkdaşları tərəfindən vətəndaş Şəxs yönələn tələb (söküntü işlərinə mane olmamaq ilə bağlı) qanuni olmamışdır. Çünki ərazidə fəaliyyət göstərən sahibkar Şəxs mülkiyyət hüquqlarını müdafiə edərək söküntüyə dair rəsmi sənəd tələb etməsi və belə sənəd olmadıqda söküntüyə sivil şəkildə etiraz etməsi sonuncunun hüququdur. (Polis əməkdaşları tərəfindən maraqları müdafiə olunan söküntü işlərini həyata keçirən MTK-nın həmin söküntü işlərini həyata keçirməyə rəsmi icazəsi və ya hüuququ olmasını təsdiq edən sənədlər də məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən də polis əməkdaşlarının söküntüyə mane olmamaqla bağlı tələbi qanuni olmamış və polisin qanuni olmayan tələbinə tabe olmamağı nəzərdə tutan inzibati xəta tərkibi də qanunverici tərəfindən müəyyən edilməmişdir. Məhkəmə həmçinin polis əməkdaşlarının söküntü yerinə MTK tərəfindən bilavasitə dəvət edilməsi ilə bağlı məsələni xüsusilə vurğulayaraq qeyd edir ki, MTK tərəfindən həyata keçirilən söküntü işlərinin qanunuliyi araşdırılmamış, MTK tərəfindən söküntü işlərinə “don geyindirmək” və orada fəaliyyət göstərən sahibkarların haqlı etirazlarının qarşısının alınması üçün polis əməkdaşları hadisə yerinə dəvət edilmiş və Şəxs söküntü yerindən uzaqlaşdırmaqla onun məsuliyyətə cəlb edilməsinə və nəticədə söküntü işlərini başa çatdırmağa zəmin yaratmışlar. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4972/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4972/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver